Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Milli Məclisin deputatı Müşfiq Məmmədlinin də iştirak etdiyi tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədr müavini Elxan Məhərrəmov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü və prinsipial xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli mövqeyini möhkəmləndirib. Ölkəmizin müstəqil xarici siyasət həyata keçirməsi, milli maraqlarını qətiyyətlə müdafiə etməsi və regional əməkdaşlığın inkişafına mühüm töhfələr verməsi Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına şərait yaradıb.
Çıxış edən Milli Məclisin deputatı Müşfiq Məmmədli qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və çevik xarici siyasət Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına, ölkəmizin siyasi və iqtisadi imkanlarının genişlənməsinə mühüm təsir göstərib. Bildirilib ki, Azərbaycanın milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursu ölkəmizin beynəlxalq tərəfdaşlarının sayının artmasına və müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da dərinləşməsinə şərait yaradıb.
Müşfiq Məmmədli, həmçinin Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsindən bəhs edərək qeyd edib ki, bu Qələbə Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işlərinin həyata keçirildiyi, Qarabağ və Şərqi Zəngəzurun ölkəmizin sosial-iqtisadi inkişafının yeni mərkəzlərinə çevrildiyi diqqətə çatdırılıb.
Digər çıxış edənlər – Quba RİHB-nın Zərqava İƏD üzrə nümayəndəsi, ərazi partiya təşkilatının sədri Fərman Tahirov, fərdi təqaüdçü, fermer Gülşən Seyidov, Çiçi-Zərqava bələdiyyəsinin sədri Arif Ömərov, Quba rayonu Məmməd Teymurxanlı adına İsnov kənd orta məktəbinin direktoru Cəlal Əliyev, Qorxmazoba kənd sakini Osman Muradov, Zərqava kənd sakinləri Sahib Hacıbabayev və Əzizə Musayeva çıxış edərək bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və uğurlu xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirib, dünya dövlətləri və beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirib. Çıxışlarda ölkəmizin əldə etdiyi tarixi Zəfər, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi və regionda yeni reallıqların formalaşmasında dövlətimizin rolunun artması xüsusi vurğulanıb. Natiqlər qeyd ediblər ki, həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət Azərbaycanın gələcək inkişafı, təhlükəsizliyi və beynəlxalq mövqelərinin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Sonra Milli Məclisin deputatı Müşfiq Məmmədli seçicilərlə görüşərək, onların müraciət və təkliflərini dinləyib, qaldırılan məsələlərlə bağlı fikir mübadiləsi aparıb və səsləndirilən problemlərin həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.
Daha sonra Müşfiq Məmmədli Quba rayonunun Zərqava kəndindən olan Vətən müharibəsi şəhidi Sultanov Səlim Sultan oğlunun ailəsini ziyarət edərək, şəhidin ailə üzvləri ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb, şəhidin əziz xatirəsinin daim ehtiramla yad edildiyini vurğulayıb.
Bəradər Səməndərli
"Atributinfo.az"
