ABŞ İranın ticarət tərəfdaşlarına iqtisadi sanksiyalar tətbiq etməyə hazırlaşır. Vaşinqton bunu “tarixdə ən böyük maliyyə hücumu” adlandırıb.
ABŞ-nin maliyyə naziri Skott Bessent bazar ertəsi mətbuat konfransı keçirəcək. O, İranla bağlı daha sərt tədbirlərin elan olunacağını vəd edib.
“Sübhdən iqtisadi D günü başlayır – rəqibə qarşı indiyədək həyata keçirilmiş ən böyük maliyyə hücumu”, - deyə Bessent bazar günü “Financial Times” qəzetində dərc olunan məqaləsində yazıb.
“Reuters” agentliyi yazır ki, münaqişə tərəfləri bir neçə həftədir artıq bir-birinə hərbi zərbələr endirmir. Bununla yanaşı, altıaylıq münaqişənin dayandırılması ilə bağlı konstruktiv danışıqlar da aparılmayıb.
İran isə öz növbəsində iqtisadi müharibə davam edəcəyi təqdirdə Körfəzdə bütün neft ixracını dayandıracağını bildirib.
“İqtisadi müharibə davam edəcəyi təqdirdə, nə Hörmüz boğazından, nə də Körfəzin hər hansı hissəsindən bir damcı belə neft ixrac olunmayacaq”, - deyə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi sosial şəbəkələrdə yazıb. O əlavə edib: “Amerikanın İran xalqına qarşı apardığı iqtisadi müharibədə istənilən ölkənin iştirakını və ya onu dəstəkləməsini müharibə aktı kimi qiymətləndirəcəyik”.
Bundan əvvəl maliyyə naziri Bessent Çini ABŞ ilə əməkdaşlığa çağırıb. O qeyd edib ki, tarixən Çin neft idxalının yarısını Körfəz regionundan həyata keçirib.
Çinin Vaşinqtondakı səfirliyinin nümayəndəsi isə “sanksiyalar və təzyiq problemin həllinə kömək etmir”, - deyə bildirib və diplomatiyaya çağırıb.
