Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi mühüm mesajların və qarşıya qoyduğu vəzifələrin geniş ictimaiyyətə çatdırılması məqsədilə YAP Abşeron rayon təşkilatında keçirilən müşavirədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynova, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, ərazi partiya təşkilatlarının sədrləri, rayon Ağsaqqallar Şurasının sədri, şəhid ailələrinin üzvləri, Əməkdar müəllim, qazilər, şəhid ailələri və veteranlarla birlikdə iştirak edib.
"Atributinfo.az" məlumat verir ki, müşavirədə komitə sədri Hicran Hüseynova YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Xırdalan şəhər 40 saylı Ərazi Partiya Təşkilatının sədri Bayram Hüseynzadə, Xırdalan şəhəri 3 saylı Ərazi Partiya Təşkilatının sədri İlkin Əsədov, Rayon Ağsaqqallar Şurasının sədri və şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, Saray 3 saylı Ərazi Partiya Təşkilatının sədri, Əməkdar müəllim Təyubə Hüseynova, Xırdalan şəhər 53 saylı Ərazi Partiya Təşkilatının sədri və “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin Abşeron rayon filialının sədri Süleyman Cəfərov çıxış ediblər.
Hicran Hüseynova çıxışında vurğulayıb ki, tarix təsadüfi zəfərləri qəbul etmir. Regionun geosiyasi xəritəsini dəyişən, xalqımıza milli ləyaqət hissini qaytaran böyük Qələbələr bir gündə yaranmır. Onların arxasında dövlətin və xalqın taleyini müəyyən edən siyasi iradə, uzaqgörən strategiya və tarixi məsuliyyət dayanır. Müasir Azərbaycan üçün belə mühüm dönüş nöqtələrindən biri Yeni Azərbaycan Partiyasının Naxçıvanda keçirilmiş təsis qurultayı olmuşdur. Məhz həmin tarixi mərhələdə Azərbaycanın gələcək inkişafını və dövlətçilik xəttini müəyyən edən siyasi kursun təməli qoyulmuşdur.
O, qeyd edib ki, VIII Qurultaydan cəmi bir neçə gün keçməsinə baxmayaraq, partiyanın sədri, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qurultaydakı dərin məzmunlu və əhatəli nitqinin təsiri altındayıq. Dövlət başçısının çıxışında Azərbaycanın keçdiyi tarixi yol, Ümummilli Liderimiz Heydər Əliyevin misilsiz xidmətləri, Yeni Azərbaycan Partiyasının fəaliyyəti, əldə etdiyimiz tarixi Qələbələr və qarşıdakı dövrün əsas vəzifələri geniş şəkildə əksini tapıb. İndiki qurultayın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilməsi xüsusi tarixi əhəmiyyət daşıyır. Təxminən otuz il ərzində milli siyasətimizin əsas məsələsini təşkil edən məqsədə nail olmuşuq. Qarşımızda isə artıq yeni tarixi mərhələnin vəzifələri, dövlətimizin gələcək inkişaf gündəliyi dayanır. 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə regionda strateji vəziyyəti kökündən dəyişdi. 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri isə Azərbaycanın öz ərazisində suverenliyini tam bərpa etməsi ilə nəticələndi. Azərbaycan bu nəticəyə kənar qüvvələrin siyasi qərarı və ya dəstəyi hesabına deyil, öz siyasi iradəsi, iqtisadi imkanları və hərbi gücü ilə nail olub. İşğala öz gücümüzlə son qoymağımız və bölgədə yeni reallıqlar yaratmağımız müstəqil dövlət kimi imkanlarımızın ən mühüm göstəricilərindəndir. Qələbə dövlət strategiyasının son nöqtəsi ola bilməz. Onun əsl siyasi əhəmiyyəti əldə edilmiş nəticənin davamlı inkişafa, uzunmüddətli təhlükəsizliyə, iqtisadi dayanıqlılığa və insanların azad edilmiş ərazilərə qayıdışına çevrilməsi ilə müəyyən olunur. Prezident İlham Əliyevin qurultaydakı nitqində ifadə etdiyi müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımıza güvənmək prinsipləri Azərbaycanın yeni tarixi mərhələdə inkişafının əsas dayaqlarıdır.
Komitə sədri həmçinin xüsusilə vurğulayıb ki, sülh və təhlükəsizlik özünü müdafiə etmək qabiliyyətindən imtina demək deyil. Əksinə, son onilliklərin təcrübəsi göstərdi ki, dayanıqlı sülhün əsas şərtlərindən biri dövlətin öz suverenliyini və milli maraqlarını qorumaq üçün kifayət qədər siyasi, iqtisadi və hərbi imkanlara malik olmasıdır. Bu baxımdan güclü ordunun və hərbi potensialın qorunması Azərbaycanın milli təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. Eyni zamanda, dövlət siyasətinin ağırlıq mərkəzi yeni şəraitdə quruculuq və inkişaf istiqamətində daha da genişlənir. Qarabağın və Şərqi Zəngəzurun bərpası, müasir infrastrukturun yaradılması, yeni yaşayış məntəqələrinin salınması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı suverenliyi siyasi-hüquqi anlayışdan gündəlik həyatın reallığına çevirir. Böyük Qayıdışın əhəmiyyətinə toxunaraq bildirdim ki, bu proses insanların doğma torpaqlarına qayıdışı ilə məhdudlaşmır. Azad edilmiş ərazilər məktəbləri, yolları, müəssisələri, sosial obyektləri və iş imkanları ilə Azərbaycanın vahid iqtisadi və sosial məkanına tam inteqrasiya edilməlidir. Bu baxımdan Böyük Qayıdış ərazi bütövlüyünün bərpasından sonra dövlət quruculuğunun yeni mərhələsidir. İqtisadi müstəqilliyin siyasi suverenliyin vacib dayaqlarından biri olduğunu da vurğuladım. Öz imkanlarına güvənən, inkişafını müstəqil şəkildə maliyyələşdirə bilən dövlət milli prioritetlərini daha inamla müəyyən edir, qərarlarını öz milli maraqları əsasında qəbul edir və xarici siyasətini daha geniş imkanlarla həyata keçirir. Müasir dünyada suverenlik dövlət bayrağının, sərhədlərin və dövlət institutlarının mövcudluğu ilə məhdudlaşmır. Real suverenlik milli prioritetləri müstəqil şəkildə müəyyən etmək, təhlükəsizliyi təmin etmək, iqtisadi inkişaf üçün dayanıqlı imkanlar yaratmaq və milli maraqları qorumaq gücünü də özündə ehtiva edir.
Sonda Hicran xanım vurğulayıb ki, Azərbaycan artıq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş qalib dövlət kimi qarşısında yeni vəzifələr müəyyənləşdirir. Qarşıdakı əsas məqsəd əldə etdiyimiz Qələbəni uzunmüddətli təhlükəsizlik, davamlı inkişaf və genişmiqyaslı quruculuq sisteminə çevirmək, dövlətimizin gücünü və suverenliyini siyasi, iqtisadi, demoqrafik və strateji baxımdan daha da möhkəmləndirməkdir.
Ümummilli Liderimiz Heydər Əliyevin yaratdığı və ətrafında xalq hərəkatının formalaşdığı Yeni Azərbaycan Partiyası dövlətimizin xilası və inkişafının avanqard siyasi qüvvəsindən suveren, güclü və qalib Azərbaycanın əsas siyasi dayaqlarından birinə qədər böyük və şərəfli yol keçib. İnanıram ki, Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycanın qarşısında dayanan yeni hədəflərin reallaşdırılmasına, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə və ölkəmizin inkişafına öz layiqli töhfəsini verəcəkdir:
"Tədbirə dəvətə görə YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyevə və təşkilatın bütün üzvlərinə təşəkkürümü bildirirəm."- Hicran Hüseynova çıxışını bitirərək deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"
