26–27 noyabr tarixlərində “İdarəetmənin Anatomiyası” konsepti əsasında keçirilən Səhiyyə Menecmenti Forumu səhiyyə sektorunun qarşısında duran aktual və strateji əhəmiyyətli məsələlərin müzakirəsi baxımından mühüm platforma kimi diqqət çəkib.
"Atributinfo.az" xəbər verir ki, Forumda Milli Məclisin deputatı, səhiyyə sahəsində zəngin peşəkar təcrübəyə malik Müşfiq Məmmədli də iştirak edib.
Tədbir çərçivəsində səhiyyə sistemində müasir idarəetmə mexanizmləri, liderlik və təşkilati effektivlik, maliyyələşdirmə modelləri, rəqəmsallaşma, süni intellekt texnologiyalarının səhiyyədə tətbiqi, tibbi turizmin inkişafı və beynəlxalq təcrübənin öyrənilməsi kimi mühüm istiqamətlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Forum müxtəlif sahələri təmsil edən peşəkarları, səhiyyə mütəxəssislərini və idarəetmə sahəsində təcrübəli şəxsləri bir araya gətirərək sektorun mövcud vəziyyətinin təhlili, gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsi və innovativ yanaşmaların müzakirəsi üçün əlverişli imkan yaradıb.
Deputat Müşfiq Məmmədlinin belə bir nüfuzlu platformada iştirakı səhiyyə sahəsində baş verən yeniliklərin, müasir idarəetmə təcrübəsinin və innovativ texnologiyaların tətbiqi perspektivlərinin yaxından izlənilməsi baxımından əhəmiyyətlidir. Xüsusilə səhiyyənin yalnız tibbi xidmətlərin göstərilməsi ilə məhdudlaşmayan, eyni zamanda iqtisadi, sosial, texnoloji və institusional inkişafı özündə birləşdirən strateji sahə olması bu cür müzakirələrin aktuallığını daha da artırır.
Müasir dövrdə səhiyyə sisteminin səmərəli fəaliyyəti peşəkar kadr potensialı ilə yanaşı, çevik idarəetmə, şəffaf maliyyələşdirmə, rəqəmsal həllər və innovasiyaların tətbiqindən də birbaşa asılıdır. Bu baxımdan Forumda müzakirə olunan məsələlər Azərbaycanın səhiyyə sisteminin gələcək inkişaf istiqamətləri, xidmət keyfiyyətinin yüksəldilməsi və beynəlxalq təcrübənin milli səhiyyə modelinə uyğunlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Belə tədbirlərdə fikir və təcrübə mübadiləsinin aparılması, yeni əməkdaşlıq imkanlarının formalaşdırılması səhiyyə sektorunda müasir çağırışlara adekvat cavab verilməsi üçün mühüm zəmin yaradır.
Səhiyyə Menecmenti Forumu bir daha göstərib ki, sağlam və dayanıqlı səhiyyə sistemi qurmaq üçün müasir tibbi imkanlarla yanaşı, düşünülmüş idarəetmə strategiyası, innovativ yanaşma və peşəkar əməkdaşlıq da əsas şərtlərdəndir.
Bəradər Səməndərli
"Atributinfo.az"
