Anım mərasimi şəhidin dəfn olunduğu Saatlı rayonunun Dədə Qorqud kəndində baş tutub.
"Atributinfo.az" xəbər verir ki, Şəhidin il dönümündə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, RİH məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhid ailələri iştirak edib.
Mərasim iştirakçıları Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra mərasim iştirakçıları tərəfindən şəhid Natiq Rəşidovun məzarı önünə tər gül dəstəsi qoyulub, şəhidlərimizin əziz xatirəsi dərin hörmətlə yad edilib.
Mərasim zamanı çıxış edən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov şanlı Qələbə ilə sona çatan Vətən müharibəsi zamanı canlarını fəda edən oğullarımızın xatirəsinin əbədi qəlbimizdə yaşayacağını, dövlətimizin və xalqımızın hər zaman şəhidlərimizin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunacağını bildirib.
Şəhidimizin ailə üzvləri hər zaman olduğu kimi Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatələndiyini, sosial təminatlarının yaxşılaşdırılması istiqamətində aparılan islahatlar və yüksək işlərə görə dərin minnətdarlığlarını bildirib.
Mərasimdə şəhidimizin əziz xatirəsini yad edərək onun valideynlərinə və yaxınlarına ehtiramını bildirən Elmir Bağırov vurğuladı ki, illər ötsə belə şəhidlərimizə olan sonsuz ehtiram, sevgi heç zaman dəyişməyəcək, əksinə daha da artacaqdır. Şəhidlərimiz bizim üçün hər zaman əzizdir. Şəhidlərimizin ailəsi bizim ailəmizdir.Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmiş valideynlərin qarşısında baş əyirəm. Biz Natiq kimi qardaşlarımızla qürur duyuruq ona görə ki, Azərbaycan xalqı onların sayəsində artıq bütün dünyada qəhrəman xalq kimi özünü təsdiq etdi. Bildirilib ki, Azərbaycan xalqı hər zaman torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsini uca tutur və onlarla fəxr edir. Şəhidlərimiz bizim azadlıq, müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvolumuzdur. Vətənimizin yolunda canını qurban verənlər həmişə qəlbimizdə yaşayır və bundan sonra da daim yaşayacaqdır!
Natiq Rəşidov 2 sentyabr 1991-ci ildə Saatlı rayonunun Dədə Qorqud kəndində doğulub. 2020-ci ildə Tovuz döyüşlərindən sonra könüllü olaraq ordu sıralarına yazılmışdır.
Şəhidimiz zəhmətkeş və çox uşaqlı bir ailədə gözünü açıb. Ailə üzvləri və ətrafındakı insanlar tərəfindən sevilən, mərdliyinə, fiziki cəhətdən hazırlığına və zəhmət sevərliyinə görə seçilən bir şəxs olub. 2009-20011-ci illərdə Daşkəsən rayonunda hərbi xidmətdə olub. 2013-cü ildə ailə həyatı qurub, 2 övladı var. 2016-cı ildə aprel döyüşlərində iştirak etmək üçün könüllü yazılsa da iştirak etmək nəsib olmayıb. Döyüş yolu 21 sentyabr 2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi təlimlərə cəlb olunmuşdur. Natiq Xocavənd rayonunun Hadrut qəsəbəsi uğrunda döyüşlərdə iştirak etmişdir. Döyüş yoldaşlarının dediyinə görə Natiq döyüşlərdə böyük qəhrəmanlıq göstərmiş və bir neçə düşmən tankını məhv etmişdir. Hadrut uğrunda döyüşlərdə itkin düşmüşdür. Təxminən bir ay sonra qəhrəmancasına şəhid olduğu məlum olmuş və 30 noyabrda doğulduğu Dədə Qorqud kəndində dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Natiq Rəşidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə zərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Natiq Rəşidov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Natiq Rəşidov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Natiq Rəşidov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə " medalı ilə təltif edildi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Bəradər
"Atributinfo.az.
