Yenə qəpiklər gəldi gündəmə. Bu dəfə salafan torbalarla. Qəpik manatın yoxsul təbəqəsidir. Təki yoxsulu, imkansızı da qəpik qədər başa düşəydilər. Qəpik tramvay vaxtında ona görə dəyərli idi ki, cibində qəpik-quruşu olan təbəqə həm bu pulu yol haqqı edə bilirdi, həm də özündən maddi cəhətdən yuxarı, mənəvi cəhətdən aşağı haram yollarla yığdığı dolları, yevronu sərt, işlək qanunun xofundan üzə çıxara bilməyən təbəqədən fərqli olaraq alnı acıq, üzü ağ çörək pulu edə bilirdi, hələ üst-üstə yığıb hansısa gündəlik tələbatına xərcləyə bilir, bəzən də dar gün ücün manata cevirə bilirdi. Qəpiyin hörməti olmasa, manatın qədri, qiyməti bilinməz. Elə o illəri xatırlayaraq kəlbəcərli aşıq-şair Sücaət yazırdi ki, Qəpik-qəpik yığıb sevdiyim qıza, Boyunbağı aldığım günlər olaydı. Heyif o məzmunlu, mənalı illərə. Ötən günə günə çatmaz... Hələ bu günkü günə də şükurlər olsun. Allah bundan betərindən hifz eləsin bizləri.