Sizin reklam burada
Sizin reklam burada
  • Aqil Məmmədov: Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığı yeni mərhələyə yüksəlib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb edən siyasi hadisələrdən biridir. Bu səfər təkcə ikitərəfli əlaqələrin möhkəmlənməsinə deyil, eyni zamanda Türk dünyasında qarşılıqlı əməkdaşlığın daha da genişlənməsinə xidmət edən mühüm addım kimi qiymətləndirilir.

    Bu sözləri Yeni Azərbaycan Partiyasının üzvü, Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov deyib.

    Şura sədri son illərdə Bakı və Bişkek arasında formalaşmış etibarlı siyasi dialoq münasibətlərin yeni strateji mərhələyə yüksəlməsinə zəmin yaratdığını söyləyib:

    “Ölkəmizin başçısının məhz bu səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər də göstərdi ki, Azərbaycan və Qırğızıstan əməkdaşlığın perspektivlərini uzunmüddətli strateji baxış əsasında formalaşdırırlar. Dövlət başçıları iqtisadi əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi, sənaye sahəsində əməkdaşlıq, rəqəmsal transformasiya, kənd təsərrüfatı, enerji, nəqliyyat, təhsil və humanitar sahələrdə birgə fəaliyyət imkanlarını ətraflı müzakirə ediblər. Bu istiqamətlər tərəflərin əməkdaşlığının artıq çoxşaxəli xarakter aldığını nümayiş etdirir.

    Azərbaycan və Qırğızıstanı birləşdirən amillər ortaq tarix və mədəni irslə məhdudlaşmır. Müasir geosiyasi və geoiqtisadi şərait ölkələr arasında qarşılıqlı maraqlara əsaslanan yeni əməkdaşlıq imkanları formalaşdırıb. Xüsusilə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq nəqliyyat və logistika layihələri Mərkəzi Asiya dövlətləri üçün geniş iqtisadi perspektivlər yaradır. Orta Dəhlizin inkişafı və Xəzər üzərindən keçən beynəlxalq yük marşrutlarının genişləndirilməsi Qırğızıstanın da regional nəqliyyat imkanlarını artıran mühüm amillərdəndir”.

    YAP üzvü hesab edir ki, diplomatik münasibətlərin otuz ildən artıq tarixə malik olmasına baxmayaraq, son illərdə əlaqələr keyfiyyətcə yeni mərhələyə keçib:

    “Yüksək səviyyəli qarşılıqlı səfərlər, imzalanan çoxsaylı sənədlər və yaradılan yeni əməkdaşlıq mexanizmləri ikitərəfli münasibətlərin hüquqi və institusional bazasını əhəmiyyətli dərəcədə gücləndirib. Bu gün mövcud hüquqi çərçivə gələcək layihələrin uğurla həyata keçirilməsi üçün etibarlı əsas yaradır.

    Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Mərkəzi Asiya istiqamətində həyata keçirdiyi ardıcıl siyasət ölkənin regiondakı mövqeyini daha da möhkəmləndirib. Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb və ölkəmiz Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat və iqtisadi mərkəzlərdən birinə çevrilib. Bu amil Mərkəzi Asiya ölkələri, o cümlədən Qırğızıstan ilə strateji əməkdaşlığın genişlənməsinə əlavə imkanlar açır.

    Humanitar sahədə əməkdaşlıq da münasibətlərin vacib istiqamətlərindən biri olaraq qalır. Elm, təhsil, mədəniyyət və incəsənət sahələrində həyata keçirilən birgə layihələr xalqlar arasında dostluq və qarşılıqlı etimadı gücləndirir. Mədəni tədbirlərin təşkili, gənclər proqramları və ortaq elmi təşəbbüslər gələcək nəsillər arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir”.

    Aqil Məmmədova görə, Qırğızıstanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və yenidənqurma prosesinə verdiyi dəstək də xüsusi əhəmiyyət daşıyır:

    “Ağdam rayonunda tikilən məktəb qardaş ölkənin həmrəylik və dostluq münasibətlərinin parlaq nümunəsi olmaqla yanaşı, iki xalq arasında münasibətlərin praktik ifadəsinə çevrilib.

    Azərbaycan və Qırğızıstan beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq nümayiş etdirirlər. Xüsusilə Türk Dövlətləri Təşkilatında birgə fəaliyyət, regional təhlükəsizlik, iqtisadi inkişaf və davamlı tərəqqi istiqamətində irəli sürülən təşəbbüslər ortaq maraqların və qarşılıqlı dəstəyin göstəricisidir. Bu əməkdaşlıq yalnız iki ölkənin deyil, bütövlükdə Türk dünyasının inteqrasiyasına və birliyinin güclənməsinə mühüm töhfə verir.

    Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərinin gələcək inkişaf konturlarını müəyyənləşdirən mühüm siyasi hadisə kimi tarixə düşür. Bakı ilə Bişkek arasında mövcud olan yüksək etimad, strateji tərəfdaşlıq və qarşılıqlı dəstək gələcəkdə əməkdaşlığın daha geniş istiqamətlər üzrə inkişafını təmin edəcək. Bu münasibətlər modeli Türk dünyasında qardaşlıq, inteqrasiya və regional tərəfdaşlığın ən uğurlu nümunələrindən biri kimi öz əhəmiyyətini daha da artıracaq”.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ