Sizin reklam burada
Sizin reklam burada
  • Razi Nurullayev: “Ədalətsiz ekspert rəyi ədalətli hakimi də yanlış qərara gətirib çıxara bilər”

    Deputat məhkəmə ekspertizası sistemində müstəqilliyin gücləndirilməsi, alternativ ekspertiza imkanlarının genişləndirilməsi və ekspert rəylərinin keyfiyyətinə ictimai nəzarətin artırılması məsələlərini gündəmə gətirib.


    Milli Məclisin deputatı Razi Nurullayev parlamentin plenar iclasında məhkəmə ekspertizası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı çıxış edərək ekspertiza sisteminin təkmilləşdirilməsi, ekspertlərin peşəkarlığının artırılması və vətəndaşların hüquqlarının daha etibarlı qorunması ilə bağlı bir sıra təkliflər səsləndirib.


    "Atributinfo.az" xəbər verir ki, deputat təklif olunan dəyişiklikləri müsbət qiymətləndirdiyini bildirib. Bununla yanaşı, məsələyə yalnız hüquqi və təşkilati dəyişikliklər çərçivəsində deyil, həm də insan taleyi, ədalət mühakiməsi və ictimai etimad baxımından yanaşmağın vacibliyini vurğulayıb.

    Razi Nurullayev qeyd edib ki, məhkəmə eksperti sıradan bir mütəxəssis deyil. Onun hazırladığı rəy bəzən insanın azadlığına, mülkiyyətinə, ailəsinin gələcəyinə və həyatının sonrakı istiqamətinə birbaşa təsir göstərə bilər. Hakim qərar qəbul etsə də, bir çox hallarda həmin qərarın formalaşmasında ekspert rəyinin həlledici əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

    Deputatın fikrincə, əsas məqsəd yalnız müvafiq ixtisasa malik ekspertlər yetişdirmək deyil, eyni zamanda biliyinə, vicdanına, obyektivliyinə və peşə məsuliyyətinə etibar edilə bilən ekspertiza sistemi formalaşdırmaqdır.

    Çıxışında vətəndaşların gündəlik həyatda qarşılaşa biləcəyi konkret problemlərə də toxunan deputat bildirib ki, evin qəzalı vəziyyətə düşməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərin yaranması, tibbi səhv ucbatından sağlamlığın itirilməsi və mülkiyyət hüququnun pozulması kimi hallarda insanların öz haqlarını sübut etməsi birbaşa ekspert rəyindən asılı ola bilər.

    Bu baxımdan o, mühüm suallar ortaya qoyub: ekspert səhv etdikdə bunun məsuliyyətini kim müəyyənləşdirməlidir, yanlış rəyə qarşı vətəndaş hansı hüquqi mexanizmlərdən istifadə etməlidir və alternativ ekspertizaya müraciət etmək üçün maddi imkanı olmayan şəxslərin hüquqları necə qorunmalıdır?

    Razi Nurullayev hesab edir ki, məhkəmə ekspertizası sistemində alternativ ekspertiza imkanları genişləndirilməli, sağlam rəqabət mühiti yaradılmalı və ekspertlərin müstəqilliyi daha da gücləndirilməlidir. Onun sözlərinə görə, vətəndaş öz hüququnu müdafiə etmək üçün tanış axtarmağa, kiminsə qapısını döyməyə məcbur qalmamalı, əlçatan və işlək hüquqi mexanizmlərə sahib olmalıdır.

    Deputatın diqqət çəkdiyi digər mühüm istiqamət ekspertlərin peşəkar hazırlığının davamlı qiymətləndirilməsi olub. O bildirib ki, diplom insanın vaxtilə təhsil aldığını təsdiqləsə də, onun müasir dövrün tələblərinə uyğun peşəkarlığını tam şəkildə müəyyən etmir. Elmin və texnologiyaların inkişafı, yeni tədqiqat və ekspertiza metodlarının meydana çıxması bu sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarını mütəmadi yeniləməsini zəruri edir.

    Bu məqsədlə deputat ekspertlərin müntəzəm olaraq peşə biliklərinin artırılması kurslarına cəlb edilməsini təklif edib.

    Razi Nurullayev, həmçinin ekspert rəylərinin keyfiyyətinə dair illik statistikanın ictimaiyyətə açıqlanmasının vacibliyini vurğulayıb. O, neçə ekspert rəyinin təkrar ekspertiza zamanı təkzib edildiyi, hansı rəylərdə ciddi nöqsanların aşkarlandığı və neçə ekspert barəsində məsuliyyət tədbirlərinin görüldüyü barədə məlumatların açıqlanmasını təklif edib.

    Deputatın qənaətinə görə, belə şəffaflıq mexanizmi ekspertiza sisteminin fəaliyyətinə ictimai nəzarəti gücləndirməklə yanaşı, cəmiyyətdə bu instituta olan etimadın artmasına da xidmət edə bilər.

    Çıxışının sonunda Razi Nurullayev xüsusi olaraq qeyd edib ki, ekspertin də səhv etmək ehtimalı var, lakin həmin səhvin bütün ağırlığı vətəndaşın üzərinə qoyulmamalıdır. Ekspert öz vəzifəsini, mövqeyini, nüfuzunu və ona müraciət edən qurumu deyil, elmi əsasları və həqiqəti rəhbər tutmalıdır.

    Deputat çıxışını məhkəmə ekspertizasının ədalət mühakiməsindəki rolunu ifadə edən mühüm fikirlə yekunlaşdırıb:


    “Çünki ədalətsiz ekspert rəyi ədalətli hakimi də yanlış qərara gətirib çıxara bilər.”


    Razi Nurullayev qanun layihəsini dəstəklədiyini bildirərək səsləndirdiyi təkliflərin layihənin növbəti müzakirə mərhələlərində nəzərə alınmasını xahiş edib.

    Deputatın qaldırdığı məsələlər məhkəmə ekspertizasının yalnız texniki və peşəkar fəaliyyət sahəsi olmadığını, həm də insan hüquqlarının müdafiəsi, məhkəmə qərarlarının əsaslandırılması, hüquqi təhlükəsizlik və dövlət institutlarına ictimai etimad baxımından mühüm əhəmiyyət daşıdığını bir daha gündəmə gətirir.


    Bəradər 

    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ