Sizin reklam burada
Sizin reklam burada
  • VÜQAR BAYRAMOV: KƏLBƏCƏRİN İQTİSADİ POTENSİALI ZƏFƏRDƏN SONRA YENİ İNKİŞAF MƏRHƏLƏSİNƏ QƏDƏM QOYUB

    Deputat Kəlbəcərin azadlığı, bərpası və iqtisadi yüksəlişini Azərbaycanın Zəfər strategiyasının mühüm nəticələrindən biri kimi qiymətləndirib.


    25 noyabr – Kəlbəcər Şəhəri Günü Azərbaycanın müasir tarixində xüsusi yeri olan əlamətdar günlərdəndir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilən bu gün Kəlbəcərin azadlığına, milli yaddaşımızda daşıdığı tarixi missiyaya və işğaldan sonra başlanan möhtəşəm quruculuq prosesinə ehtiramın ifadəsidir.


    "Atributinfo.az" xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov Kəlbəcər Şəhəri Günü ərəfəsində rayonun tarixi əhəmiyyətini, iqtisadi imkanlarını və Zəfərdən sonrakı inkişaf göstəricilərini diqqətə çatdırıb. Deputatın fikrincə, Kəlbəcərin Azərbaycana qaytarılması yalnız ərazi bütövlüyümüzün bərpası baxımından deyil, həm də hərbi qələbənin diplomatik, siyasi və iqtisadi müstəvidə davam etdirilməsi baxımından mühüm hadisədir.

    Kəlbəcərin azad olunması Azərbaycanın dövlətçilik tarixində nadir siyasi və hərbi uğurlardan biri kimi qiymətləndirilməlidir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində rayon 25 noyabr 2020-ci ildə bir güllə belə atılmadan, şəhid verilmədən Azərbaycana qaytarıldı. Bu hadisə həm diplomatik məharətin, həm də Azərbaycanın beynəlxalq müstəvidə möhkəmlənən mövqeyinin təzahürü idi.

    Lakin Kəlbəcərin azadlığı ilə yanaşı, qarşıda böyük və mürəkkəb vəzifələr də dayanırdı. İşğalın 27 ili ərzində rayonun infrastrukturu dağıdılmış, yaşayış məntəqələri viran qoyulmuş, zəngin təbii sərvətləri qeyri-qanuni şəkildə istismar edilmişdi. İşğal nəticəsində Kəlbəcərə dəymiş ziyanın ən azı 10 milyard dollar həcmində qiymətləndirilməsi bu dağıntıların miqyasını aydın göstərir.


    Kəlbəcər – təbii sərvətləri ilə strateji iqtisadi potensiala malik bölgə


    Vüqar Bayramovun diqqət çəkdiyi əsas məqamlardan biri Kəlbəcərin zəngin iqtisadi resurslarıdır. Rayon Cənubi Qafqazın ən böyük iqtisadi potensiala malik ərazilərindən biri hesab olunur. Mərmər oniksi, nefroid və digər faydalı qazıntı ehtiyatları, zəngin su resursları, geniş yaylaq və otlaq sahələri Kəlbəcərin gələcək iqtisadi inkişafı üçün mühüm imkanlar yaradır.

    Rayonun sənaye potensialı ilə yanaşı, kənd təsərrüfatının inkişafı üçün də əlverişli şərait mövcuddur. Heyvandarlıq, arıçılıq, bitkiçilik və digər kənd təsərrüfatı istiqamətləri Kəlbəcərin iqtisadi həyatında mühüm yer tuta bilər.

    Bununla yanaşı, Kəlbəcər Azərbaycanın turizm xəritəsində də xüsusi mövqeyə malikdir. Rayonun əsrarəngiz təbiəti, dağlıq landşaftı, müalicəvi imkanları, tarixi və dini abidələri qış, yay, sağlamlıq və ekoturizmin inkişafı üçün geniş perspektivlər açır. Bu imkanların səmərəli reallaşdırılması gələcəkdə Kəlbəcərin regional və beynəlxalq turizm mərkəzlərindən birinə çevrilməsinə zəmin yarada bilər.


    Beş ildə iqtisadi inkişafda misilsiz sıçrayış


    Kəlbəcərin Zəfərdən sonrakı iqtisadi göstəriciləri rayonun yeni inkişaf mərhələsinə daxil olduğunu nümayiş etdirir.

    Deputatın təqdim etdiyi rəqəmlərə əsasən, 2020-ci ildə iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı cəmi 49 milyon manat təşkil etdiyi halda, hazırda bu göstərici 1,5 milyard manatdan çoxdur. Beləliklə, rayonun iqtisadiyyatı beş il ərzində 30 dəfədən artıq böyüyüb.

    Sənaye sahəsində də diqqətəlayiq dəyişikliklər baş verib. 2020-ci ildə cəmi 224 min manatlıq sənaye məhsulu istehsal olunan Kəlbəcərin hazırkı sənaye potensialı 150 milyon manatdan yüksək qiymətləndirilir.

    Tikinti sektorundakı inkişaf isə xüsusilə diqqətçəkəndir. Bərpa və yenidənqurma işlərinin geniş vüsət alması nəticəsində son beş ildə tikinti sektorunun həcmi 165 dəfə artıb. Bu göstərici Kəlbəcərdə həyata keçirilən quruculuq prosesinin miqyasını və sürətini nümayiş etdirən mühüm iqtisadi faktlardan biridir.

    Əlbəttə, bu rəqəmlərin arxasında yalnız iqtisadi göstəricilər dayanmır. Burada yeni yolların çəkilməsi, enerji və kommunikasiya infrastrukturunun yaradılması, yaşayış məntəqələrinin yenidən qurulması, istehsal və xidmət sahələrinin formalaşdırılması kimi çoxşaxəli dövlət proqramları dayanır.


    Kəlbəcərə həyat qayıdır – Zəfərdən quruculuğa uzanan yol


    Bu gün Kəlbəcərdə aparılan bərpa və yenidənqurma işləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərə münasibətdə müəyyənləşdirdiyi strateji inkişaf modelinin mühüm tərkib hissəsidir. Dövlətin məqsədi yalnız dağıdılmış infrastrukturu bərpa etmək deyil, həm də müasir iqtisadi imkanlara, dayanıqlı məşğulluğa, sosial rifaha və təhlükəsiz yaşayış mühitinə əsaslanan yeni Kəlbəcər qurmaqdır.

    Bu baxımdan, rayonun gələcək inkişafı təkcə yerli əhəmiyyət daşımır. Kəlbəcərin sənaye, kənd təsərrüfatı, turizm və xidmət sektorları üzrə potensialının reallaşdırılması bütövlükdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına da ciddi töhfə verə bilər.

    25 noyabr – Kəlbəcər Şəhəri Günü həm də doğma torpaqlarından didərgin düşmüş insanların qayıdış arzularının gerçəkləşməsinin, tarixi ədalətin bərpasının və milli həmrəyliyimizin təntənəsinin rəmzidir.

    Kəlbəcər bu gün özünün yeni tarixini yazır. Dünən dağıntıların və işğalın simvoluna çevrilmiş şəhər bu gün quruculuğun, iqtisadi yüksəlişin və Böyük Qayıdışın ünvanlarından birinə çevrilir.

    Ən başlıcası, Kəlbəcərə yalnız yollar, binalar və iqtisadi obyektlər deyil, həyat qayıdır. Dağların qoynunda yenidən qurulan bu qədim Azərbaycan torpağında sabaha inam, gələcəyə ümid və doğma yurda bağlılıq yenidən canlanır.

    Kəlbəcərin bugünkü inkişafı bir daha təsdiqləyir ki, Azərbaycanın Zəfəri yalnız torpaqların azad edilməsi ilə məhdudlaşmır. Bu Zəfər həm də dağıdılmış şəhərlərin dirçəlişi, iqtisadi gücün bərpası və milli dövlətçilik iradəsinin quruculuqla təsdiqidir.


    Bəradər Xanəliyev 

    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ