Sizin reklam burada
Sizin reklam burada
  • AYDIN HÜSEYNOV: “BAKI–ƏLƏT İSTİQAMƏTİNDƏ SÜRƏTLİ SƏRNİŞİN QATARLARININ TƏŞKİLİ ZƏRURİDİR”

    Deputat Qaradağ rayonunun qəsəbələrinin baş planlarının yenilənməsini və nəqliyyat infrastrukturunun genişləndirilməsini təklif edib


    Milli Məclisin deputatı Aydın Hüseynov parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan qanun layihəsi ilə bağlı çıxış edərək Azərbaycanın nəqliyyat və logistika imkanlarının genişləndirilməsinin iqtisadi inkişaf baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.


    "Atributinfo.az"ın məlumatına görə deputat qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilir. Xüsusilə Orta Dəhlizin inkişafı ölkəmizin tranzit potensialını artırır, yeni iqtisadi imkanlar yaradır və nəqliyyat infrastrukturunun müasirləşdirilməsini zəruri edir.

    Aydın Hüseynovun sözlərinə görə, yükdaşımaların həcminin gələcəkdə daha da artacağı nəzərə alınaraq dəmir yolu xətlərinin, stansiyaların, tunellərin, metro və tramvay infrastrukturunun genişləndirilməsi üçün hüquqi imkanların yaradılması vacibdir. Bu baxımdan müzakirə olunan qanun layihəsi strateji infrastruktur layihələrinin həyata keçirilməsinə əlavə hüquqi əsaslar formalaşdırır.

    Deputat qanun layihəsinin iqtisadi tərəflərinə də diqqət çəkərək bildirib ki, nəqliyyat infrastrukturunun inkişafı tranzit gəlirlərinin artmasına, investisiyaların cəlb edilməsinə, sahibkarlığın genişlənməsinə və yeni iş yerlərinin yaradılmasına mühüm töhfə verəcək.

    Çıxışında vətəndaşların mülkiyyət hüquqlarının qorunmasının vacibliyini xüsusi vurğulayan Aydın Hüseynov qeyd edib ki, dövlət ehtiyacları üçün torpaq sahələrinin alınması zamanı dövlət maraqları ilə vətəndaşların hüquqları arasında ədalətli tarazlıq təmin edilməlidir. Onun fikrincə, bu proses şəffaf həyata keçirilməli, mülkiyyətçilərə qanunvericiliyə uyğun ədalətli kompensasiya ödənilməlidir.

    Deputat təmsil etdiyi Bakı şəhərinin Qaradağ rayonunun perspektiv inkişafı məsələsinə də toxunub. O bildirib ki, Ələt qəsəbəsi artıq Azərbaycanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməkdədir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyəti, Ələt Azad İqtisadi Zonasının inkişafı və ərazidə yeni hava limanı layihəsinin nəzərdə tutulması bu bölgənin strateji və iqtisadi əhəmiyyətini daha da artırır.

    Aydın Hüseynov çıxışında iki konkret təkliflə də çıxış 

    edib.


    Birinci təklif Bakı şəhərinin ətraf qəsəbələrinin baş planlarının hazırlanması və yenilənməsi ilə bağlı olub. Deputat xüsusilə Qaradağ rayonunun Lökbatan, Səngəçal, Qobustan və Ələt qəsəbələrinin perspektiv inkişafının nəzərə alınmasını vacib hesab edib.

    O bildirib ki, həmin ərazilərdə əhali artımı, yeni yaşayış massivlərinin salınması və sosial infrastruktura tələbatın yüksəlməsi gələcək planlaşdırmanın indidən aparılmasını zəruri edir. Məktəblər, xəstəxanalar, uşaq bağçaları, parklar, yaşıllıq sahələri, idman və uşaq meydançaları, eləcə də gələcək nəqliyyat xətləri üçün torpaq sahələri əvvəlcədən müəyyənləşdirilməlidir.

    Deputatın fikrincə, belə planlaşdırma gələcəkdə yarana biləcək problemlərin qarşısını almaqla yanaşı, dövlət vəsaitlərinə qənaət edilməsinə və torpaq sahələrinin alınması zamanı mümkün çətinliklərin azaldılmasına imkan verəcək.


    İkinci təklif isə Bakı–Ələt istiqamətində sürətli və müntəzəm sərnişin qatarlarının fəaliyyətinin təşkilidir.

    Aydın Hüseynov qeyd edib ki, Ələtin iqtisadi potensialının genişlənməsi, yeni müəssisələrin yaradılması və iş yerlərinin artması Bakı ilə bu ərazi arasında gündəlik sərnişin hərəkətinə tələbatı daha da artıracaq.

    Deputat hesab edir ki, Bakı–Ələt istiqamətində sürətli sərnişin qatarlarının təşkili vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, avtomobil yollarında nəqliyyat sıxlığının azalmasına, insanların vaxtına qənaət edilməsinə xidmət edəcək. Bu təşəbbüsün Səngəçal, Qobustan və Ələt qəsəbələrinin sosial-iqtisadi inkişafına da müsbət təsir göstərəcəyi vurğulanıb.

    Çıxışının sonunda Aydın Hüseynov müzakirə olunan qanun layihəsinin Azərbaycanın gələcək nəqliyyat və logistika imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini bir daha diqqətə çatdırıb. O, qanun layihəsini dəstəklədiyini və lehinə səs verəcəyini bildirib.

    Deputatın səsləndirdiyi təkliflər Qaradağ rayonunun uzunmüddətli inkişaf perspektivləri, paytaxtətrafı yaşayış məntəqələrinin müasir şəhərsalma prinsipləri əsasında planlaşdırılması və Bakı ilə Ələt arasında nəqliyyat əlaqələrinin daha səmərəli təşkili baxımından xüsusi aktuallıq kəsb edir.


    Bəradər Səməndərli 

    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ