Sizin reklam burada
Sizin reklam burada
  • Meksikanın Dünya Mədəniyyətləri Muzeyinin kitabxanasına Azərbaycan nəşrləri təqdim edilib


    Meksikadakı səfirliyimizin təşkilatçılığı ilə Mexiko şəhərinin ən qədim muzeylərindən olan Dünya Mədəniyyətləri Milli Muzeyinin kitabxanasında Azərbaycanla bağlı kitabların təqdimatı və yazıçı Şəmil Sadiqin “Yuxu maşını” romanının təqdimatı keçirilib.

    Tədbirdə “Hədəf” Şirkətlər Qrupunun qurucu direktoru, Azərbaycan Nəşriyyatları Assosiasiyasının (ANAİB) İdarə Heyətinin sədri, yazıçı Şəmil Sadiq, muzeyin Avropa etnoqrafik kolleksiyaları üzrə tədqiqatçı-kuratoru Reynier Valdes Pinyeiro, muzeyin direktoru Alexandra Qomez Kolorado və Meksikada yaşayan həmyerlimiz, filoloq-alim Lalə Qafarzadə və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

    Tədbirdə Reynier Valdes Pinyeiro Azərbaycan ədəbiyyatının Meksikada tanıdılması baxımından bu təşəbbüsün əhəmiyyətini vurğulayıb. Daha sonra professor Lalə Qafarzadə Azərbaycan ədəbiyyatının tarixi inkişaf mərhələləri, görkəmli yazıçıların həyat və yaradıcılığı haqqında məlumat verib. Onun çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

    Şəmil Sadiq çıxışında “Yuxu maşını” romanının baş qəhrəmanının dünyanın yalanlarından uzaqlaşaraq, Meksikaya gəldiyini və burada məskunlaşdığını bildirib. Yazıçı bu süjet xəttinin Meksikanı onun üçün xüsusi və doğma ölkəyə çevirdiyini qeyd edib. Romanın məzmunu barədə məlumat verən müəllif tədbir iştirakçılarının suallarını da cavablandırıb.

    Azərbaycanın Meksikadakı səfirliyinin birinci katibi Lalə Səfərova çıxışında Dünya Mədəniyyətləri Milli Muzeyinin və onun kitabxanasının kolleksiyalarında indiyədək Azərbaycanla bağlı mədəniyyət nümunələrinin və nəşrlərin yer almadığını bildirib. O, səfirliyin bu istiqamətdə apardığı işlər çərçivəsində kitabxanaya Azərbaycan kitablarının hədiyyə edilməsini ölkəmizin mədəni irsinin tanıdılması baxımından ilk addımlardan biri kimi dəyərləndirib.

    Tədbirin sonunda Kitabxanaya Azərbaycanın klassik və müasir yazıçılarının əsərləri, eləcə də ölkəmizin tarixi, mədəniyyəti və təbiətinə dair 20-yə yaxın kitab hədiyyə edilib.

    Azərbaycan ədəbiyyatının Meksikada təbliği, iki xalqın mədəni irsinin daha yaxından tanınmasına, qarşılıqlı marağın artırılmasına və gələcək mədəni əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verəcək.

     


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ