
Müşfiq Cəfərov
Milli Məclisin deputatı
Azərbaycan və Vyetnam 66 ilə söykənən tarixi dostluq, tərəfdaşlıq münasibətlərinə malikdir. İki ölkə əsas sektorlarda praqmatik yanaşma və ümumi maraqlara əsaslanan davamlı və qarşılıqlı faydalı əlaqələr qurur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə zamanı bu məsələyə xüsusilə toxunaraq bildirdi ki, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir.
Son illər iki ölkə arasında intensiv əməkdaşlıq əlaqələri var. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi artır, neft-qaz sənayesində əlaqələr inkişaf edir, kiçik və orta biznesin arasında qarşılıqlı fəaliyyət üçün platformalar yaradılır. Eyni zamanda, xüsusilə Azərbaycanın tranzit qovşağı kimi artan əhəmiyyətini nəzərə alaraq, mədəni dialoq gücləndirilir və nəqliyyat və logistika sahəsində yeni perspektivlər açılır.
Azərbaycan ilə Vyetnam ölkələrin milli maraqlara hörmət və beynəlxalq hüquq normalarına sadiqlik prinsipləri əsasında sıx əməkdaşlıq edir. Beynəlxalq və regional təşkilatlarda, o cümlədən BMT-də, Qoşulmama Hərəkatında, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə bir-birinə dəstək verirlər. Ölkələrimiz arasında münasibətlərin inkişafında iqtisadi-ticari və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyəti əhəmiyyətli rol oynayır.
Cənab prezidentin də müsahibəsində qeyd etdiyi kimi Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Bakıya ötən ilki səfəri ikitərəfli dialoqda mühüm mərhələdir və tərəfdaşlığın dərinləşdirilməsində qarşılıqlı marağı simvollaşdırır.
