Düşünürəm ki, Azərbaycan millisi çox yaxşı oyun nümayiş etdirdi. Meydanda bildikləri, bacardıqları oyunu oynadılar. Onlar bizdən daha üstün idilər.
Bu sözləri qadın voleybolçulardan ibarət İspaniya millisinin üzvü Marqa Piza Bakıda keçirilən Avropa çempionatında Azərbaycan yığmasına 0:3 hesabı ilə məğlub olduqları matç barədə danışarkən deyib.
O bildirib ki, görüşün gedişatını dəyişməyə çalışsalar da, bunu bacarmayıblar: “Çox çətin oyun oldu. Meydan sahibi komandanı dəstəkləyən tribunalar və azarkeşlər qarşısında oynamaq, onların təzyiqini hiss etmək də öz təsirini göstərdi. Amma etiraf etməliyik ki, rəqib bizdən daha yaxşı idi. Doğma azarkeşlər önündə oynamaq həmişə böyük üstünlükdür. Azərbaycan millisinin 17 nömrəli oyunçusu Polina Rəhimova xüsusilə əla təsir bağışladı. Çox gözəl çıxış etdi. İspaniyadakı qarşılaşmada biz daha yaxşı idik və istədiyimiz oyunu nümayiş etdirə bilmişdik. Bu dəfə isə heç nə edə bilmədik. Çünki rəqib bizim nə edəcəyimizi olduqca yaxşı bilirdi. Belə vəziyyətdə nəticəni dəyişmək həqiqətən çətindir”.
Voleybolçu Azərbaycanın çox keyfiyyətli və komplektləşmiş komandaya malik olduğunu vurğulayıb: “Hücumda çox təhlükəlidirlər, topu oyuna yaxşı daxil edirlər. Eyni zamanda blokda və müdafiədə də çox aqressiv, yüksək tempdə oynayırlar. Bir sözlə, meydanda nə etməli olduqlarını dəqiq bilirlər”.
