Milli Məclisin deputatı Müşfiq Cəfərov seçicilərlə mütəmadi təmasların davam etdirilməsi, onların müraciət və problemlərinin yerində öyrənilməsi məqsədilə Goranboy rayonunda növbəti dəfə vətəndaşlarla görüş keçirib.
"Atributinfo.az" xəbər verir ki, görüş zamanı rayon sakinləri tərəfindən qaldırılan müxtəlif məsələlər, sosial problemlər, gündəlik həyat şəraitinin yaxşılaşdırılması, eləcə də onları narahat edən digər aktual mövzular diqqətlə dinlənilib. Deputat hər bir vətəndaşın müraciətinə fərdi yanaşaraq səsləndirilən problemlərin mahiyyəti ilə maraqlanıb, onların həlli yolları ətrafında fikir mübadiləsi aparıb.
Qəbulda vətəndaşların qaldırdıqları məsələlərin aidiyyəti üzrə araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həlli istiqamətində müvafiq dövlət qurumları ilə əlaqə saxlanılması, zəruri müraciətlərin ünvanlandırılması qərara alınıb.
Müşfiq Cəfərov bildirib ki, seçicilərlə mütəmadi görüşlərin keçirilməsi, onların problemlərinin dinlənilməsi və həlli istiqamətində müvafiq addımların atılması deputat fəaliyyətinin mühüm istiqamətlərindəndir. Bu cür görüşlər vətəndaşlarla dövlət qurumları arasında əlaqələrin möhkəmləndirilməsi, ictimai problemlərin vaxtında müəyyənləşdirilməsi və onların aradan qaldırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, seçicilərlə birbaşa ünsiyyət deputat fəaliyyətinin əsas istiqamətlərindən biri olmaqla, yerlərdə mövcud vəziyyətin öyrənilməsinə, əhalinin sosial qayğılarının diqqətdə saxlanılmasına və qaldırılan məsələlərin həlli prosesinin izlənilməsinə imkan yaradır.
Vətəndaş qəbullarının davam etdirilməsi Goranboy sakinlərinin müraciətlərinin operativ şəkildə araşdırılması və onların narahatlıq doğuran məsələlərinin həllinə dəstək göstərilməsi baxımından əhəmiyyətlidir.
Bəradər Səməndərli
"Atributinfo.az"
