Sizin reklam burada
Sizin reklam burada
  • ZAHİD ORUC: “ƏRAZİLƏRİMİZİN İTİRİLMƏSİNƏ RAZI OLMADIĞIMIZ KİMİ, XƏZƏRİN SAHİLLƏRİNİN NƏZARƏTSİZ QALMASINA DA YOL VERMƏMƏLİYİK”


    "Atributinfo.az" xəbər verir ki, Milli Məclisin plenar iclasında deputat Zahid Oruc Azərbaycanın enerji siyasətinin strateji istiqamətləri, “Abşeron” qaz yatağının işlənməsi üzrə yeni saziş və Xəzər dənizinin səviyyəsinin azalmasının yaratdığı ekoloji, iqtisadi və hüquqi problemlərlə bağlı mühüm məsələləri gündəmə gətirib.


    Deputat bildirib ki, müzakirəyə təqdim olunan “Abşeron” dəniz bloku üzrə hasilatın pay bölgüsü sazişinin yeni redaksiyada təsdiqi Azərbaycanın müstəqil neft-qaz siyasətində növbəti mühüm mərhələdir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rolunu qoruyub saxlayır və beynəlxalq enerji əməkdaşlığını genişləndirir.

    Zahid Oruc qeyd edib ki, 2009-cu ildə imzalanmış ilkin sazişin yenilənməsi, SOCAR, Fransanın “TotalEnergies” və Birləşmiş Ərəb Əmirliklərinin ADNOC şirkətinin iştirakı ilə layihənin yeni investisiya mərhələsinə keçməsi Azərbaycan iqtisadiyyatına beynəlxalq etimadın göstəricisidir. Sazişə əsasən, SOCAR və “TotalEnergies” şirkətlərinin hər birinin payı 35 faiz, ADNOC-un payı isə 30 faiz təşkil edir.

    Deputatın diqqətə çatdırdığına görə, “Abşeron” yatağında 2023-cü ildə başlanmış ilkin hasilatın illik gücü 1,5 milyard kubmetrdir. Tammiqyaslı işlənmədən sonra bu göstəricinin 6 milyard kubmetrə çatdırılması, yeni mərhələnin isə 2029-cu ildə işə salınması nəzərdə tutulur.

    O vurğulayıb ki, yeni saziş yalnız hasilatın artırılması deyil, həm də Azərbaycanın maliyyə gəlirlərinin çoxaldılması, daxili qaz təminatının möhkəmləndirilməsi və beynəlxalq enerji tərəfdaşlığının inkişafı baxımından əhəmiyyətlidir.


    Xəzərin gələcəyi dövlətin strateji məsuliyyətidir


    Zahid Oruc çıxışında enerji layihələrinin iqtisadi əhəmiyyətini yüksək qiymətləndirməklə yanaşı, Xəzər dənizinin gələcəyi, sahilboyu ərazilərin idarə olunması və bioresursların qorunması məsələlərinin də parlament müzakirələrinin mühüm istiqamətinə çevrilməli olduğunu bildirib.

    Deputat Prezident İlham Əliyevin noyabrın 16-da Xəzərin Azərbaycan sektorunun sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsi haqqında imzaladığı Fərmanın strateji əhəmiyyətini xüsusi qeyd edib. Onun fikrincə, bu sənəd dənizin səviyyəsinin azalması nəticəsində meydana çıxan yeni reallıqlara dövlət səviyyəsində sistemli yanaşmanın göstəricisidir.

    Çıxışda Xəzər dənizinin geri çəkilməsinin miqyası ilə bağlı narahatlıq doğuran rəqəmlər də səsləndirilib. Deputatın istinad etdiyi Coğrafiya İnstitutunun məlumatlarına əsasən, Astaradan Göyşabana qədər bəzi sahilboyu ərazilərdə dənizin geri çəkilməsi 40-50 metrdən 200-300 metrə qədər dəyişir. Ən güclü çəkilmənin isə Qızılağac körfəzində ildə orta hesabla 250-300 metr təşkil etdiyi bildirilir.

    Zahid Oruc Prezident İlham Əliyevin Xəzər Ekoloji Sammitində dənizin su səthinin 20 min kvadrat kilometrdən çox azalması, Azərbaycanın sektorunda isə 300 kvadrat kilometrə yaxın yeni quru sahənin yaranması barədə səsləndirdiyi fikirləri xatırladıb.

    Deputat hesab edir ki, yaranmış vəziyyət yeni sahələrin hüquqi statusunun müəyyənləşdirilməsini, rəqəmsal xəritələşdirmənin aparılmasını və dövlət nəzarətinin vahid mexanizmlər əsasında təşkilini zəruri edir.

    O, həmçinin limanlarda suyun dərinliyinin azalmasının gəmiçiliyə yaratdığı çətinliklərə, sahilboyu ərazilərdə antisanitar vəziyyətin aradan qaldırılmasına və balıq ehtiyatlarının qorunmasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.


    Yeni yaranan torpaqlar şəxsi maraqların deyil, gələcək nəsillərin sərvəti olmalıdır


    Deputat çıxışında Xəzərin geri çəkilməsi nəticəsində yaranan yeni quru sahələrinin idarə olunması məsələsinə xüsusi həssaslıqla yanaşıb. O bildirib ki, Abşeron və digər sahilboyu ərazilərdə illər ərzində formalaşmış torpaq problemləri nəzərə alınmalı, dənizin çəkilməsi ilə meydana çıxan ərazilərin şəxsi maraqlar naminə mənimsənilməsinə imkan verilməməlidir.

    Zahid Orucun fikrincə, ilk növbədə yeni yaranmış sahələrin ekoloji təhlükəsizliyi qiymətləndirilməli, yalnız bundan sonra onların istifadəsi ilə bağlı qərarlar qəbul edilməlidir. Eyni zamanda, Xəzərin səviyyəsinin azalmasında təbii proseslərin və sahilyanı dövlətlərin fəaliyyətinin rolu kompleks şəkildə araşdırılmalıdır.

    Deputat vurğulayıb ki, Xəzərin qorunması yalnız ekoloji məsələ deyil, həm də iqtisadi təhlükəsizlik, dövlət suverenliyi və gələcək nəsillərin maraqları ilə birbaşa bağlı olan strateji vəzifədir.

    O, Azərbaycanın otuz il ərzində ərazi bütövlüyünün bərpası naminə nümayiş etdirdiyi siyasi, hərbi və iqtisadi iradənin indi də milli təbii sərvətlərin qorunması istiqamətində göstərilməli olduğunu bildirib.

    Çıxışının yekununda Zahid Oruc Azərbaycanın Qarabağda ərazi bütövlüyünü bərpa etdiyi kimi, Xəzərdə də təbiətini, sahillərini və milli sərvətlərini qorumağın vacibliyini önə çəkib.

    Deputatın əsas mesajı belə olub: “Qarabağda torpaqlarımızın bütövlüyünü bərpa etdiyimiz kimi, Xəzərdə də təbiətimizi və milli sərvətlərimizi qorumalıyıq! Çünki Xəzərin milli bölməsi Vətənimizin ayrılmaz parçasıdır!”


    Bəradər Səməndərli 

    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ