Hörmətli deputatlar!
Bildiyiniz kimi, sabah ölkəmizdə Kəlbəcər şəhəri günü qeyd olunacaq. Bu şəhərimizin də erməni işğalından azad edilməsi Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həm hərbi, həm də diplomatik Zəfərinin nəticəsi olmuşdur. Azad edilmiş digər rayonlarımız kimi, bu gün Kəlbəcər də ikinci həyatını yaşayır. Bərpa-quruculuq işləri həyata keçirilir, keçmiş məcburi köçkün soydaşlarımız doğma yurdlarına dönürlər.
Hörmətli həmkarlar!
Bildiyiniz kimi, noyabrın 18-dən 20-dək Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti Türkmənistanda işgüzar səfərdə olmuşdur. Səfərdə məqsəd MDB Parlamentlərarası Assambleyasının Şura iclasında və 61-ci plenar iclasında iştirak etmək idi.
Noyabrın 19-da Assambleyanın Şura iclası keçirildi. İclasda gündəliyin məsələləri ilə bağlı müvafiq qərarlar qəbul edildi.
Noyabrın 20-də keçirilən plenar iclasda isə birgə təşəbbüslərin həyata keçirilməsi, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olundu.
Mən çıxışımda bildirdim ki, Milli Məclis MDB-nin Parlamentlərarası Assambleyası çərçivəsində iş birliyini əhəmiyyətli sayır. Humanitar əlaqələrə diqqət yetirildi.
Və ötən il Laçın şəhərində MDB-nin Mədəniyyət Paytaxtı ilinin təntənəli açılış mərasimi çərçivəsində geniş miqyaslı tədbirlərin keçirildiyini qeyd etdim. Ölkəmizin 7 şəhərində III MDB Oyunlarının təşkil olunduğunu da vurğuladım.
Onu da nəzərə çatdırdım ki, Milli Məclisin deputatları Parlamentlərarası Assambleyanın seçkilər üzərində monitorinq fəaliyyətində mütəmadi iştirak edirlər.
Qeyd edim ki, hörmətli həmkarlar, deputatlarımız Assambleya komissiyalarının iclaslarında fəal iştirak etdilər.
Hörmətli həmkarlar!
Parlament sədrləri olaraq biz Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşdük.
Görüşdə digər məsələlər ilə yanaşı, bu da qeyd edildi ki, Assambleya parlamentlərimiz arasında əməkdaşlığın inkişafına töhfə verir.
Hörmətli deputatlar!
Səfər çərçivəsində Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova ilə nümayəndə heyətimizin görüşü oldu. Görüşdə vurğulandı ki, Azərbaycan və Türkmənistan dövlət başçılarının birgə səyləri ilə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri ardıcıl inkişaf edir. Biz parlamentlərin dostluq qrupları arasında qarşılıqlı əlaqənin genişləndirilməsi və beynəlxalq platformalarda əməkdaşlığın möhkəmləndirilməsi məsələlərini nəzərdən keçirdik.
Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə də nümayəndə heyətimizin görüşündə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə edildi.
İkitərəfli parlamentlərarası əməkdaşlıq komissiyasının işinə və beynəlxalq parlament qurumlarında qarşılıqlı əlaqəyə diqqət yetirildi. İqtisadi və humanitar əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi də aparıldı.
Hörmətli həmkarlar!
Hesab edirəm ki, Türkmənistana işgüzar səfər uğurlu oldu və bununla əlaqədar mən nümayəndə heyətinin hər bir üzvünə minnətdarlığımı bildirirəm.
