Sizin reklam burada
Sizin reklam burada
  • Razi Nurullayev: “Ailə bizneslərinin inkişafı üçün ayrıca dövlət konsepsiyasına ehtiyac var”


    Millət vəkili ailə sahibkarlığının genişləndirilməsi, güzəştli maliyyələşmə, vergi-hüquqi stimullar və nəsildən-nəslə ötürülən biznes ənənələrinin qorunması məsələlərini gündəmə gətirib.


    Milli Məclisin bugünkü plenar iclasında Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev Azərbaycanda ailə bizneslərinin inkişaf perspektivləri, bu sahənin qarşılaşdığı problemlər və dövlət dəstəyinin yeni mexanizmlərinin formalaşdırılması barədə çıxış edib.


    "Atributinfo.az" xəbər verir ki, deputat diqqətə çatdırıb ki, dünyanın inkişaf etmiş iqtisadiyyatlarının təcrübəsi ailə bizneslərinin iqtisadi sistemdə mühüm yer tutduğunu göstərir. Onun sözlərinə görə, Almaniyada “Mittelstand” kimi tanınan orta və kiçik müəssisələrin əhəmiyyətli hissəsi ailə şirkətləridir. İtaliya, Türkiyə, Cənubi Koreya və digər ölkələrdə də ailə sahibkarlığı məşğulluğun, istehsalın və iqtisadi dayanıqlılığın mühüm mənbələrindən biri kimi çıxış edir.

    Razi Nurullayev bildirib ki, bir sıra böyük beynəlxalq şirkətlər də öz fəaliyyətlərinə kiçik ailə biznesi kimi başlayıb, zaman keçdikcə inkişaf edərək geniş iqtisadi imkanlara malik müəssisələrə çevriliblər. Bu təcrübə göstərir ki, ailə sahibkarlığı yalnız gəlir əldə etmək vasitəsi deyil, həm də uzunmüddətli iqtisadi ənənələrin, idarəetmə mədəniyyətinin və sahibkarlıq irsinin formalaşmasıdır.


    Azərbaycanda ailə sahibkarlığının yeni inkişaf mərhələsi


    Deputat qeyd edib ki, Azərbaycanda da minlərlə ailə kiçik mağazalar, emalatxanalar, xidmət müəssisələri, kənd təsərrüfatı təsərrüfatları və digər sahibkarlıq fəaliyyəti ilə ailəsinin dolanışığını təmin edir. Bu bizneslərin genişlənməsi həm yerli iqtisadi fəallığın artmasına, həm də regionlarda məşğulluğun təmin olunmasına birbaşa təsir göstərir.

    Millət vəkili ölkəmizdə ailə bizneslərinin institusional inkişafı istiqamətində həyata keçirilən tədbirlərə toxunaraq, “ABAD” mərkəzlərinin fəaliyyətini müsbət təcrübə kimi dəyərləndirib. Bildirib ki, bu model ailə təsərrüfatlarına məhsul istehsalı ilə yanaşı, biznes planlaşdırılması, marketinq, brendləşmə, hüquqi və maliyyə məsləhətləri, satış və logistika sahələrində dəstək göstərilməsi baxımından əhəmiyyətlidir. 

    Razi Nurullayevin fikrincə, mövcud təcrübənin daha da genişləndirilməsi, ailə sahibkarlığının sistemli və uzunmüddətli inkişafını təmin edəcək ayrıca konsepsiyanın hazırlanmasını zəruri edir.


    Güzəştli kreditlər, vergi stimulları və sadələşdirilmiş prosedurlar


    Deputat çıxışında ailə bizneslərinin üzləşdiyi əsas çətinliklərdən birinin maliyyə resurslarına çıxış imkanlarının məhdudluğu olduğunu vurğulayıb. Onun qənaətinə görə, bu istiqamətdə güzəştli kreditlərin, xüsusi maliyyə proqramlarının və ailə sahibkarlarına uyğun dəstək mexanizmlərinin yaradılması vacibdir.

    O, eyni zamanda ailə bizneslərinin qeydiyyatı, hesabatlılığı və sənədləşdirilməsi proseslərinin sadələşdirilməsini təklif edib. Çünki kiçik sahibkarlıqla məşğul olan ailələrin inzibati prosedurlara sərf etdiyi vaxt və maliyyə resursları onların fəaliyyətinin genişlənməsinə maneə yarada bilər.

    Çıxışda diqqət çəkilən digər mühüm məsələ ailə bizneslərinin hüquqi varisliyinin təmin edilməsidir. Razı Nurullayev beynəlxalq təcrübədə biznesin nəsildən-nəslə ötürülməsini asanlaşdıran vergi və hüquqi güzəştlərin tətbiq olunduğunu xatırladaraq, Azərbaycanda da bu istiqamətdə mexanizmlərin nəzərdən keçirilməsini vacib sayıb.

    Deputatın sözlərinə görə, sahibkarın vəfatından sonra yaranan hüquqi və maliyyə çətinlikləri bəzən uzun illər ərzində qurulmuş biznesin fəaliyyətini dayandırmasına səbəb olur. Halbuki ailə müəssisələrinin davamlılığının qorunması həm sahibkarlıq kapitalının, həm də formalaşmış əmək ənənələrinin saxlanılması deməkdir.


    Peşəkar idarəetmə və rəqəmsallaşma imkanları genişləndirilməlidir


    Razi Nurullayev ailə bizneslərinin inkişafında maarifləndirmə, təlim və məsləhət xidmətlərinin də xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun fikrincə, bir çox ailə sahibkarları peşəkar idarəetmə, müasir marketinq, rəqəmsal texnologiyalar və elektron ticarətin yaratdığı imkanlardan kifayət qədər yararlana bilmirlər.

    Bu baxımdan aidiyyəti dövlət qurumlarının ailə sahibkarları üçün xüsusi təlim proqramları, biznes məsləhət xidmətləri və rəqəmsallaşma layihələri həyata keçirməsi məqsədəuyğun olardı. Belə təşəbbüslər kiçik ailə müəssisələrinin yalnız yerli bazarda deyil, beynəlxalq bazarlarda da rəqabət qabiliyyətinin yüksəldilməsinə töhfə verə bilər.


    Ailə biznesi – məşğulluqdan regional inkişafa uzanan iqtisadi model


    Millət vəkili çıxışının yekununda ailə sahibkarlığının əhəmiyyətinin yalnız iqtisadi göstəricilərlə məhdudlaşmadığını diqqətə çatdırıb. O vurğulayıb ki, ailə biznesləri sosial sabitliyin möhkəmlənməsi, regionların iqtisadi potensialının üzə çıxarılması, yeni iş yerlərinin yaradılması və insanların doğma yaşayış məntəqələrində məşğulluğunun təmin edilməsi baxımından mühüm rol oynayır.

    Bu yanaşmaya görə, ailə sahibkarlığının inkişafı dövlətin sosial-iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri kimi nəzərdən keçirilməlidir. Xüsusilə kənd və rayonlarda kiçik ailə müəssisələrinin fəaliyyətinin genişləndirilməsi yerli istehsalın artmasına, iqtisadi fəallığın yüksəlməsinə və əhalinin gəlir imkanlarının şaxələndirilməsinə şərait yarada bilər.

    Razi Nurullayevin Milli Məclisin plenar iclasında səsləndirdiyi təkliflər ailə sahibkarlığının sadəcə fərdi gəlir mənbəyi deyil, ölkənin iqtisadi dayanıqlılığına, regional inkişafına və sosial rifahına xidmət edən institusional model kimi inkişaf etdirilməsi məsələsini gündəmə gətirir.

    Ailə bizneslərinin qorunması və genişləndirilməsi, əslində, bu gün yaradılan iqtisadi dəyərin gələcək nəsillərə ötürülməsi, yerli istehsal ənənələrinin yaşadılması və milli sahibkarlıq potensialının gücləndirilməsi deməkdir.


    Bəradər Səməndərli 

    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ