Sizin reklam burada
Sizin reklam burada
  • Altay Məmmədov unudulmazlığı... - Sərvaz HÜSEYNOĞLU


    1979-cu ilin xatirəsidi... O zaman mən Gəncə Dövlət İnstitutunun ikinci kurs tələbəsiydim. Günün birində sevimli müəllimimiz, görkəmli yazıçı və biz tələbələrə çox əziz olan Altay Məmmədovun anasının vəfat xəbərini aldıq. Qrupumuzun uşaqlarıyla yığışıb getdik. Böyük bir izdiham mərhumu son mənzilə yola salırdı. Cənazə çiyinlərdəydi. Doğmalarını yola salan insanlar sıx şəkildə irəliləyir, dəstədən geri qalmaq istəmirdilər. Həmin o kədərli məqamda gözlərim unudulmaz Altay müəllimi aradı. Hamıdan geridə, lap arxada əsasının üstünə əyilmişdi. Sanki son gücünü, son qüvvəsini əsasının üstünə salıb izdihama çatmaq, anasının cənazəsinə yetmək istəyirdi. Amma fiziki durumu baxımından bu, imkansız idi. Anadangəlmə travma onu əsaya möhtac etmişdi. Həmişə toxtaq, ağayana, təmkinli gördüyümüz Altay müəllim bu dəfə əlindəki əsanı belə təntidirmiş kimi cəhd edirdi. Alnına tökülmüş zil qara saçları tər, sel-su içindəydi. Cəhd edirdi ki, anasını son mənzilə götürən dəstəyə yetsin, o dəstəni ötüb keçsin, o tabutun altına çiyin versin. Var qüvvəsini toparlayırdı. Özünə güc verirdi. Elə bil uşaqlığına dönmüşdü. Anasının arxasınca iməkləyirdi sanki. Lap körpəliyində olduğu kimi...

    Bəlkə də Altay müəllim həmin an, o üzücü dəqiqələrində ömründə ilk dəfə öz bəxtinə, taleyinə qarğıyırdı, asi çıxırdı, üsyan edirdi.

    Amma bu ağır dəqiqələrində belə, yenə də öz təmkininə sadiq, səssiz, kirimiş idi.

    Aradan 47 il ötüb. Amma mən indinin özündə də unudulmaz Altay müəllimi xatırlayanda həmin o səhnə gəlib gözlərim önündə dayanır. O kədərli səhnəni, Altay müəllimin ömründə ilk dəfə bəxtini, taleyini qarğıdığı anı, onun alnına tökülmüş, tərə, sel-suya batmış qara saçlarını, əlində titrəyən əsasını unuda bilmirəm...

     

    ***

    Tale Altay müəllimə son dərəcə gözəl sima bəxş etmişdi. Tanrının xoş qələmiylə çəkənlərdən idi. Hələ bir qalın şüşəli eynək altından müdrikcəsinə baxan qara gözlər, duyğulu baxışlar... Və o gözlərin, o baxışların iç dünyasından ətrafa sirayət edən kədər, qüssə, təəssüf duyğusunun silinməz, susqun halı!

    Lap sonralar mən Altay müəllimin nakam şairimiz Əli Kərim barədə yazıb çap etdirdiyi kitabı oxudum. Və dəhşətli bir fəhmlə anladım ki, o kədərin, o qüssənin, o təəssüf hissinin əsas adlarından biri, bəlkə də birincisi Əli Kərim itkisi, nakamlığı imiş...

    Altay müəllim o qüssəni, o təəssüfü  ömrünün sonunacan yaşayıb. Yaşadıb!

    Fərqinə varmamışıq! Xəbərimiz olmayıb...

     

    ***

    Ustad şairimiz Rəsul Rzanın anım günlərinin birində böyük sənətkarın məzarı önündə Əli Kərimin həyat yoldaşı Elza xanımı ilk dəfə canlı olaraq gördüm. Mən ona Əli Kərimin sevgi şeirlərinin istinad nöqtəsi olaraq heyranlıqla baxırdım. Həm də Altay müəllimin xatirələrindən boylanırdım. Və heç gözləmədiyim halda Elza xanım mənə yaxınlaşıb çox duyğulanmış bir halda xəbər aldı: "Bağışlayın, siz Altay müəllimin nəyisiniz? Gəncəli yazıçı Altay Məmmədovu deyirəm..."

    Karıxıb qaldım. Elə bil sehrlənmişdim. Handan-hana: - Mənəvi varisiyəm... Müəllimim olub, - dedim, - Gəncədəki pedaqoji institutda mənə dərs deyib...

     

    ***

    Yazıçı kimi imzasını orta məktəb illərindən tanıdığım Altay müəllimlə ilk tanışlığımız tələbəliyimizin lap əvvəlində oldu. Auditoriyaya daxil olub, əsasını sağ qoluyla yanına sıxıb üzbəüz stulda əyləşdi. Sonra qalın şüşəli eynəyinin altından bizi xeyli süzdü. Və olduqca doğma təbəssümlə, eyni zamanda da yumorlu bir tərzdə qayıtdı ki, arxayın olun, siz institutu bitirməsəniz də, institut sizi bitirəcək. Amma özünüzü maşından qoruyun. Vurub öldürərlər, sonra da meyidinizə iş kəsdirərlər...

    Gülüşdük. Və çox-çox sonralar dərk etdik, anladıq ki, həyatın bu üzü, bu reallığı da varmış.

    Altay müəllim bu reallığı bizə bircə cümləylə anladıbmış.

    ***

    Mühazirələrinin birində Altay müəllimdən Sabir Əhmədovun "Qanköçürmə stansiyası" romanı haqqındakı fikrini soruşdum. Nüfuzedici baxışlarını xeyli üzərimdə saxladı. Fikrə daldı. Və handan-hana qayıtdı ki: "Bilirsən, oğul, mən uzun illər bu təhsil ocağında yüksək vəzifələr tutmuşam. Dərs demişəm. Bu qanköçürmə kampaniyasına qarşı həmişə etirazım olub. İstəməmişəm tələbələr bu prosesə könülsüz cəlb edilsin. Yəni bu mövzu məni həmişə düşündürüb. Amma bunu bədii ədəbiyyata gətirmək heç vaxt ağlıma gəlməyib. İçində olduğum mövzudan yan keçmişəm. Bədii həlli diqqətimdən yayınıb, ya bacarmamışam. Amma Sabir Əhmədov bunu bacarıb. Özü də gözəl bacarıb".

    Diqqətlə dinlədim. Gözəl etiraf idi. Baxdım. Elə bil üzərindən dağ götürülmüşdü...

     

    ***

    Daha bir xatirə var...

    Altay müəllimdən imtahanımız vardı. Vaxta 5-10 dəqiqə qaldığından əsasına söykənib imtahan otağının qabağında gözləyirdi ki, tələbələrin hamısı yerlərini tutsunlar. Elə həmin vaxt görkəmli füzulişünas alim, sevimli Sabir Əliyev məni görən kimi gəlib girdi qoluma. Mən onun qolunda elə bil asılqandan asılmış kimiydim. Həm də bərk narahat olmağa başlamışdım. Hər iki sevimli müəllimimin aralarında soyuqluq olduğunu bilirdim.

    Sabir müəllimsə heç nəyin fərqinə varmadan Altay müəllimin eşidəcəyi tərzdə məndən soruşdu ki, sən bu Altay müəllimi tanıyırsan?

    Sözü dəyişmək üçün sevimlimiz, Sabir müəllimin ən yaxın dostu və hamisi Mürşüd Məmmədlidən söz salmaq istədim:

    - Sabir müəllim, dünən Mürşüd müəllimlə görüşdüm...

    Sözümü ağzımda qoydu:

    - Sərvaz, soruşuram ki, sən bu Altay müəllimi tanıyırsan?

    Görkəmli nizamişünas Xəlil Yusiflidən söz açmaq istədim. Yenə də eyni ədayla sözümü kəsdi:

    - Bu Altay müəllim...

    Yenə də mövzudan qaçmaq istədim:

    - Sabir müəllim, Qərib Mehdiylə olan mübahisəniz nə yerdə qaldı?

    Yenə də vəziyyət dəyişmədi. Sabir müəllim öz aləmindəydi. Dediyini deyirdi. Və bu söhbət Altay müəllimin düz ayaqlarının dibində baş verirdi. Altay müəllim bu söhbəti kirimişcə, məhz özünəməxsus müdrikliklə dinləyirdi. Məni tər basmışdı. Sıxılırdım. Amma sevimli müəllimimin də sözünü yarıda kəsə bilmirdim.

    Düz beş dəqiqə sonra isə Altay müəllim artıq imtahan otağındaydı.

    Bileti çəkdim. Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı birinci sual idi. İlk cümləni dedim: "Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı milli ağrılarımızın daim sızlayan, köksötürmələrlə izlənən, qan verən sarı simidi..."

    Davamını deməyə qoymadı. Qiymət kitabçamı götürüb "əla" yazdı.

    Ertəsi gün adəti üzrə Sabir müəllimlə indiki Xan bağındakı çayxanadaydıq. İmtahanın nəticəsilə maraqlandı. "Əla" yazdı", - dedim. Sifətində körpə uşaq təbəssümü vardı: "Elə Altay Məmmədovun Altaylığı, böyüklüyü ondadı də!.." - dedi.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ