Pedaqoji elmlər doktoru, professor
Vidadi Ömər oğlu Orucov
PROFESSOR ƏHMƏD VƏLİYEVİN ELM, TƏHSİL VƏ İNSANLIQ MİSSİYASI
Pofessor Əhməd Abdulkərim oğlu Vəliyev – 80
Böyük şəxsiyyətlər tarixin sütunlarıdır. Onlar nə qədər möhkəm
olsa, cəmiyyətin inkişafı da bir o qədər dayanıqlı olar. Əbu Turxan
İnsan ömrünün dəyəri yalnız yaşanmış illərlə deyil, həmin illər ərzində yaratdığı dəyərlər, cəmiyyətə verdiyi töhfələr və yetişdirdiyi insanlarla ölçülür. Elə şəxsiyyətlər var ki, onların həyat yolu fərdi bioqrafiya çərçivəsini aşaraq xalqın və dövlətin inkişafına xidmət edən, ictimai əhəmiyyət daşıyan fəaliyyət salnaməsinə çevrilir. 2026-cı il noyabrın 29-da 80 yaşı tamam olacaq fizika-riyaziyyat elmləri doktoru, professor, «Şöhrət» ordenli Əhməd Abdulkərim oğlu Vəliyevin ömür yolu da məhz belə bir məzmun daşıyır. Onun çoxşaxəli fəaliyyəti elmə, təhsilə, ali təhsil quruculuğuna və ictimai xidmətə sədaqətin parlaq nümunəsidir. Bu həyat yolunun səciyyəvi xüsusiyyəti isə peşəkar nüfuzun yüksək insani keyfiyyətlərlə vəhdət təşkil etməsidir.
Əhməd Vəliyevin təhsil təşkilatçısı kimi fəaliyyətində mühüm mərhələ 1990-cı ildə Bakı Sənaye-Pedaqoji Texnikumunun direktoru təyin olunması ilə başlamışdır. Burada qazandığı idarəçilik təcrübəsi 1995-ci ildə Odlar Yurdu Universitetinin yaradılması ilə yeni məzmun və miqyas kəsb etmişdir. Müstəqilliyin ilk illərində ali təhsil müəssisəsi yaratmaq təşəbbüsü təşkilati iradə, strateji düşüncə və gələcəyə inam tələb edirdi. Universitetin akademik strukturunun qurulması, professor-müəllim kollektivinin formalaşdırılması, tədris və elmi fəaliyyətin təşkili bu quruculuq prosesinin əsas istiqamətlərini təşkil etmişdir.
Bu gün fakültə və kafedraları, magistratura və doktorantura proqramları, elmi-tədqiqat mərkəzləri və müasir laboratoriyaları ilə fəaliyyətini genişləndirən Odlar Yurdu Universiteti ənənəvi akademik dəyərləri müasir təhsil yanaşmaları ilə uzlaşdırmağa çalışır. Süni intellekt və rəqəmsal transformasiya kimi istiqamətlərə diqqət də bu axtarışların ifadəsidir. Universitetin əldə etdiyi nəticələr onun ölkəmizdə və beynəlxalq təhsil məkanında tanınan, gənclərin maraq və gözləntilərinə cavab verən müasir ali təhsil kompleksinə çevrilməsinə zəmin yaratmışdır. Beləliklə, Əhməd Vəliyevin quruculuq fəaliyyəti yalnız yeni təhsil müəssisəsinin yaradılması ilə deyil, onun ətrafında akademik mühitin və davamlı inkişaf ənənələrinin formalaşdırılması ilə də səciyyələnir.
Lakin Əhməd müəllimin şəxsiyyətini yalnız elmi adları, tutduğu vəzifələr, yaratdığı təhsil müəssisəsi və dövlət təltifləri ilə səciyyələndirmək doğru olmazdı. Onun mənəvi dünyasını tamamlayan mühüm cəhətlərdən biri insanlara münasibətindəki səmimiyyət, xeyirxahlıq və qayğıkeşlikdir. Bu qənaətim ümumi müşahidələrdən deyil, şəxsi təcrübəmdən qaynaqlanır. Həyatımın müəyyən məqamlarında onun diqqətini, xoş münasibətini və dəstəyini şəxsən hiss etmişəm. İnsan həyatında elə anlar olur ki, vaxtında göstərilən diqqət və mənəvi dəstək uzun illər yaddaşlardan silinmir. Əhməd müəllimin mənə münasibəti də məhz belə unudulmaz xatirələrdəndir.
Sonralar taleyin qisməti ilə Əhməd müəllimdən sonra onun rəhbərlik etdiyi Bakı Sənaye-Pedaqoji Kollecinə rəhbərlik etmək mənə nəsib oldu. Bu kollektivdə formalaşmış pedaqoji mühit, mövcud idarəçilik ənənələri, kollektivin rəhbərinə bəslədiyi inam, rəğbət və ehtiram mənim üçün həm böyük mənəvi dəyər, həm də örnək oldu. Rəhbərlik etdiyi kollektivdə belə bir sağlam mənəvi-psixoloji mühitin yaranması hər bir təhsil təşkilatçısının fəaliyyətinə verilə biləcək ən yüksək qiymətlərdən biridir. Əhməd Vəliyevin Milli Məclisə deputat seçildiyi zaman onun vəkili olmaq mənim üçün xüsusi əhəmiyyət daşıyıb. Ona göstərilən el sevgisi və etimad, hər şeydən əvvəl, cəmiyyətdə qazandığı nüfuzun, ictimai etibarın və insanlarla qurduğu səmimi münasibətlərin təzahürü idi. Bütün bunları nəzərə alaraq, xalqımız üçün əsl ziyalılıq etalonuna çevrilmiş Əhməd müəllimin yüksək insani keyfiyyətlərini, mənəvi zənginliyini və şəxsiyyət kimi formalaşdırdığı hörmət və ehtiramı xüsusi minnətdarlıq hissi ilə qeyd etməyi özümə mənəvi borc bilirəm.
Mənə görə, Əhməd Vəliyevin şəxsiyyətində alimlik, təhsil quruculuğu və insanlıq bir-birindən ayrılmaz, bir-birini tamamlayan keyfiyyətlərdir. Çünki təhsil yalnız bilik və bacarıqların ötürülməsi deyil, həm də insana dəyər vermək, onun potensialının üzə çıxmasına şərait yaratmaq, inkişafına dəstək olmaq və gələcəyə inam aşılamaqdır. Bu mənada onun fəaliyyəti yaratdığı təhsil müəssisəsinin miqyası ilə yanaşı, həmin mühitdə yetişən mütəxəssislər və cəmiyyətə qazandırılan mənəvi-intellektual dəyərlərlə də əhəmiyyət kəsb edir.
Səksən illik ömür yolunun ən mühüm yekunu, məncə, elmi-pedaqoji fəaliyyətin, quruculuq təşəbbüslərinin, ictimai xidmətin və yüksək insani keyfiyyətlərin vahid amal ətrafında birləşməsidir. Yaratdığı universitet, formalaşmasına töhfə verdiyi akademik mühit, yetişdirilməsinə dəstək olduğu mütəxəssislər, qazandığı ictimai nüfuz və insanlara göstərdiyi xeyirxahlıq onun zəngin həyat salnaməsinin bir-birini tamamlayan səhifələridir. Bu fəaliyyətin əsl dəyəri isə əldə olunmuş nəticələrin zamanla öz əhəmiyyətini qorumasında, yetişdirilən insanların cəmiyyətə xidmətində və yaradılmış dəyərlərin gələcək nəsillərə ötürülməsində təcəssüm edir.
Hörmətli Əhməd müəllim!
Sizi sevən və Sizə böyük hörmət bəsləyən çoxsaylı insanların sırasına qoşularaq, 80 illik yubileyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, elmə, təhsilə, quruculuğa və insan yetişdirmək kimi müqəddəs amala həsr olunmuş zəngin həyat yolunuza dərin ehtiramımı bildirirəm!
Həyatımın müəyyən məqamlarında diqqətinizi, qayğınızı və dəstəyinizi hiss etmiş bir insan kimi, Sizə xüsusi minnətdarlığımı ifadə etməyi özümə mənəvi borc bilirəm.
Arzu edirəm ki, bundan sonrakı həyatınız möhkəm cansağlığı, ailə səadəti və könül rahatlığı içində keçsin. Böyük ailənizin sevincini, yaratdığınız universitetin yeni uğurlarını, yetirmələrinizin nailiyyətlərini və uzun illər çəkdiyiniz zəhmətin bəhrələrini görmək, bir-birindən gözəl və unudulmaz günlər yaşamaq Sizə nəsib olsun!
80 illik yubileyiniz mübarək olsun, hörmətli Əhməd müəllim!
