![]()
Deputat kənddən şəhərə miqrasiyanın qarşısının alınması üçün kommunal tariflərdən tutmuş güzəştli kreditlərə, mənzil təminatından sosial infrastruktura qədər kompleks dövlət siyasətinin həyata keçirilməsini təklif edib.
Milli Məclisin bu gün keçirilən plenar iclasında Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev kənddən şəhərə əhali axınının qarşısının alınması, kənd yerlərində yaşayış səviyyəsinin yüksəldilməsi və kənd iqtisadiyyatının stimullaşdırılması ilə bağlı diqqətçəkən təkliflərlə çıxış edib.
Deputat çıxışında vurğulayıb ki, kənddən şəhərə miqrasiyanın qarşısını almaq üçün yalnız çağırışlar etmək, insanları doğma yaşayış yerlərində qalmağa səsləmək kifayət deyil. Bunun üçün kənddə yaşamağı iqtisadi, sosial və məişət baxımından cəlbedici edən real imkanlar yaradılmalıdır.
Razi Nurullayevin fikrincə, kəndlə şəhər arasında müəyyən iqtisadi və sosial güzəşt mexanizmlərinin tətbiqi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməlidir. Deputat bildirib ki, kənd sakini işıq, qaz və su xidmətlərinə görə şəhər sakini ilə eyni maliyyə yükünü daşımamalı, kənd əhalisi üçün kommunal xidmətlərdə daha aşağı tariflərin tətbiqi məsələsi ciddi şəkildə nəzərdən keçirilməlidir.
"Atributinfo.az" xəbər verir ki, millət vəkili bu təşəbbüsün yalnız sosial güzəşt kimi qiymətləndirilməsinin doğru olmadığını qeyd edərək, onu kənd yaşayışının qorunmasına, kənd iqtisadiyyatının inkişafına və regionlarda məskunlaşmanın stimullaşdırılmasına xidmət edən uzunmüddətli dövlət siyasəti kimi səciyyələndirib.
Deputat həmçinin mənzil təminatı məsələsinə xüsusi diqqət çəkib. Onun qənaətinə görə, kənd yerlərində ev almaq və ya fərdi yaşayış evi tikmək daha əlçatan olmalı, xüsusilə şəhərdən kəndə köçən gənc ailələr üçün əlavə maliyyə və mənzil imkanları yaradılmalıdır. Bu istiqamətdə tətbiq ediləcək güzəştlər kəndlərə yeni əhali axınının təşviqinə və gənc ailələrin regionlarda məskunlaşmasına mühüm töhfə verə bilər.
Kənddə biznes qurana dövlət dəstəyi daha əlçatan olmalıdır
Razi Nurullayev kənd yerlərində iqtisadi fəallığın artırılması üçün sahibkarlıq mühitinin də fərqli mexanizmlərlə stimullaşdırılmasının vacibliyini diqqətə çatdırıb.
Deputat hesab edir ki, kənddə müəssisə yaradan, fermer təsərrüfatı quran, kənd təsərrüfatı məhsullarının emalı sahəsinə investisiya yatıran sahibkarlara daha əlçatan kreditlər, faiz güzəştləri və vergi imkanları təqdim edilməlidir.
Onun fikrincə, kənddə biznes qurmaq istəyən sahibkar dövlət dəstəyinin real üstünlüklərini hiss etməli, regionlarda iqtisadi fəaliyyət göstərmək şəhərlə müqayisədə əlavə stimullar yaratmalıdır.
Bu yanaşma kənd təsərrüfatının ənənəvi istehsal imkanlarının genişləndirilməsi ilə yanaşı, emal sənayesinin, kiçik və orta sahibkarlığın, yerli məşğulluğun inkişafına da şərait yarada bilər. Beləliklə, kənd əhalisinin gəlir mənbələri şaxələnər, insanların iş dalınca şəhərlərə üz tutmaq zərurəti müəyyən qədər aradan qalxar.
“Kənddə yaşayan insan övladının gələcəyindən narahat qalmamalıdır”
Deputat çıxışında mühüm bir məqama da toxunaraq bildirib ki, kənddə yaşayışın stimullaşdırılması yalnız kommunal güzəştlər, kreditlər və mənzil imkanları ilə məhdudlaşmamalıdır. Kənd yerlərində müasir infrastrukturun, sosial xidmətlərin və gündəlik həyat üçün zəruri imkanların təmin edilməsi də əsas şərtlərdəndir.
Razi Nurullayev qeyd edib ki, yol, internet, içməli su, kanalizasiya, məktəb, səhiyyə xidməti, uşaq bağçası və ictimai nəqliyyat kənd sakinləri üçün əlçatan və keyfiyyətli olmalıdır.
O, bu istiqamətdə indiyədək mühüm addımların atıldığını vurğulamaqla yanaşı, mövcud dövlət layihələrinin daha sistemli şəkildə əlaqələndirilməsinə, kompleksləşdirilməsinə və vahid proqram çərçivəsində birləşdirilməsinə ehtiyac olduğunu bildirib.
Deputatın fikrincə, kəndə qayıdan və ya kənddə məskunlaşmaq istəyən ailə övladının təhsili, tibbi xidmətə çıxışı, nəqliyyat və gündəlik məişət ehtiyacları ilə bağlı narahatlıq keçirməməlidir. Yalnız bu halda kənd yaşayışı insanların qarşısında real və perspektivli alternativ kimi dayana bilər.
“Ayrıca və kompleks Kəndlərin İnkişafı Dövlət Proqramına ehtiyac var”
Çıxışın ən mühüm təkliflərindən biri isə ayrıca və kompleks Kəndlərin İnkişafı Dövlət Proqramının hazırlanması olub.
Razi Nurullayev hesab edir ki, belə bir proqram yalnız kənd təsərrüfatının inkişafı ilə məhdudlaşmamalı, kənddə həyatın bütün istiqamətlərini əhatə etməlidir. Mənzil təminatı, kommunal xidmətlər, məşğulluq, sahibkarlıq, güzəştli kreditlər, vergi mexanizmləri, sosial xidmətlər və infrastruktur məsələləri vahid dövlət proqramında öz əksini tapmalıdır.
Bu təklif əslində kəndlərin inkişafına ayrı-ayrı sahələr üzrə deyil, vahid sosial-iqtisadi sistem kimi yanaşılmasını nəzərdə tutur. Çünki kəndin davamlı inkişafı yalnız məhsul istehsalının artırılması ilə deyil, orada yaşayan insanların həyat keyfiyyətinin yüksəldilməsi, yeni iş yerlərinin yaradılması və sosial rifahın təmin olunması ilə mümkündür.
Deputatın səsləndirdiyi yanaşmanın diqqətçəkən tərəfi ondan ibarətdir ki, burada məqsəd təkcə kənddən şəhərə miqrasiyanın qarşısını almaq deyil. Eyni zamanda şəhərdə yaşayan insanların da kəndə köçməyi öz gələcəkləri üçün əlverişli və perspektivli seçim hesab etmələrinə şərait yaratmaqdır.
Kəndin gələcəyi orada yaşamağın nə dərəcədə sərfəli olmasından asılıdır
Razi Nurullayevin parlament tribunasından səsləndirdiyi fikirlər kəndlərin inkişafına münasibətdə mühüm bir prinsipial yanaşmanı ön plana çıxarır: kənddə yaşamaq insan üçün məcburiyyət deyil, şüurlu və iqtisadi baxımdan əsaslandırılmış seçim olmalıdır.
Bu baxımdan, kommunal tarif güzəştləri, mənzil təminatı, sahibkarlığa dəstək, əlçatan kreditlər və sosial infrastrukturun inkişafı bir-birindən ayrı tədbirlər kimi deyil, vahid regional inkişaf strategiyasının tərkib hissəsi kimi nəzərdən keçirilməlidir.
Müasir dövrdə kəndlərin inkişafı həm də ərzaq təhlükəsizliyi, qeyri-neft sektorunun genişləndirilməsi, regional iqtisadi tarazlığın qorunması, demoqrafik dayanıqlılıq və ölkənin ərazi üzrə bərabər inkişafı baxımından strateji əhəmiyyət daşıyır.
Bu mənada deputatın təklif etdiyi Kəndlərin İnkişafı Dövlət Proqramı təşəbbüsü müzakirəyə layiq aktual məsələlərdən biridir. Əsas məsələ səsləndirilən təkliflərin konkret mexanizmlərə, maliyyə təminatına və ölçülə bilən nəticələrə əsaslanan dövlət siyasətinə çevrilməsidir.
Razi Nurullayevin çıxışının əsas mesajı isə aydındır: “Kəndi yaşatmaq istəyiriksə, kənddə yaşamağı üstün seçimə çevirməliyik. Bunun yolu isə çağırışlardan yox, real iqtisadi və sosial üstünlüklər yaratmaqdan keçir.”- millət vəkili deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"
