Bu sözləri Milli Məclisin deputatı, Müdafiə Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
“Səfər zamanı həyata keçirilən tədbirlər və verilən mesajlar göstərir ki, Naxçıvan Azərbaycanın vahid iqtisadi, siyasi, sosial və təhlükəsizlik sistemində daha mühüm mövqeyə hazırlanır. Bu səfərin ən mühüm istiqamətlərindən biri Naxçıvanın Azərbaycanın iqtisadi sisteminə daha sıx inteqrasiyası və onun regional logistika mərkəzinə çevrilməsi ilə bağlıdır. Beynəlxalq səviyyəli infrastruktur layihələrinin həyata keçirilməsi Naxçıvan üçün yeni inkişaf mərhələsinin başlanğıcıdır. Bu baxımdan Naxçıvanın yalnız coğrafi baxımdan Azərbaycanın ayrılmaz hissəsi olması deyil, həm də ölkənin iqtisadi və nəqliyyat strategiyasında xüsusi əhəmiyyət daşıyır. Naxçıvanın gələcək inkişafında nəqliyyat-kommunikasiya layihələri xüsusi yer tutur. Şimal–Cənub və Orta Dəhliz layihələrinin inkişafı, Zəngəzur dəhlizinin açılması perspektivi Naxçıvanın regional və beynəlxalq logistika sistemində mövqeyini əhəmiyyətli dərəcədə gücləndirə bilər. Zəngəzur dəhlizinin reallaşması Naxçıvanın blokada vəziyyətindən çıxmasına, Azərbaycanın əsas hissəsi ilə daha geniş nəqliyyat əlaqələrinin yaranmasına və Türk dünyası ilə birbaşa quru bağlantısının güclənməsinə imkan verəcək. Bu isə Naxçıvanın regional iqtisadi mərkəzə çevrilməsi baxımından tarixi əhəmiyyət daşıyır. Səfərin digər mühüm istiqaməti idarəetmə məsələsidir. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan və öz səmərəliliyini göstərən idarəetmə modelinin Naxçıvanda da tətbiqi regionun inkişafına yeni dinamika verə bilər. İdarəetmədə şəffaflığın artırılması, dövlət büdcəsinin səmərəli istifadəsi Naxçıvanın sosial-iqtisadi inkişafı üçün mühüm amillərdir. Naxçıvanın enerji potensialının artırılması da strateji əhəmiyyət daşıyır. Günəş elektrik stansiyalarının yaradılması və yaşıl enerji layihələrinin həyata keçirilməsi Muxtar Respublikanın gələcək enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, onu bərpaolunan enerji sahəsində mühüm regional mərkəzlərdən birinə çevirə bilər. Bu istiqamətdə atılan addımlar Azərbaycanın yaşıl enerji siyasətinin Naxçıvanda da ardıcıl şəkildə həyata keçirildiyini göstərir. Səfər zamanı sosial və şəhərsalma məsələlərinə diqqət yetirilməsi də xüsusi əhəmiyyət daşıyır. Şəhərsalmanın 2040-cı ilə qədər inkişaf perspektivlərinin müəyyənləşdirilməsi, sosial mənzil layihələrinin həyata keçirilməsi və 518 mənzildən ibarət yeni yaşayış kompleksinin təməlinin qoyulması Naxçıvanda əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəlmiş mühüm addımlardır”.
Təhlükəsizlik məsələlərinə toxunan komitə sədri əlavə edib ki, Naxçıvanın təhlükəsizliyi də səfərin strateji istiqamətlərindən biri kimi diqqəti cəlb edir. Komando tipli hərbi birləşmələrin yaradılması regionun müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından mühüm addımdır. Çünki iqtisadi inkişaf, nəqliyyat və enerji layihələrinin uzunmüddətli və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün ilk növbədə sabitlik və etibarlı təhlükəsizlik sistemi təmin edilməlidir. Səfərin mədəni və turizm aspekti də diqqətdən kənarda qalmamalıdır. Möminə Xatun türbəsi kimi Azərbaycanın tarixi-mədəni irs nümunələrinin bərpası Naxçıvanın yalnız iqtisadi və strateji əhəmiyyətini deyil, həm də onun zəngin tarixi-mədəni potensialını ön plana çıxarır. Tarixi abidələrin qorunması və bərpası gələcəkdə Naxçıvanın beynəlxalq turizm marşrutlarında daha geniş yer tutmasına imkan yarada bilər.
Sonda Arzu Nağıyev bildirib ki, Cənab Prezident İlham Əliyevin Naxçıvan səfərini Muxtar Respublikanın gələcəyinə hesablanmış strateji sərmayə kimi qiymətləndirmək olar. Səfərin əsas mahiyyəti yalnız bu günün problemlərinin həlli deyil, Naxçıvanın sabahını müəyyənləşdirməkdir. Bu strategiyanın mərkəzində isə Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, Naxçıvanda insanların rifahının yüksəldilməsi və regionun davamlı inkişafının təmin edilməsi dayanır.
