YAP Qax rayon təşkilatının sədri:
Azərbaycan Rrespublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfər ediblər.
Bölgənin strateji rolunun artırılması baxımından növbəti mühüm addım olan bu səfər Ümummilli Lider Heydər Əliyevin Naxçıvanla bağlı xüsusi xəttinin məntiqi davamıdır.
Dövlətimizin başçısı Naxçıvanın sosial-iqtisadi yüksəlişini və ölkənin ümumi inkişaf sisteminə tam inteqrasiyasını hər zaman diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına 17 dəfə səfər edib. Bu səfərlər çərçivəsində çoxsaylı sosial, iqtisadi və infrastruktur obyektlərinin açılışında iştirak edib, bölgənin inkişafı ilə bağlı mühüm tapşırıqlar verib. Naxçıvanın Azərbaycanın ümumi geosiyasi və milli təhlükəsizlik sistemindəki strateji əhəmiyyəti daim xüsusi diqqətdə saxlanılıb. Cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə muxtar respublikanın infrastrukturunun yenilənməsi, nəqliyyat imkanlarının artırılması, sosial obyektlərin yaradılması və iqtisadi potensialının gücləndirilməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirilib.
Prezident İlham Əliyevin Naxçıvana son səfəri bu yanaşmaların daha da təkmilləşdirilməsi, həmçinin Cənubi Qafqazda Azərbaycanın liderliyi və təşəbbüsləri ilə formalaşmış reallıqlar baxımından mühüm əhəmiyyət kəsb edir.
Cənab Prezident İlham Əliyev azad edilmiş ərazilərdə (Qarabağ və Şərqi Zəngəzur) tətbiq edilən müasir şəhərsalma təcrübəsinin Naxçıvanda da reallaşdırılması üçün konkret göstəriş vermişdir.
Dövlət başçısı işğaldan azad edilmiş bütün ərazilərdə şəhərlərin baş planlarının təsdiqləndiyini xatırladaraq, Naxçıvan şəhərinin də Baş planının hazırlanması barədə tapşırıq verdiyini açıqlayıb. Bu plan çərçivəsində şəhərdə müasir infrastrukturun yaradılması üçün əlavə tədbirlər görüləcək.
Nəqliyyatın modernləşdirilməsi də prioritet sahələrdən biridir. Naxçıvan şəhərində ekoloji təmiz nəqliyyata keçid formalaşdırılır. Şəhərdə köhnə avtobuslar tamamilə sıradan çıxarılıb və yeni elektrik avtobusları xəttə buraxılıb. Həmçinin, rayonlararası nəqliyyatın yaxşılaşdırılması üçün 217 yeni müasir avtobusun alınması nəzərdə tutulur. Naxçıvan, həm də Azərbaycanın yaşıl enerji zonalarından biridir. Elektrik avtobuslarından və günəş enerjisindən istifadənin genişləndirilməsi ilə Naxçıvanın 2050-ci ilədək xalis sıfır karbonlu əraziyə çevrilmək potensialı var və bu istiqamətdə artıq öhdəliklər götürülüb.
Şəhərin mərkəzində yeni beşulduzlu mehmanxananın təməli qoyulub ki, bu da bölgənin zəngin turizm potensialının reallaşdırılmasına xidmət edəcək. Eyni zamanda, uşaq bağçalarının tikintisi və təmiri kimi sosial məsələlərin həlli də plana daxildir.
Qeyd etmək olar ki, Naxçıvan artıq Qarabağ və Şərqi Zəngəzurla birlikdə vahid inkişaf konsepsiyası əsasında idarə olunur:
“Bu, həm inzibati islahatları, Prezidentin xüsusi nümayəndəliyi institutu, həm də iqtisadi planlaşdırmanı əhatə edir.
Sumqayıtdan sonra ölkədə ikinci ən böyük sənaye parkı olacaq Naxçıvan Sənaye Parkının və burada 300 meqavatlıq istilik elektrik stansiyasının təməlinin qoyulması muxtar respublikanı ixracatçı regiona çevirir.
Naxçıvanın Yaşıl enerji zonası elan edilməsi və burada 500-1000 meqavat günəş enerjisi potensialından geniş istifadə edilməsi hədəflənir. Bu isə regionda Azərbaycanı bu sahədə lider edir.
Naxçıvan artıq yalnız Azərbaycanın ayrılmaz hissəsi olan strateji bir ərazi kimi deyil, regionun yeni nəqliyyat və iqtisadi arxitekturasının mühüm qovşaqlarından birinə çevrilir. 8 avqust Vaşinqton razılaşmalarından sonra Naxçıvan nəhayət ki, Zəngəzur dəhlizinin tam fəaliyyətə başlaması ilə avtomobil yolu, dəmir yolu və digər bağlantılarla Azərbaycanın digər ərazilərinə birləşəcək. Bu, yalnız Azərbaycanla Naxçıvan arasında maneəsiz və çoxmodallı bağlantının təmin edilməsi demək deyil. Naxçıvan, eyni zamanda, Avropanı Asiya ilə birləşdirən Orta Dəhlizin əsas həlqələrindən birinə çevriləcək. Bu yolların ətrafında iqtisadi fəallıq, yeni iş yerləri, turizm, ticarət, mədəni mübadilə və insanların rifahı artacaqdır.
Səfərin diqqətçəkən məqamlarından biri dövlətimizin başçısının Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimində iştirak olub. Bu, Naxçıvanın strateji coğrafi mövqeyi nəzərə alınmaqla xüsusi əhəmiyyət daşıyır. Regionun təhlükəsizliyi yalnız Naxçıvanın özünün deyil, Azərbaycanın ümumi milli təhlükəsizlik sisteminin mühüm elementidir.
Səfərin digər mühüm istiqaməti Naxçıvanın tarixi-mədəni irsidir. Möminə xatun türbəsində bərpa işləri ilə tanışlıq və Əcəmi Naxçıvaninin abidəsinin açılışı təsadüfi tədbirlər deyil. Bu layihələr Naxçıvanın turizm potensialının artırılması ilə yanaşı, onun Azərbaycan tarixindəki xüsusi rolunun ön plana çıxarılmasına xidmət edir. Burada mühüm məqam ondan ibarətdir ki, iqtisadi inkişafla mədəni irsin qorunması paralel aparılır. Yəni Naxçıvanın gələcək inkişaf modelində sənaye, turizm və mədəni irs bir-birini tamamlayan istiqamətlər kimi nəzərdən keçirilir.
Cənab Prezidentin səfəri Naxçıvanın inkişafına, dirçəlməsinə mühüm töhfə verəcək.
