Azərbaycanda fermerlərin məhsullarını satması, gəlir əldə etməsi və istehsal risklərindən qorunması üçün dövlət müdaxiləsinin konkret mexanizmləri qanunvericilikdə daha dəqiq müəyyənləşdirilməlidir. Bunu Milli Məclisin deputatı Razi Nurullayev “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Mənim üçün qanunun əsas sınağı bu qanunun fermerin gündəlik həyatında nəyi dəyişəcəyidir. Fermer üçün əsas məsələ təkcə istehsal etmək deyil, əsas məsələ məhsulunu satmaq, gəlir əldə etmək və risklərdən qorunmaqdır”, - Nurullayev bildirib.
Deputatın sözlərinə görə, fermerin gəlirinin qorunması, bazar qiymətlərində kəskin dəyişikliklər zamanı dövlət müdaxiləsinin konkret mexanizmi, müqaviləli istehsalda fermerin hüquqlarının müdafiəsi və subsidiyaların verilməsi ilə bağlı müddətlər qanunda daha dəqiq ifadə olunmalıdır.
Nurullayev kənd təsərrüfatında suvarma məsələsinin də ayrıca əhəmiyyət daşıdığını vurğulayıb.
“Azərbaycan kənd təsərrüfatında su sadəcə resurs deyil, istehsalın taleyini müəyyən edən əsas amildir. Suvarma ilə bağlı prinsiplər layihədə var, amma suvarma qrafikinin pozulması, su çatışmazlığı nəticəsində məhsul itkisi və belə hallarda fermerlərin hüquqlarının qorunması daha konkret mexanizm tələb edir”, - deputat deyib.
O, dövlət dəstəyinin şəffaflığının təmin edilməsini də vacib hesab edib.
“Fermerin reytinqi, subsidiya qərarı və digər dövlət dəstəyi mexanizmləri üzrə fermerin etiraz və məlumat almaq hüquqları qanunda aydın göstərilməlidir. Xüsusilə bir prinsipin qanunda daha aydın görünməsini vacib sayıram: fermer dövlət qarşısında məsuliyyət daşıdığı kimi, dövlət də fermer qarşısında konkret öhdəlik daşımalıdır”, - Nurullayev bildirib.
Deputat qeyd edib ki, bu yanaşma qanunun yalnız aqrar sahəni tənzimləyən sənəd deyil, fermerin hüquqlarını, gəlirini və istehsalının dayanıqlığını qoruyan iqtisadi mexanizmə çevrilməsinə imkan verə bilər.
Nurullayev qanun layihəsi ilə bağlı üç əsas sualın cavablandırılmasını istəyib.
“Fermer məhsulunu maya dəyərindən aşağı qiymətə satmaq məcburiyyətində qalanda dövlətin konkret müdaxilə mexanizmi necə olacaq? Suvarma suyu vaxtında verilmədikdə və fermer zərər çəkdikdə, onun hüququ və dövlət qurumunun məsuliyyəti necə ölçüləcək və necə qorunacaq? Fermer subsidiyadan və ya reytinqdən narazı qaldıqda, onun real etiraz və hüququnun bərpası mexanizmi ayrıca bənd şəklində təsbit oluna bilərmi?” - deputat sual edib.
O hesab edir ki, bu məsələlərin qanunda ayrıca müddəalarla təsbit olunması daha ədalətli yanaşma olardı.
Gülnar Nazimqızı
