![]()
Nazirlər Kabinetinin şəkərli diabet xəstələrinin dövlət təminatı ilə bağlı qəbul etdiyi yeni qərarındakı özünənəzarət vasitələri ilə bağlı dəyişikliklər xəstələrin gündəlik həyatına birbaşa təsir göstərəcək. Belə ki, qlükometrlərin üç ildən bir verilməsi, test-striplərin müalicə kateqoriyasına uyğun təmin olunması, insulin qələmləri üçün iynələrin illik sayının böyüklərdə 365, uşaqlarda isə 730 ədəd müəyyənləşdirilməsi pasiyentlərin müalicə ilə bağlı əlavə xərclərinin azaldılmasına xidmət edir. Diabetdə qanda şəkərin müntəzəm ölçülməsi müalicənin düzgün aparılması üçün vacibdir. Xəstə öz göstəricilərini izləmədikdə müalicənin effektivliyini qiymətləndirmək və təhlükəli dəyişiklikləri vaxtında aşkar etmək çətinləşir. Buna görə bu vasitələrin dövlət hesabına təminatının genişləndirilməsi dərman təminatı qədər vacibdir.
Bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-endokrinoloqu Aysel Cəfərova deyib.
O qeyd edib ki, yeni qaydaya əsasən, dərman preparatlarının və tibbi vasitələrin verilməsi endokrinoloji mərkəzlərin aptek bölmələri, eləcə də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən müəyyən olunan siyahıya daxil edilmiş dövlət tibb müəssisələrinin aptek məntəqələri vasitəsilə həyata keçiriləcək: “Yəni söhbət bütün özəl aptek şəbəkələrinin avtomatik şəkildə dövlət proqramına qoşulmasından getmir. Burada əsas məqsəd dərman və tibbi vasitələrin müəyyən edilmiş məntəqələrdən, vahid və daha sistemli mexanizm əsasında pasiyentlərə çatdırılmasıdır. Reseptlərin endokrinoloqun təyin etdiyi müalicə sxeminə uyğun olaraq ailə həkimi tərəfindən ayda bir dəfə elektron formada hazırlanması da bu sistemin mühüm hissəsidir. Bu, həm resept dövriyyəsinin şəffaflaşmasına, həm pasiyentin müalicə planına uyğun dərman almasına, həm də təminat prosesinə nəzarətin güclənməsinə imkan verə bilər. Əlbəttə, mexanizmin real faydası onun praktikada nə qədər əlçatan, çevik və fasiləsiz işləməsindən asılı olacaq. Tibbi müşahidə qaydalarının yenilənməsi də diqqətəlayiqdir. Yeni qaydalarda birinci tip diabet və insulin qəbul etməyən ikinci tip diabet xəstələri üçün endokrinoloq konsultasiyasının üç ayda bir, insulin qəbul edən ikinci tip diabet xəstələri üçün isə ayda bir dəfə keçirilməsi nəzərdə tutulur. Oftalmoloq və ümumi cərrah müayinələrinin illik tibbi yardım çərçivəsində nəzərə alınması da vacibdir. Çünki diabet yalnız qanda şəkərin yüksəlməsi ilə xarakterizə olunmur; uzun müddət davam etdikdə göz, böyrək, sinir sistemi, damarlar və ürək-damar sistemi ilə bağlı ağırlaşmalara səbəb ola bilər. Bu ağırlaşmaların erkən aşkarlanması və vaxtında müdaxilə xəstənin gələcək sağlamlığı üçün böyük əhəmiyyət daşıyır”.
Qərarın sosial əhəmiyyətini göstərən digər mühüm məqamın maliyyələşmənin artırılması olduğunu vurğulayan endokrinoloq bildirib ki, 2026-cı ildə bu istiqamətə 69 milyon manat ayrılıb, 2027-ci ildə isə vəsaitin 104 milyon manata çatdırılması nəzərdə tutulur: “Hazırda 270 mindən çox vətəndaş dövlətin bu təminatından faydalanır. Rəqəmlər göstərir ki, söhbət cəmiyyətin kifayət qədər böyük bir hissəsini əhatə edən sosial və tibbi proqramdan gedir. Təminatın genişləndirilməsi uzunmüddətli müalicəyə ehtiyacı olan xəstələrin və onların ailələrinin maddi yükünü azaltmaq baxımından da əhəmiyyətlidir. Ümumilikdə hesab edirəm ki, yeni qərarın əsas üstünlüyü şəkərli diabet xəstələrinə yalnız dərman alan pasiyent kimi deyil, davamlı tibbi nəzarətə və fərdi müalicə ehtiyaclarına malik insanlar kimi yanaşılmasıdır. Xüsusilə uşaqlar üçün insulin pompası və davamlı qlükoza monitorinqi sensorlarının nəzərdə tutulması, semaqlutid kimi müasir preparatın təminat imkanlarına daxil edilməsi, özünənəzarət vasitələrinin artırılması və elektron resept mexanizminin tətbiqi mühüm yeniliklərdir. Bu dəyişikliklər düzgün və fasiləsiz icra olunarsa, diabetli insanların həyat keyfiyyətinin yüksəlməsinə, müalicəyə əlçatanlığın artmasına, ağırlaşmaların qarşısının alınmasına və ailələrin maliyyə yükünün azalmasına real töhfə verə bilər. Əsas məqsədimiz yalnız qanda şəkərin göstəricisini normallaşdırmaq deyil, pasiyentin uzunmüddətli sağlamlığını qorumaq, ağırlaşmaların qarşısını almaq və ona daha keyfiyyətli, aktiv həyat imkanı yaratmaqdır”.
