Azərbaycan Milli Məclisinin deputatı Musa Urud Yunanıstanın paytaxtı Afinada keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 68-ci iclasında iştirakla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
"Atributinfo.az" xəbər verir ki, deputat paylaşımında Azərbaycanın parlament nümayəndə heyətinin beynəlxalq tədbirdə iştirak etdiyini vurğulayaraq, ölkəmizin qazandığı tarixi Zəfərdən sonra beynəlxalq müstəvidə Azərbaycana münasibətin dəyişdiyini, ölkəmizə göstərilən hörmət və ehtiramın artıq müxtəlif beynəlxalq platformalarda da hiss olunduğunu bildirib.
Musa Urud qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbə Azərbaycanın beynəlxalq nüfuzunu və siyasi mövqelərini daha da gücləndirib. Bu gün Azərbaycan nümayəndə heyətinin beynəlxalq tədbirlərdə iştirakı ölkəmizin artan nüfuzunun, milli maraqlarını qətiyyətlə müdafiə etmək iradəsinin və qalib dövlət statusunun nümayişi kimi dəyərləndirilə bilər.
Deputat paylaşımını yüksək vətənpərvərlik ruhunda səsləndirdiyi “Həmişə qalib ol, Qalib yaşa, Azərbaycan!” sözləri ilə tamamlayıb.
Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin fəaliyyəti region ölkələri arasında parlamentlərarası dialoqun, siyasi təmasların və iqtisadi əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın bu platformada fəal iştirakı ölkəmizin regional əməkdaşlıq proseslərində mövqeyinin möhkəmləndirilməsi və milli maraqlarının beynəlxalq səviyyədə təbliği baxımından xüsusi önəm kəsb edir.
Bəradər Səməndərli
