Sizin reklam burada
Sizin reklam burada
  • RAZİ NURULLAYEV: “ƏDALƏTLİ DÖVLƏTDƏ İNSANIN ƏN BÖYÜK DAYAĞI QOHUMU DEYİL, QANUN OLMALIDIR”

    Deputat qohumbazlıq, dostbazlıq və vəzifədən şəxsi maraqlar naminə istifadəyə qarşı prinsipial mövqe ortaya qoyub


    Milli Məclisin bu gün keçirilən plenar iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev maraqlar toqquşmasının qarşısının alınmasına yönəlmiş qanun layihəsinin müzakirəsi zamanı cəmiyyəti narahat edən aktual məsələlərə toxunub. 


    "Atributinfo.az" xəbər verir ki, deputat çıxışında dövlət idarəçiliyində qohumbazlıq, dostbazlıq, yerlibazlıq və şəxsi münasibətlər əsasında kadr seçimlərinin aparılmasını tənqid edərək, bu halların həm dövlət idarəçiliyinə, həm də cəmiyyətin ədalətə inamına ciddi zərbə vurduğunu bildirib.

    Razi Nurullayev qeyd edib ki, müzakirə olunan qanun layihəsi yalnız hüquqi münasibətlərin tənzimlənməsi baxımından deyil, həm də cəmiyyətin sosial-psixoloji mühitinin sağlamlaşdırılması nöqteyi-nəzərindən mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, hüquqi terminologiyada maraqlar toqquşması adlandırılan problem gündəlik həyatda daha çox qohumbazlıq, dostbazlıq, yerlibazlıq və himayədarlıq kimi təzahür edir.

    Deputat xüsusilə dövlət qurumlarında rəhbər dəyişikliyindən sonra kadr siyasətində müşahidə olunan mənfi tendensiyalara diqqət çəkib. Bildirib ki, bəzən bir şəxsin rəhbər vəzifəyə təyin olunması onun ətrafındakı qohum və tanışların da vəzifə pillələrində irəliləməsinə şərait yaradır. Halbuki həmin qurumda uzun illər çalışan, peşəkarlığı və təcrübəsi ilə seçilən mütəxəssislər kənarda qalır, sıxışdırılır, hətta iş yerlərini tərk etməyə məcbur olurlar.

    Razi Nurullayevin fikrincə, rəhbər şəxsin dəyişməsi peşəkar kadrların taleyinə mənfi təsir göstərməməli, dövlət qurumlarında institusional yaddaş və kadr davamlılığı qorunmalıdır. O, bu kontekstdə mühüm sual səsləndirib: bir nəfərin vəzifəyə gəlməsi niyə onlarla insanın karyerasının sonuna çevrilməlidir?

    Çıxışında deputat mühüm bir məqamı da xüsusi vurğulayıb: məsələ məmur qohumlarının dövlət vəzifələrində çalışmasına ümumiyyətlə qadağa qoyulması deyil. Hər bir vətəndaşın öz biliyi, bacarığı və zəhməti hesabına işə qəbul olunmaq, karyera qurmaq hüququ var. Əsas meyar isə həmin şəxsin vəzifəyə şəxsi keyfiyyətləri və peşəkarlığı ilə, yoxsa yaxın qohumunun inzibati səlahiyyətləri hesabına gəlməsidir.

    Deputat cəmiyyətdə kök salmış “Adamın yoxdursa, heç nəyə nail ola bilməzsən” düşüncəsinin dəyişdirilməsinin vacibliyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, valideynlər övladlarının gələcəyini düşünərkən onların yaxşı təhsil almasına, bilik və bacarıqlarını inkişaf etdirməsinə üstünlük verməli, işə düzəlmək üçün kiminsə vasitəçiliyinə ehtiyac duyulan bir mühit formalaşmamalıdır.

    Razi Nurullayev hesab edir ki, gənclər öz diplomuna, biliyinə, əməyinə və potensialına güvənməli, gələcək karyeralarını hansısa nüfuzlu şəxsin şəxsi əlaqələri üzərində qurmağa məcbur qalmamalıdırlar.

    Deputat qohumbazlığın fəsadlarının yalnız iqtisadi itkilərlə məhdudlaşmadığını, bunun daha dərin mənəvi və psixoloji nəticələr doğurduğunu bildirib. Haqqının tapdalandığını görən, əməyinin qiymətləndirilmədiyinə şahid olan insanın dövlətə, ədalətə və gələcəyə inamı zəifləyir. Peşəkar və bacarıqlı insanların ruhdan düşməsi, ölkədən getmək barədə düşünməsi, digər tərəfdən isə himayədarlığın uğur qazanma vasitəsi kimi qəbul edilməsi cəmiyyət üçün ciddi təhlükədir.

    Çıxışın diqqət çəkən məqamlarından biri də maraqlar toqquşmasının yalnız kiməsə qanunsuz üstünlük verilməsi ilə məhdudlaşmadığının vurğulanması olub. Deputatın fikrincə, şəxsi münasibətlər zəminində kiminsə qanuni hüquq və imkanlarının məhdudlaşdırılması da eyni dərəcədə yolverilməzdir. Dövlət məmuru ona yaxın olan şəxslə yanaşı, onu tənqid edən və ya şəxsi münasibətlərinin yaxşı olmadığı vətəndaşa da eyni hüquqi prinsiplərlə yanaşmağı bacarmalıdır.

    Razi Nurullayevin mövqeyinə görə, qanunun aliliyi şəxsi simpatiya və antipatiyalardan üstün tutulmalı, dövlət idarəçiliyində obyektivlik və bərabərlik əsas prinsipə çevrilməlidir.

    Deputat çıxışında idarəçilik fəlsəfəsinin dəyişdirilməsinin də zəruriliyini önə çəkib. O bildirib ki, dövlət vəzifəsinə təyin olunan şəxs bu səlahiyyətlərin ona qohumlarının, dostlarının və tanışlarının rifahını yüksəltmək üçün deyil, xalqın problemlərini həll etmək, dövlətə və cəmiyyətə xidmət göstərmək məqsədilə verildiyini dərk etməlidir.

    “Dövlət qurumu heç kimin ailə müəssisəsi, dostlar klubu və ya şəxsi mülkü deyil”, – deyən deputat dövlət idarəçiliyində ictimai maraqların şəxsi maraqlardan üstün tutulmasının vacibliyini vurğulayıb.

    Razi Nurullayevin fikrincə, müzakirə olunan qanun layihəsinin real nəticəsi o zaman özünü göstərəcək ki, vətəndaş işə qəbul olunmaq, vəzifədə yüksəlmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və qanuni haqqını əldə etmək üçün müxtəlif şəxslərin qapısını döyməyə, vasitəçi axtarmağa ehtiyac duymasın.

    Çıxışının sonunda MCP sədri qanun layihəsinə dəstəyini açıq şəkildə ifadə edərək onun lehinə səs verəcəyini bildirib.

    Deputatın səsləndirdiyi fikirlər bir daha göstərir ki, maraqlar toqquşmasına qarşı mübarizə təkcə hüquqi mexanizmlərin yaradılması ilə bitməməli, dövlət idarəçiliyində məsuliyyət, şəffaflıq, peşəkarlıq və bərabər imkanlar mədəniyyətinin möhkəmləndirilməsinə xidmət etməlidir.

    Əslində, bu müzakirənin əsas ictimai mesajı kifayət qədər aydındır: dövlət qulluğunda irəli çəkilmək üçün qohumluq əlaqələri deyil, bilik, bacarıq və peşəkarlıq əsas götürülməlidir. Çünki ədalətli cəmiyyətin təməli insanların kimisə tanımasına deyil, qanunun hər kəs üçün eyni işləməsinə söykənir.

    Razi Nurullayevin çıxışını tamamlayan əsas fikir də məhz budur: “Ədalətli dövlətdə insanın ən böyük dayağı onun qohumu deyil, qanun olmalıdır.”


    Bəradər Seyfullaoğlu 

    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ