Sizin reklam burada
Sizin reklam burada
  • Saatlıda gənclərin peşə seçiminə həsr olunan “PeşəFest-2026” keçirilib


    7 oktyabr 2026-cı il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə “PeşəFest-2026” layihəsi çərçivəsində növbəti tədbir Saatlı rayonunda keçirilib.


    “Atributinfo.az" xəbər verir ki, "Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan festivalın əsas məqsədi gənclərin əmək bazarında mövcud olan müasir peşə və ixtisaslar barədə məlumatlılığının artırılması, onların bacarıq və maraqlarına uyğun peşə seçiminə dəstək göstərilməsidir.

    Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Milli Məclisin deputatı Səyyad Aran, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavinləri Ramal Quluzadə və Eşqin Bayramov, müxtəlif dövlət və özəl qurumların nümayəndələri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxışında müasir dövrdə əmək bazarının tələblərinin nəzərə alınmasının gənclərin gələcək peşə fəaliyyətinin formalaşmasında mühüm əhəmiyyət daşıdığını bildirib. O, gənclərin yeni və perspektivli peşələrə yiyələnməsinin onların məşğulluq imkanlarının genişlənməsinə şərait yaratdığını qeyd edib. Rayon icra hakimiyyətinin başçısı bu istiqamətdə həyata keçirilən maarifləndirici tədbirlərin gənclərin peşələr haqqında daha geniş məlumat əldə etməsinə və gələcək seçimlərini daha düzgün müəyyənləşdirməsinə imkan verdiyini vurğulayıb.

    Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Ramal Quluzadə gənclərin əmək bazarına hazırlığının gücləndirilməsi və onların peşələr haqqında dolğun məlumatlandırılmasının vacibliyindən danışıb. O, peşə seçimi zamanı əmək bazarındakı tələbatla yanaşı, şəxsi maraq və bacarıqların da nəzərə alınmasının əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, “PeşəFest” layihəsi gənclərin müxtəlif peşə sahələrinin nümayəndələri ilə birbaşa əlaqə qurmasına və həmin istiqamətlər barədə əyani məlumat əldə etməsinə imkan yaradır.

    Milli Məclisin deputatı Səyyad Aran çıxışında peşə seçiminin gənclərin gələcək həyatında mühüm mərhələlərdən biri olduğunu qeyd edib. O, məktəb yaşlarından etibarən müxtəlif peşələr haqqında məlumatların verilməsinin gənclərin dünyagörüşünün genişlənməsinə və gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirməsinə müsbət təsir göstərdiyini bildirib. Deputat festivalın gənclərin yeni peşə istiqamətləri ilə tanışlığı baxımından əhəmiyyətini vurğulayıb.

    Daha sonra Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Eşqin Bayramov və digər tədbir iştirakçıları çıxış edərək layihənin məqsəd və əhəmiyyəti barədə fikirlərini bildiriblər.

    Festival çərçivəsində müxtəlif peşə sahələri üzrə mütəxəssislərin təqdimatları dinlənilib. İştirakçılara ayrı-ayrı peşələrin xüsusiyyətləri, bu sahələrdə fəaliyyət üçün tələb olunan bacarıqlar və inkişaf perspektivləri barədə məlumat verilib.

    “PeşəFest-2026” çərçivəsində əmək bazarında aktual olan 11 peşə və ixtisas istiqaməti təqdim olunub. Bunlar barista, bərbər, tibb bacısı/tibb qardaşı, dənizçi, əşyaların interneti (IoT) üzrə mütəxəssis, uçuş mühəndisi, geyim üzrə dizayner, silah mühəndisi, SƏTƏM mütəxəssisi, kibertəhlükəsizlik mütəxəssisi və UI/UX dizayner istiqamətləridir.

    Tədbir zamanı gənclər mütəxəssislərlə fikir mübadiləsi aparıb, onları maraqlandıran suallara cavablar alıb, müxtəlif peşələrin xüsusiyyətləri və həmin sahələr üzrə fəaliyyət imkanları ilə yaxından tanış olublar.


    Bəradər Səməndərli,

    Zahir Məmmədov 

    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ