Sizin reklam burada
Sizin reklam burada
  • Özbəkistanla əməkdaşlıqda YENİ DÖVR – PUA və hərbi kəşfiyyat gündəmdə

    Azərbaycan-Özbəkistan münasibətlərində yeni səhifə açılır. Prezident İlham Əliyevin Özbəkistana səfəri və səfər çərçivəsində imzalanan mühüm siyasi sənədlər Bakı ilə Daşkənd arasındakı əlaqələrin strateji tərəfdaşlıqdan daha dərin mərhələyə keçdiyini göstərir. Xüsusilə əbədi dostluq və qardaşlıq münasibətlərini təsbit edən saziş iki ölkə arasında hərbi və müdafiə əməkdaşlığının da yeni səviyyəyə yüksəldilməsi məsələsini aktuallaşdırır. Bu baxımdan Azərbaycan-Özbəkistan münasibətlərində Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsinə bənzər strateji təhlükəsizlik sənədini gündəmə gətirir.

    Maraqlıdır, Özbəkistanla da Şuşa bəyannaməsi imzalana bilərmi?

    Məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Azərbaycan-Özbəkistan münasibətləri artıq yalnız dostluq və tərəfdaşlıq çərçivəsində deyil, daha geniş strateji məsələlər üzərindən inkişaf edir:

    “Azərbaycan-Özbəkistan münasibətlərində növbəti mərhələ artıq dostluq və tərəfdaşlıqdan daha çox strateji məsələlərə söykənəcək. Çünki təhlükəsizlik və müdafiə əməkdaşlığının institusionallaşdırılması mərhələsi qarşıdadır. Azərbaycanın Cənubi Qafqazdakı hərbi təcrübəsi ilə Özbəkistanın Mərkəzi Asiyadakı geosiyasi çəkisini birləşdirməyin vaxtı çoxdan çatıb. Bu, türk dünyasının təhlükəsizlik arxitekturasında yeni mərhələ və yeni məzmun yarada bilər. Ən vacibi də odur ki, bu əməkdaşlıq heç bir üçüncü ölkəyə qarşı yönəlməyib. Bu, blok deyil, milli suverenliyin, ərazi bütövlüyünün, sərhəd təhlükəsizliyinin və regional sabitliyin qorunması mexanizmi kimi təqdim edilir. Bu yanaşma həm Bakı, həm də Daşkənd üçün geniş diplomatik manevr imkanları yaradır”.

    Deputat qeyd edib ki, 2024 və 2025-ci illərdə Azərbaycan və Özbəkistan arasında siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb və müxtəlif sənədlər imzalanıb.

    Onun sözlərinə görə, hər iki ölkə dəyişən geosiyasi və təhlükəsizlik mühitindən istifadə edərək müstəqil qərarvermə imkanlarına malikdir və milli müdafiə qabiliyyətlərini gücləndirməyə çalışır:

    “ Azərbaycan və Özbəkistan arasındakı münasibətlər türk dünyasında yeni strateji təhlükəsizlik oxunun formalaşmasına zəmin yarada bilər. Növbəti mərhələdə iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlıq proqramının hazırlanması gündəmə gələ bilər. Buraya təcrübə mübadiləsi, orduların qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılması, hərbi kəşfiyyat və təhlükəsizlik məlumatlarının mübadiləsi, kiber təhdidlərə, narkotiklərin qanunsuz dövriyyəsinə və sərhəd təhlükəsizliyinə qarşı birgə tədbirlər daxil edilə bilər.

    Birgə hərbi təlimlərin genişləndirilməsi də mümkündür. 2024-cü ildə “Məharət Komando Qərargah” təlimində Azərbaycan və Özbəkistan hərbçiləri iştirak edib. 2025-ci ildə Azərbaycan müdafiə naziri Özbəkistanda keçirilən “Birlik-2025” təliminin iştirakçısı olub. Bu istiqamətdə də ciddi addımlar atılır və əməkdaşlığın genişlənəcəyi gözlənilir. Eyni zamanda hərbi təhsil və kadr hazırlığı, akademiyalar arasında mübadilə, müdafiə sənayesi sahəsində əməkdaşlıq, hərbi texnika və pilotsuz sistemlərin birgə istehsalı kimi istiqamətlər də gündəmə gələ bilər. Azərbaycan bu sahədə ciddi nəticələr əldə edib. Müdafiə məhsullarının birgə istehsalı və üçüncü ölkələrin bazarlarına çıxarılması da mümkün istiqamətlərdəndir. Müasir müharibələr yalnız səngərdə və klassik silahlarla aparılmır. Kiber təhlükəsizlik də Özbəkistanla əməkdaşlığın yeni istiqamətlərindən biri ola bilər”.

    Arzu Nağıyev Azərbaycan-Türkiyə-Özbəkistan üçtərəfli formatının da təhlükəsizlik və müdafiə baxımından genişləndirilə biləcəyini düşünür:

    “2025-ci ildə bu formatda xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin üçtərəfli mexanizmi artıq fəaliyyət göstərir və görüşlər keçirilib. Gələcəkdə bu mexanizmə təhlükəsizlik və müdafiə komponentlərinin də əlavə edilməsi mümkündür. Burada kiber təhlükəsizlik, hərbi logistika, hərbi tibb, müdafiə sənayesi layihələri və müdafiə nazirlərinin üçtərəfli görüşləri kimi istiqamətlər ola bilər.

    Bu, NATO tipli hərbi blok yaratmaq deyil. Daha real model çevik, praktiki və konkret təhlükəsizlik əməkdaşlığı platformasının formalaşdırılmasıdır”.

    Deputatın sözlərinə görə, perspektivdə Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan və digər türk dövlətləri arasında qarşılıqlı təhlükəsizlik imkanlarının əlaqələndirilməsi də mümkün istiqamətlərdən biri ola bilər:

    Türk Dövlətləri Təşkilatının yaxın perspektivdə NATO analoquna çevrilməsinin real görünmədiyini, lakin ortaq təlimlər, informasiya mübadiləsi, müdafiə sənayesi, hərbi təhsil, fövqəladə hallara hazırlıq və kiber təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilə biləcək. 2024-cü ildə qəbul edilmiş Qarabağ Bəyannaməsində türk dövlətləri arasında sülh və təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi məsələsi ön plana çəkilib. Burada heç bir dövlətin ərazi bütövlüyünə və suverenliyinə təhdiddən söhbət getmir. Daha real istiqamət ortaq təlimlər, informasiya mübadiləsi, müdafiə sənayesi, hərbi təhsil, fövqəladə hallara hazırlıq və kiber təhlükəsizlikdir”.

    Arzu Nağıyev sonda vurğulayıb ki, Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində iqtisadi, siyasi, mədəni, hərbi və təhsil sahələrində əməkdaşlığın inkişafı istiqamətində mühüm addımlar atılır:

    “Azərbaycanın apardığı siyasətin əsas məqsədi ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün qorunması, hər bir Azərbaycan vətəndaşının rifahının təmin edilməsidir”.






    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ