Mürtəza Bunyadlı
siyasi şərhçi
Nikol Paşinyanın irəli sürdüyü “Real Ermənistan” konsepsiyası əslində Azərbaycanın Ermənistana və bütövlükdə regionun gələcəyinə münasibətdə nümayiş etdirdiyi siyasi iradənin, sülh naminə etdiyi ən böyük güzəştlərdən biri kimi qiymətləndirilməlidir. Bu konsepsiya Ermənistanın illərdir yaşadığı tarixi illüziyalar, ərazi iddiaları və revanşist ambisiyalar üzərində qurulmuş dövlətçilik modelindən imtina edərək mövcud reallıqları qəbul etməsinə hesablanıb. Başqa sözlə, “Real Ermənistan” erməni cəmiyyətinə xəyal etdiyi Ermənistanla mövcud Ermənistan arasında seçim etmək zərurətini ortaya qoyur.
Lakin görünən odur ki, İrəvanda bu seçimin qarşısını almağa çalışan qüvvələr hələ də kifayət qədər fəaldır. Ermənistanın siyasi müxalifəti, kilsə ətrafında birləşən dairələr və revanşist qüvvələr müxtəlif vasitələrlə Paşinyan hakimiyyətinə təzyiq göstərir, konstitusiya dəyişikliklərinin qarşısını almağa və Azərbaycanla yekun sülh sazişinin imzalanmasını əngəlləməyə çalışırlar. Onların məqsədi sülhün əldə olunması deyil, məğlubiyyət sindromundan siyasi dividend qazanmaq, erməni cəmiyyətini yenidən qarşıdurma və düşmənçilik müstəvisinə qaytarmaqdır.
Bu prosesə xüsusən də Rusiya, İran və bəzi Avropa ölkələri mane olmağa çalışır və hərəsinin də məsələyə fərqli yanaşması var.
Tarixi reallıqları unutmaq yeni fəlakətə aparır
Ermənistandakı revanşistlər və onların xarici havadarları bir həqiqəti unutmamalıdırlar: Ermənistanın dövlətçilik tarixinin formalaşması regionun mürəkkəb geosiyasi prosesləri, xüsusilə də Azərbaycan xalqının tarixi torpaqları ilə bağlı reallıqlardan ayrı nəzərdən keçirilə bilməz.
1918-ci ildə Ermənistan Respublikası İrəvan mərkəzli, təxminən 9 min kvadratkilometrlik ərazidə yaradılmışdı. İrəvanın paytaxt kimi Ermənistana verilməsi Azərbaycan Xalq Cümhuriyyətinin ağır siyasi şəraitdə qəbul etdiyi qərarlardan biri idi. Bu qərar regionda dövlətçilik institutlarının formalaşması və siyasi sabitliyin təmin olunması naminə atılmış addım idi. Sonrakı tarixi mərhələlərdə isə sovet hakimiyyətinin, xüsusilə Moskvanın qərarları və himayədarlığı ilə Azərbaycan torpaqlarının müəyyən hissələri Ermənistana verilib, Azərbaycan xalqına qarşı ərazi və demoqrafik ədalətsizliklərə yol açıb.
Bu tarixi faktları xatırlatmaq keçmişdə qalmaq çağırışı deyil. Əksinə, tarixdən düzgün nəticə çıxarmaq, yeni ərazi iddialarının və qarşıdurmaların qarşısını almaq üçün zərurətdir. Ermənistanın gələcəyi yeni ərazilər əldə etmək xülyasında deyil, mövcud sərhədlər daxilində dövlət qurmaq fürsəti verilir.
İrəvanda bunu anlamalıdırlar ki, tarixi iddialarla dövlət qurmaq mümkün deyil. Xüsusilə də Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlar fonunda keçmişin xəritələrinə qayıtmaq cəhdləri Ermənistanı inkişafdan daha da uzaqlaşdıracaq.
Bakı sülh üçün fürsət yaradıb, indi növbə İrəvanındır
Bu kontekstdə Nikol Paşinyanın “Real Ermənistan” konsepsiyasına münasibətdə Azərbaycanın yanaşması xüsusi əhəmiyyət daşıyır. Bakı Ermənistana revanşist iddialardan imtina etmək, ərazi bütövlüyünü və suverenliyi qarşılıqlı şəkildə tanımaq, normal qonşuluq münasibətlərinə keçmək üçün siyasi imkan yaradıb. Bu, sadəcə diplomatik jest deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyinə hesablanmış strateji yanaşmadır.
Azərbaycan dəfələrlə bəyan edib ki, sülh yalnız konkret hakimiyyətlərlə əldə olunan siyasi razılaşma səviyyəsində qalmamalıdır. Bu sülh erməni cəmiyyəti tərəfindən də qəbul edilməli, xalqın siyasi iradəsinə çevrilməlidir. Çünki hökumətlər dəyişə bilər, siyasi qüvvələr hakimiyyətə gəlib-gedə bilər, amma xalqların gələcəyini müəyyən edən əsas məsələ qarşılıqlı etimadın və sülhün davamlılığının təmin olunmasıdır.
Revanşistlərin qarşısında seçim var: sülh, yoxsa yeni fəlakət
Bu gün Ermənistan cəmiyyəti son dərəcə ciddi seçim qarşısındadır. Ya mövcud reallıqları qəbul edərək iqtisadi inkişaf, regional əməkdaşlıq və təhlükəsiz gələcək yolunu seçəcək, ya da xarici havadarlarının və daxili revanşist dairələrin təsiri altında yenidən qarşıdurma siyasətinə qayıdacaq.
Ermənistanın yenidən müharibəyə sürüklənməsi onun üçün sadəcə siyasi və hərbi məğlubiyyət təhlükəsi deyil, dövlətçiliyinin gələcəyini sual altına qoyan strateji səhv olardı.
Nəticə etibarilə, “Real Ermənistan” konsepsiyası İrəvan üçün tarixi fürsətdir. Bu fürsəti dəyərləndirmək Ermənistanı keçmişin girovluğundan xilas edə, regionda yeni əməkdaşlıq mərhələsinə çıxara bilər. Əks halda, revanşistlərin siyasi ambisiyaları Ermənistanın dövlət maraqlarını yenidən qurban verəcək.
İrəvan anlamalıdır ki, Azərbaycanla sülh Ermənistanın zəifliyi və ya güzəştə getməsi deyil, öz gələcəyini xilas etmək üçün atacağı ən mühüm siyasi addımdır.
Tarixin dərsi aydındır: reallıqlarla barışmayanlar gec-tez onun ağır nəticələri ilə üzləşirlər. Ermənistanın qarşısında isə hələ də seçim var: “Real Ermənistan” qurmaq, yoxsa xəyali Ermənistan uğrunda mövcud dövlətinin gələcəyini təhlükəyə atmaq!
