Sizin reklam burada
Sizin reklam burada
  • Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanın yeni siyasi mərhələsi

    Ümman Rüstəmli

    YAP Xızı rayon təşkilatının sədr müavini

     

    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, dövlətimizin keçdiyi tarixi yolun, əldə etdiyi böyük nailiyyətlərin və qarşıda duran vəzifələrin dəyərləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Qurultayın Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdiyi yeni tarixi şəraitdə keçirilməsi bu siyasi tədbirə xüsusi məna qazandırır.

    Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin VIII Qurultayda etdiyi proqram xarakterli nitqdə ölkəmizin son illərdə keçdiyi tarixi yol geniş şəkildə təhlil edilmiş, əldə olunan Zəfərin əhəmiyyəti vurğulanmış və yeni mərhələdə qarşıda duran əsas vəzifələr müəyyənləşdirilmişdir.

    Yeni Azərbaycan Partiyası bu yeni mərhələdə də mühüm siyasi missiya daşıyır. Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik ideyaları əsasında yaradılmış YAP ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayaraq milli həmrəyliyin və dövlətçilik ənənələrinin möhkəmlənməsinə mühüm töhfələr verib. VIII Qurultay partiyanın fəaliyyətinin yeni dövrün tələblərinə uyğun davam etdirilməsinin vacibliyini bir daha ortaya qoydu.

    Qurultayın mühüm xüsusiyyətlərindən biri Azərbaycanın artıq tamamilə fərqli ictimai-siyasi və geosiyasi reallıqda fəaliyyət göstərməsidir. VII Qurultay 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən cəmi bir neçə ay sonra keçirilmişdi. Həmin dövrdə Azərbaycan işğala son qoyaraq bölgədə yeni reallıqlar yaratmışdı. Bu gün isə ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qalib dövlət kimi yeni mərhələyə qədəm qoyur.

    Bu tarixi nəticə yalnız hərbi uğurun deyil, uzun illər ərzində həyata keçirilmiş ardıcıl və məqsədyönlü dövlət siyasətinin məntiqi nəticəsidir. Güclü iqtisadiyyatın qurulması, Ordunun müasir standartlar əsasında gücləndirilməsi, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və xalq-iqtidar birliyinin təmin olunması Azərbaycanın Zəfərini şərtləndirən əsas amillərdir. 2020-ci il Vətən müharibəsində əldə olunan qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilmişdir.

    Bu tarixi Zəfərə gedən yol heç də asan olmayıb. Azərbaycan müxtəlif siyasi təzyiqlərlə, həqiqətlərimizin təhrif edilməsinə yönəlmiş kampaniyalarla və ölkəmizin müstəqil siyasətinə mane olmağa çalışan qüvvələrin müqaviməti ilə üzləşib. Buna baxmayaraq, Azərbaycan milli maraqlarına əsaslanan siyasətindən geri çəkilməyib və qarşıya qoyduğu məqsədlərə inamla doğru irəliləyib.

    Azərbaycan artıq Zəfərdən sonrakı yeni inkişaf mərhələsindədir. Əgər əvvəlki dövrdə əsas məqsəd torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyin bərpası idisə, hazırda əsas vəzifə əldə edilmiş nailiyyətlərin möhkəmləndirilməsi, ölkəmizin daha da gücləndirilməsi və dayanıqlı inkişafının təmin edilməsidir.

    Bu mərhələdə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri xüsusi əhəmiyyət daşıyır. Yeni yaşayış məntəqələrinin salınması, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin olunması Böyük Qayıdış siyasətinin mühüm nəticələridir.

    Qurultayda səsləndirilən fikirlər ölkəmizin gələcək inkişafının əsas istiqamətlərini də müəyyən edir. Güclü iqtisadiyyatın formalaşdırılması, müdafiə qüdrətinin daha da artırılması, sosial rifahın yüksəldilməsi, dövlət müstəqilliyinin və suverenliyin qorunması, eləcə də Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi qarşıdakı dövrün əsas prioritetlərindəndir.

    Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan xalqımızın həmrəyliyi, dövlətimizin gücü və milli maraqlara əsaslanan müstəqil siyasət sayəsində yeni uğurlara doğru inamla irəliləyir.





    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ