Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti audit sahəsində keyfiyyətə kənar nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və institusional əməkdaşlığın genişləndirilməsi məqsədilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində işgüzar səfərdə olub.
Auditorlar Palatasından bildirilib ki, səfərdə Palatanın Rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə sədr müavini vəzifəsini icra edən Qoşqar Əhmədov, Haqsız Rəqabət, Kənar Keyfiyyətə Nəzarət və Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Rövşən Cəfərov, Palatanın üzvü, “SR Audit Solutions” MMC-nin direktor-auditoru, Palata Şurasının Keyfiyyətə Nəzarət və Keyfiyyətin İdarə Edilməsi Komitəsinin sədri Səftər Vəlizadə iştirak ediblər.
Nümayəndə heyəti Gürcüstan Maliyyə Nazirliyinin Mühasibat Uçotu, Hesabatlılıq və Auditə Nəzarət Xidməti (SARAS) ilə görüşlər keçirib, audit və maliyyə hesabatlılığı sahəsində qanunvericilik bazası, institusional nəzarət mexanizmləri və tətbiq olunan prosedurlarla tanış olub. Görüşlərdə “Mühasibat uçotu, hesabatlılıq və audit haqqında” Gürcüstan Qanununun tələbləri, kənar keyfiyyətə nəzarətin həyata keçirilməsi qaydaları, yoxlamalar zamanı istifadə olunan metodologiya, prosedurlar və işçi sənədlər, habelə qanunvericiliyin və normativ hüquqi aktların tələblərinin pozulmasına görə tətbiq edilən sanksiyalar barədə məlumat mübadiləsi aparılıb.
Səfər çərçivəsində audit sahəsini tənzimləyən normativ sənədlər, maliyyə hesabatlılığı üzrə sənədlər, çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində auditorların öhdəliklərini müəyyən edən qaydalar və digər materiallar nəzərdən keçirilib. SARAS-ın illik fəaliyyət hesabatları və keyfiyyətə nəzarət üzrə illik hesabatları əsasında monitorinqlərin nəticələri, aşkar edilmiş nöqsanlar, tətbiq olunan tədbirlər, mühasibat uçotu və maliyyə hesabatlılığı sahəsində görülən işlər, eləcə də prioritet istiqamətlər barədə təcrübə öyrənilib.
Tərəflər kənar keyfiyyətə nəzarətin planlaşdırılması və aparılması, audit sənədlərinin qiymətləndirilməsi, yoxlama nəticələrinin rəsmiləşdirilməsi və açıqlanması, keyfiyyətin idarə edilməsi sistemlərinin qiymətləndirilməsi, aşkar olunan çatışmazlıqların təsnifləşdirilməsi, onların aradan qaldırılması üzrə tədbirlər planlarının hazırlanması və sonrakı monitorinqlərin keçirilməsi məsələlərini müzakirə ediblər. Həmçinin yoxlamaların maliyyələşdirilməsi, məcburi və risk əsaslı növbədənkənar monitorinqlər, məlumatların ictimaiyyətə açıqlanması, məxfiliyin qorunması və auditorların peşəkar hazırlıq ehtiyacları ilə bağlı fikir mübadiləsi aparılıb.
Gürcüstan tərəfinə Azərbaycanda audit sahəsində keyfiyyətə kənar nəzarət sisteminin təşkili, Auditorlar Palatasının tətbiq etdiyi elektron xidmətlər və “Şəxsi kabinet” sistemi barədə məlumat verilib.
Görüşlərdə audit sahəsində süni intellekt texnologiyalarının tətbiqi imkanları və yarada biləcəyi risklər də müzakirə olunub. Böyük həcmli məlumatların təhlili, şübhəli əməliyyatların müəyyənləşdirilməsi, risklərin qiymətləndirilməsi, sənədlərin emalı və audit proseslərinin avtomatlaşdırılması kimi istiqamətlərdə süni intellektin potensialı qeyd edilib.
Səfər zamanı Azərbaycan və Gürcüstanın müvafiq qurumları arasında peşəkar əlaqələrin inkişaf etdirilməsi, təcrübə mübadiləsinin davamlı xarakter alması eləcə də gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər audit sahəsində keyfiyyətə kənar nəzarətin təkmilləşdirilməsi və müasir çağırışlara uyğun institusional potensialın gücləndirilməsi istiqamətində əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
