Sizin reklam burada
Sizin reklam burada

Şəhid Azad Bayramovun anım mərasimi keçirilib

Saatlı rayonunun Məmmədabad kənd tam orta məktəbində birinci Qarabağ savaşında qəhrəmancasına şəhid Bayramov Azad Yusif oğlunun anadan olmasının 50 illik yubileyi münasibətilə anım mərasimi keçirilib.
Mərasimə rayon İcra Hakimiyyətinin, səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin, Yap rayon təşkilatının məsul nümayəndələri, şəhid ailələri, qazilər, müharibə veteranları, məktəbin müəllim və şagirdləri, kənd sakinləri və gənclər qatılmışlar.
Mərasim iştirakçıları əvvəlcə kənd qəbiristanlığında dəfn olunmuş şəhidin məzarın ziyarət edib, üzərinə tər gül-çiçək dəstələri qoyublar. Sonra məktəb binasının önündə davam etdirilən mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Burada iştirakçılar tərəfindən hörmət və ehtiram əlaməti olaraq şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə şəhidin qısa, lakin şərəfli ömür yolundan və döyüşlərdə göstərdiyi şücaət və qəhrəmanlıqlardan danışılıb. Bildirilib ki, Azad Bayramov 1972-ci ilin noyabr ayının 22-də rayonun Əliabad kəndində anadan olub.İlk təhsilini Məmmədabad kənd orta məktəbində alıb. Sonradan təhsilini 109 saylı Texniki Peşə məktəbində davam etdirib, mexanizator peşəsinə yiyələnib.
1992-ci ilin aprel ayında Saatlı rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılıb. DİN Daxili Qoşunlarının “N” saylı hərbi hissəsində əsgəri xidmətə başlayıb. Burada qısa müddətdə hərbi təlim keçdikdən sonra ön cəbhəyə yollanıb. Azadın döyüş yolu 13 aprel 1992-ci ildə Ağdamın Xındırıstan kəndindən başlayıb. Erməni silahlı birləşmələrinin Ağdama qarşı keçirdikləri döyüş əməliyyatlarının qarşısını mətinliklə alan Azad və onun əsgər yoldaşları Aranzəmin və Pircamal kəndlərini düşməndən azad edib. Əsgəran rayonunun Naxçıvanik kəndi uğrunda aparılan əks hücum əməliyyatında qəhrəmancasına vuruşan Azad Bayramov 19 iyun 1992-ci il tarixdə həlak olub, şəhidlik zirvəsinə ucalıb.
Onun nəşi 22 iyun 1992-ci il tarixdə doğma kənd qəbiristanlığında torpağa tapşırılıb.
Həmin ildən məktəbə şəhidin adı verilməklə əbədiləşdirilib.
Mərasimdə məktəbin şagirdləri tərəfindən vətənə, torpağa,şəhidlərimizə və şanlı zəfərimizə həsr olunmuş şeirlər səsləndirilmiş, qəhrəmanlıq nəğməsi ifa edilmişdir.
Sonda mərasim iştirakçıları şəhidin ailə üzvləri ilə birlikdə xatirə şəkli çəkdirmişlər.

Ağagül Nərimanov,
Saatlı rayonu

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ