Oktyabrın 7-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Hicran Hüseynova gündəliyə bir məsələnin daxil edildiyini bildirib.
Komitə sədri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında", "Veteranlar haqqında", "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Məişət zorakılığının qarşısının alınması haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib.
Qeyd edilib ki, təqdim olunan qanun layihəsi “Pulsuz hüquqi yardım haqqında” yeni qanun layihəsinin hazırlanması zərurətindən yaranıb. Qanun layihəsinin əsas məqsədi həssas əhali qruplarının pulsuz hüquqi yardımdan yararlanmaq hüququnu genişləndirmək və onların hüquqlarının daha etibarlı müdafiəsini təmin etməkdir. Layihə şəhid ailələri, veteranlar, qaçqınlar, valideyn himayəsindən məhrum olmuş uşaqlar, yetkinlik yaşına çatmayanlar, insan alveri və məişət zorakılığı qurbanları, sosial yardım alan ailələrin üzvləri və digər müəyyən edilmiş şəxslərin pulsuz hüquqi yardım alma hüququnu təsbit edir. Bununla əlaqədar “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna da müvafiq dəyişikliklər edilərək vəkillərin və Vəkillər Kollegiyasının pulsuz hüquqi yardım sahəsində vəzifə və fəaliyyətləri müəyyənləşdirilir.
Məsələ ilə bağlı müzakirələrdə komitənin sədr müavini Jalə Əliyeva, komitənin üzvləri Mehriban Vəliyeva, İlham Məmmədov, Günay Ağamalı və Səbinə Xasayeva çıxış ediblər.
Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda komitənin üzvləri Könül Nurullayeva, Tamam Cəfərova, Müşfiq Məmmədli və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
