Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev rayon sakinlərinin müraciətlərinin dinlənilməsi, onları narahat edən sosial və məişət problemlərinin öyrənilməsi, eləcə də qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli məqsədilə növbəti vətəndaş qəbulunu keçirib.
"Atributinfo.az" xəbər verir ki, qəbulda icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Görüş zamanı rayon rəhbəri vətəndaşların hər birini diqqətlə dinləyərək onların müraciətləri, təklifləri və qarşılaşdıqları problemlərlə ətraflı maraqlanıb. Sakinlər tərəfindən sosial təminat, yaşayış şəraitinin yaxşılaşdırılması, infrastruktur, məşğulluq və digər məsələlərlə bağlı səsləndirilən müraciətlər diqqətlə nəzərdən keçirilib.
Elvin Paşayev vətəndaşların qaldırdıqları məsələlərin obyektiv araşdırılmasının, hər bir müraciətə fərdi yanaşılmasının və qanunvericiliyin tələblərinə uyğun şəkildə həllinə nail olunmasının vacibliyini vurğulayıb. Qəbul zamanı səsləndirilən müraciətlər qeydiyyata alınaraq araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə məsul şəxslərə konkret göstəriş və tapşırıqlar verilib.
İcra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan məsələlərin həlli istiqamətində yerindəcə müvafiq tapşırıqlar müəyyənləşdirilib. Digər dövlət qurumlarının səlahiyyətlərinə aid olan müraciətlərlə bağlı isə sakinlərə qanunvericiliyin tələbləri izah olunub, müvafiq qurumlara müraciət etmələri tövsiyə edilib.
Qeyd olunub ki, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, insanların problemlərinin vaxtında öyrənilməsi və onların həlli istiqamətində operativ tədbirlərin görülməsi dövlət idarəçiliyinin mühüm prinsiplərindəndir. Bu baxımdan keçirilən qəbullar dövlət orqanları ilə vətəndaşlar arasında birbaşa ünsiyyətin möhkəmləndirilməsi, ictimai etimadın artırılması və yerli səviyyədə mövcud problemlərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Qəbulun sonunda sakinlər müraciətlərinə göstərilən diqqətə və həssas münasibətə görə minnətdarlıqlarını bildirərək, ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya vətəndaşların sosial rifahının yüksəldilməsi, regionların inkişafı və əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən ardıcıl siyasətə görə təşəkkürlərini ifadə ediblər.
Qax rayonunda vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsi, onların müraciətlərinin dinlənilməsi və qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi yerli idarəetmə orqanlarının fəaliyyətində mühüm istiqamətlərdən biri kimi diqqətdə saxlanılır.
Bəradər Səməndərli
"Atributinfo.az"
