Sizin reklam burada
Sizin reklam burada
  • Kəndlərin inkişafı üçün informasiya bazası genişləndirilə bilər – ŞƏRH

    Regionların sosial-iqtisadi inkişafı, xüsusilə kənd yaşayış məntəqələrində həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən dövlət proqramlarının səmərəliliyinin artırılması mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, proqramların icrasının monitorinqinin aparılması, nəticələrinin obyektiv qiymətləndirilməsi və əldə olunan məlumatların sistemləşdirilməsi üçün müasir informasiya bazasının genişləndirilməsinə ehtiyac var.

    Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

    Onun sözlərinə görə, regionların inkişafına yönəlmiş proqramların səmərəliliyini müəyyənləşdirmək üçün yalnız görülən işlərin həcmi deyil, onların əhalinin gündəlik həyatına təsiri də nəzərə alına bilər.

    Deputat qeyd edib ki, kənd yaşayış məntəqələrində infrastrukturun yenilənməsi, yolların çəkilməsi, su, qaz və elektrik enerjisi təchizatının yaxşılaşdırılması, təhsil və səhiyyə xidmətlərinin əlçatanlığının artırılması istiqamətində həyata keçirilən tədbirlərin nəticələri mütəmadi təhlil oluna bilər. Bu prosesdə dəqiq, aktual və müqayisə edilə bilən məlumatların toplanması xüsusi əhəmiyyət daşıyır.

    A.Nağıyev vurğulayıb ki, regionların və kəndlərin inkişafına dair məlumatların vahid informasiya bazasında toplanması dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsinə, mövcud problemlərin operativ müəyyənləşdirilməsinə və resursların düzgün istiqamətləndirilməsinə imkan verə bilər. Eyni zamanda, bu məlumatlar gələcək dövlət proqramlarının hazırlanması zamanı real ehtiyacların nəzərə alınmasına və prioritetlərin düzgün müəyyənləşdirilməsinə xidmət edəcək.

    Deputatın sözlərinə görə, kənd yaşayış məntəqələrinin inkişafı yalnız infrastruktur layihələri ilə məhdudlaşmamalıdır. Əhalinin məşğulluğu, gəlir imkanları, kənd təsərrüfatının inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, gənclərin regionlarda qalması və sosial xidmətlərə çıxış imkanları da qiymətləndirmənin əsas meyarları sırasında olmalıdır.

    O bildirib ki, müasir rəqəmsal texnologiyalardan istifadə etməklə monitorinq sisteminin təkmilləşdirilməsi, məlumatların mütəmadi yenilənməsi və müvafiq göstəricilər üzrə təhlillərin aparılması regionların inkişaf dinamikasını daha aydın qiymətləndirməyə imkan verəcək. Bu, həm görülən işlərin nəticələrinin ölçülməsi, həm də mövcud problemlərin vaxtında aşkarlanaraq aradan qaldırılması baxımından əhəmiyyətlidir.

    A.Nağıyevin fikrincə, informasiya bazasının genişləndirilməsi dövlət proqramlarının icrasına nəzarətin gücləndirilməsinə, şəffaflığın artırılmasına və regional inkişaf siyasətinin daha məqsədyönlü həyata keçirilməsinə töhfə verə bilər. Əsas məqsəd regionlarda, xüsusilə kəndlərdə yaşayan insanların həyat keyfiyyətinin yüksəldilməsi, yaşayış məntəqələri arasında inkişaf fərqinin azaldılması və dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsidir.



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ