Eldar İsmayıl oğlu Əsgərov (Şəkibəyov)10-CU HİSSƏ
Korrupsiya əvvəlcədən müəyyən edilməsi çətin, müalicəsi asan olan,
bir müddət sonra isə müəyyən edilməsi asan,
lakin müalicəsi mümkün olmayan xəstəlikdir.
Nikkolo Makkiavelli
Mediadan söz düşmüşkən, qeyd etmək istərdik ki, cəmiyyətin güzgüsü hesab edilən, hakimiyyətin dördüncü qolu olan bu qurum hər ölkənin həyatında əldə olunan nailiyyətlər, müsbət dəyişikliklərlə yanaşı, korrupsiyaya qarşı kəskin mübarizəni də əks etdirir. Bu prosesdə media ən yaxın köməkçi və təsirli vasitədir.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 2003-cü il 31 oktyabr tarixli 57/169 nömrəli Qətnaməsi ilə qəbul edilən Korrupsiyaya qarşı Konvensiyasının “İctimaiyyətin iştirakı” adlanan 13-cü maddəsində birbaşa göstərilmişdir ki, dövlət sektoruna aid olmayan şəxslərin və qrupların, məsələn, vətəndaş cəmiyyətlərinin, qeyri-hökumət təşkilatlarının, icma bazasında fəaliyyət göstərən təşkilatların korrupsiyanın qarşısının alınmasında və korrupsiyaya qarşı mübarizədə fəal iştirakına yardım etmək üçün, habelə korrupsiyanın mövcudluğu, onun səbəbləri, təhlükəli xarakteri və təhdidləri barədə cəmiyyətin maarifləndirilməsini artırmaq üçün hər bir İştirakçı Dövlət daxili qanunvericiliyin əsas prinsiplərinə uyğun olaraq və öz imkanları daxilində lazımi tədbirləri görür. Belə iştirak aşağıdakı tədbirlərin köməyi ilə gücləndirilməlidir:
a) qərarların qəbul edilməsi prosesində şəffaflığın gücləndirilməsi və bu prosesdə ictimaiyyətin iştirakının təşviq edilməsi;
b) ictimaiyyətin məlumatlardan səmərəli istifadə etməsinə imkan yaradılması;
c) əhalidə korrupsiyaya qarşı dözümsüzlük ruhunun yaranmasına xidmət edən məlumatlandırma tədbirlərinin, habelə məktəb və universitetlər də daxil olmaqla, ictimai tədris proqramlarının təşkil edilməsi;
d) korrupsiyaya dair məlumatların axtarılması, əldə edilməsi, dərc etdirilməsi və yayılması azadlığına hörmət edilməsi, təşviq edilməsi və müdafiə edilməsi. Göstərilən azadlığa məhdudiyyətlər müəyyən oluna bilər, ancaq belə məhdudiyyətlər qanunla nəzərdə tutulur və aşağıdakı zərurətlərdən irəli gəlir:
i) başqa şəxslərin hüquqlarına və nüfuzuna hörmət edilməsi;
ii) milli təhlükəsizliyin və ya ictimai qaydanın, yaxud əhalinin sağlamlığının və ya mənəviyyatının qorunması.
Hər bir İştirakçı Dövlət bu Konvensiyada göstərilmiş korrupsiya ilə mübarizə aparan orqanların ictimaiyyətə məlum olmasını təmin edən tədbirlər görür və lazım gəldikdə, bu Konvensiya ilə əhatə olunan hər hansı hüquqpozma yarada bilən hallar barədə məlumatların, anonim forma da daxil olmaqla, həmin orqanlara verilməsi üçün imkan yaradır.
Məs., İsveçdə korrupsiyaya qarşı mübarizədə hər hansı korrupsiya qalmaqalını ictimailəşdirən media kifayət qədər böyük rol oynayır. Beləliklə, korrupsiya sferasında ictimai savad, əhalinin idarəetmə sisteminə inamı, bütün proseslərin tam şəffaflığı və məlumatların maksimum əlçatanlığı sayəsində İsveç ölkədə bu və ya digər qalmaqalda hansı yüksək vəzifəli şəxslərin əli olmasından asılı olmayaraq korrupsiya səviyyəsinə effektiv nəzarət edə bilir.
Honq Konq təcrübəsi göstərdi ki, korrupsiyaya qarşı mübarizədə əsas amillərdən biri ictimai etimaddır. İnsanlar yalnız yüksək vəzifəli şəxslərin də məsuliyyətə cəlb olunduğunu gördükdən sonra hüquq-mühafizə orqanları ilə daha fəal əməkdaşlıq etməyə başladılar. Media nümayəndələri dövlət qulluqçularının və onların yaxınlarının əmlak vəziyyətini diqqətlə izləyir, şübhəli hallar aşkar edildikdə araşdırmalar başlanırdı. Nəticədə rüşvət almaq həm riskli, həm də iqtisadi baxımdan sərfəsiz fəaliyyətə çevrildi.
Qərbi Avropada korrupsiya hallarını işıqlandırmaq və araşdırmaq, ictimaiyyəti məlumatlandırmaq və şəffaflığı artırmaqla demokratiyanın gözətçisi kimi çıxış edən media korrupsiyaya qarşı mübarizədə əsas rol oynayır ki, bu da öz növbəsində hökumətə qarşı tədbirlər görmək üçün ictimai təzyiqləri stimullaşdırır. Araşdırma jurnalistikası vasitəsilə media korrupsiya sxemlərini ifşa edir, ictimaiyyətin diqqətini dövlət institutlarına cəlb edir və korrupsiya ilə mübarizə üçün qanunvericilik tədbirlərini təbliğ edir.
Müstəqil medianın fəal rolu olan ölkələrdən fərqli olaraq, Sinqapurda mediadan korrupsiyanın monitorinqi və ifşası üçün müstəqil vasitə kimi istifadə edilmir, əsasən dövlət tərəfindən korrupsiyaya qarşı mübarizə dəyərlərinin maarifləndirilməsi və təbliği üçün istifadə olunur.
Dövlət başçısı bu yaxınlarda - 2023-cü il iyunun 9-da Ağcabədi rayonuna səfəri zamanı isə demişdir: “ASAN xidmətin fəaliyyətinə qayıdaraq, bir daha demək istəyirəm ki, bu xidmətdən nümunə götürərək biz sübut edirik ki, korrupsiya və rüşvətxorluqla nəinki mübarizə aparmaq, həm də bu işdə uğur əldə etmək olar. Biz bütün vasitələrdən istifadə edirik. Təbii ki, mən hesab edirəm ki, burada sistemli tədbirlər əsas rol oynayır, çünki “ASAN xidmət”in nümunəsindən istifadə edərək burada bunun mümkün olduğunu görürük. Ona görə də sistem xarakterli institusional tədbirlərlə biz korrupsiya və kölgə iqtisadiyyatı üzrə fəaliyyət sahəsini daraldırıq. Parallel olaraq inzibati və cəza tədbirləri görülür və görüləcək”.
Fikrimizcə, korrupsiyaya şərait yaradan problemlərdən biri də bəzi dövlət qurumları tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş prinsiplərə əməl olunmamasıdır.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 25 oktyabr tarixli Sərəncamına əsasən sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipinin 2008-ci il 1 yanvar tarixindən, Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli Fərmanının 1-ci hissəsində Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipi 2009-cu il yanvarın 1-dən tətbiq edilməsi nəzərdə tutulmuşdur.
Müxtəlif ölkələrin qanunvericiliyində “bir pəncərə”, “vahid pəncərə” prinsipi dövlət orqanlarına və xidmətlərə vahid çıxış məntəqəsinin yaradılmasına əsaslanır ki, bu da sənədlərin bir yerdə mərkəzləşdirilməsi və məlumatların əldə edilməsi, müxtəlif orqanlara gediş-gəlişin minimuma endirilməsi ilə vətəndaşlar və biznes üçün prosesləri sadələşdirir.
“Vahid pəncərə” texnologiyası vətəndaşlarla məmurlar, sahibkarlıq subyektləri arasında məcburi ünsiyyət vaxtının azaldılmasına, onun minimuma endirilməsinə yönəlib və ərizənin verilməsindən tutmuş icra hakimiyyəti və ya digər orqanın qərarının nəticələrinin verilməsinə qədər istənilən xidmətin göstərilməsinin bir yerdə cəmlənməsi ilə xarakterizə olunur.
Sadə dillə desək, “vahid pəncərə” prinsipi əsasında vətəndaşın müxtəlif orqanlara və idarələrə getməsinə ehtiyac olmur, o, bir yerdə sənədləri təqdim edib elə həmin yerdə də onu qəbul edə bilər.
Qanunvericilik səviyyəsində “vahid pəncərə” prinsipi əsasında korrupsiyanı buxovlamaq istiqamətində kifayət qədər böyük işlər görülmüşdür və görülür. Məs., “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 2004-cü il 29 iyun tarixli Azərbaycan Respublikası Qanununun 9-1-ci maddəsində “Daşınmaz əmlak üzərində hüquqların “bir pəncərə” prinsipi əsasında dövlət qeydiyyatı” ilə bağlı müddəalar öz əksini tapmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun “Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı” adlanan 27-ci maddəsinin IV-I hissəsinin 2-ci bəndində nəqliyyat vasitəsinin dövlət qeydiyyatını və daimi uçota alınmasını, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsi ilə bağlı həmin fəaliyyəti həyata keçirən dövlət orqanında “bir pəncərə” prinsipinin təşkili nəzərdə tutulmuşdur.
“Bir pəncərə” ilə bağlı oxşar müddəalar “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununda da öz əksini tapmışdır.
Bu sahədə Gürcüstanda bütün dövlət xidmətləri üçün “bir pəncərə prinsipi”nin yaradılması xüsusi maraq doğurur. Belə ki, vətəndaş Ədliyyə Evində istənilən sənədi əldə edə, nikah bağlaya və xitam verə, şirkət aça və s. edə bilər. Oxşar qurumlarda 300-ə yaxın müxtəlif xidmət bir yerdə birləşdirilir və vətəndaşlar digər dövlət qurumlarının qapısını döymək məcburiyyətində qalmırlar. Yalnız Ədliyyə Nazirliyinin saytında əvvəlcədən qeydiyyatdan keçməklə hər bir Gürcüstan vətəndaşı Ədliyyə Evində 15 dəqiqə ərzində uşağın doğulmasının qeydiyyatından tutmuş əcnəbilər üçün viza, yaşayış icazəsi və ya torpaq sənədinə qədər demək olar ki, istənilən sənədi əldə edə bilər.
Sinqapurda isə hüquqi şəxsin qeydiyyatı cəmi 10 dəqiqə çəkir.
Ölkəmizdə hazırda oxşar funksiyaları bir çox ölkələrin də nümunə kimi tətbiq etdikləri Azərbaycan brendi hesab edilən ASAN xidmət həyata keçirir.
Yazıda korrupsiyanın müxtəlif anlayışlarının verilməsinə baxmayaraq ingilis filosofu, müasir siyasi fəlsəfənin, ictimai müqavilə və dövlət suverenliyi nəzəriyyəsinin yaradıcılarından biri Tomas Hobbs yazdığı kimi, korrupsiya “bütün zamanlarda qanunlara olan nifrətin köküdür”. Bəli, korrupsiya əməllərinə yol vermiş məmurların qanunların qadağanedici normalarına əməl etməmələri qanunlara sayğısızlıq, saymazlıq, cəzasızlığın nəticəsidir.
Korrupsioner və rüşvətxorlarla mübarizənin əsas yollarından biri də ictimai nəzarətin bir forması olan ictimai qınaqdır. İctimai qınaq cəmiyyətdə insan davranışlarının tənzimlənməsinin bir formasıdır, ictimai təsir mexanizmidir və nəhayət insanları müəyyən yanlış əməllərdən çəkindirmək üsuludur.
İctimai qınaq Sinqapur qanunvericiliyinə görə cəza prosesinin tərkib hissəsidir. “Qınamaq” sözü məzəmmət etmək, danlamaq, təqsirləndirmək və töhmətləndirmək mənasını verir. Başqa sözlə, bir kəsə onun hərəkətinin, davranışının düzgün olmadığını bildirmək, onu tənqid etmək və ya günahlandırmaq deməkdir. O qənaətdəyik ki, Azərbaycan cəmiyyəti ictimai qınaq nümayiş etdirmək baxımından aktiv deyil və ya olmaq istəmir. Məs., məclislərimizdə və ya hansısa tədbirdə korrupsioner və ya rüşvətxor peyda olarkən insanlarımız sözün əsl mənasında həmin şəxsin qabağına qaçır (elə təəssürat yaranır ki, elə bil onun bu korrupsionerə, rüşvətxora borcu var, bu da kənardan çox iyrənc görünür), onu süfrəsinin başında əyləşdirir və ona xüsusi diqqət yetirir. Belə təəssürat yaranır ki, qarşılanan məmur ya hansısa qələbənin qəhrəmanı, dövlət mükafatı laureatı, ya da Nobel mükafatının qalibidir. Belə insanlar cəmiyyət tərəfindən iqnor olunmalı, onlara qarşı sözün əsl mənasında boykot elan edilməlidir. Burada ümummilli liderimizin rüşvətxoru, oğrunu qəhrəman etmək öz xalqına xəyanət etməkdir kəlamı lap yerinə düşür.
Bəstəkar, dirijor, publicist, dramaturq, pedaqoq, jurnalist, ictimai xadim Üzeyir Hacıbəyov vaxtı ilə xalqla bağlı işlərdə başbilənlərdən bilik, bacarıq, həvəs və cürət olmasını istəyirdi. Onun fikrincə, milli oyanış və tərəqqi, zamanın nəbzini tutmağı bacaran, xalqı öz arxasınca aparmağa qadir olan, hərtərəfli yetişmiş, qüvvətli və istəkli şəxslərin olmasını istəyir.
Elə buradaca Li Kuan Yu-nun daha bir fikrini də dəyərli oxucuların diqqətinə çatdırmaq istərdim: “Hər hansı bir cəmiyyətin uğurlu transformasiyasının üç əsas əvəzsiz hissəsi var. Birincisi qətiyyətli rəhbərlik... ikincisi effektiv idarəetmə, üçüncüsü ictimai nizam-intizamdır.”.
Əsas şərt kimi, hesab edirik ki, korrupsiyaya qarşı mübarizə strategiyasının həyata keçirilməsi əhali üçün genişmiqyaslı məlumatlandırma kampaniyaları, televiziya kanallarında xüsusi reklam çarxları vətəndaşları korrupsiyaya qarşı mübarizədə iştiraka çağırışlarla müşayiət olunmalıdır.
Korrupsiyaya qarşı mübarizə aparmaq üçün ilk növbədə özümüzdə və övladlarımızda Vətəndaş, Qanun, Dövlət, Şərəf, Məsuliyyət, Peşəkarlıq, Vicdan kimi anlayışlara hörmət tərbiyə edilməlidir.
Göründüyü kimi, cəmiyyətdə sabitliyə və vətəndaşın hakimiyyətə inamına təsir edən korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ənənəvi üsullarla paralel olaraq, “ASAN xidmət” elektron hökumət, nağd ödənişlərdən imtina və digər innovativ üsullarla müəyyən problemlərin aradan qaldırılmasına çalışır. Ən əsası isə odur ki, ölkə vətəndaşları bu yeniliyin müsbət nəticələrini öz gözləri ilə görür və Azərbaycan Prezidentinin elan etdiyi korrupsiyaya qarşı mübarizəni tam dəstəklədiklərini bildirirlər. Bu bəlaya qarşı mübarizədə uğur yalnız ölkə vətəndaşlarının barışmazlığı ilə mümkündür. Deməli, bu, çox ciddi problemdir və bütün ölkənin formatında həll olunmalıdır. Bizə elə gəlir ki, prinsipcə, hazırki məqaləni bu xroniki, bu məşum xəstəliklə necə mübarizə aparmağın yollarını göstərən yol xəritəsi də hesab etmək olar. Bunu isə ölkənin taleyinə biganə qalmayan dəyərli oxucularımızın müzakirəsinə buraxırıq.
Qənaətə gəldiyimiz nəticələr onu deməyə əsas verir ki, vəzifəli şəxslərin sui-istifadəsi, qanunların tələblərinə əməl etməmələri, korrupsiyaya qurşanmaları dövlət başçısının iradəsinin əleyhinə getmək kimi qiymətləndirilməlidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibəsində qeyd etmişdir ki, əsas məsələ, kadr məsələsidir. Məsələn, mən Naxçıvanda da xüsusi nümayəndə institutu yaratmışam. Ancaq əfsuslar olsun ki, oraya təyin etdiyim kadr etimadımı doğrultmayıb və buna görə vəzifəsindən çıxarılmışdır. Bu yaxınlarda Bakının rayonlarının birinə icra başçısı təyin edilmişdir. Özü də noyabr ayındakı o təyinatda qrup şəklində bir neçə icra başçısı təyin edilirdi. İnsanlara diqqət, iş adamlarına dəyməmək, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə, sosial ədalət barədə mənim verdiyim tapşırıqlar, sözlər mətbuatda gedib. Amma təyin etdiyim adamlardan birini mən bir aydan sonra vəzifəsindən çıxartmışam. Yəni bu, məni çox məyus edir. Çünki bilirsiniz, mən artıq 22 ildir ki, bu vəzifədəyəm və bu illər ərzində bir çox kadrları vəzifəyə təyin etmişəm, etimad göstərmişəm. Hər dəfə yeni təyin edilən icra başçısı ilə mənim ya görüşlərim, ya telefonla söhbətim olur. Onların bəziləri televiziyaya, mətbuata verilir, bəziləri verilmir və tövsiyələrim də təxminən çox da dəyişmir. Məyus edən də odur ki, əfsuslar olsun, gənc kadrlar arasında da pozuntulara yol verənlər var. Yəni burada gənc nəsil, yaşlı nəsil söhbəti getmir. İnsanların keyfiyyətindən söhbət gedir, ailədə, məktəbdə, cəmiyyətdə aldığı tərbiyədən söhbət gedir. Ona görə etimad göstərilir, onu doğruldan həmişə dəstəklənir. Mən həmişə kadrlara ədalətli olmuşam. Amma etimadı doğrultmayan, əyri yola gedənlər, əlbəttə ki, ya cinayət məsuliyyətinə cəlb edilir, - belə hallar kifayət qədər çoxdur, - ya da ki, inzibati qaydada cəzalandırılır. Nə deyə bilərəm, mən davam edəcəyəm, bu proses hamar deyil. Struktur islahatlarının aparılması təbii ki, vacibdir. Amma saf, təmiz kadrların yetişdirilməsi ondan daha vacib məsələdir və mənim təcrübəm onu göstərir ki, bu, daha vacib məsələdir, nəinki struktur dəyişiklikləri.
Son olaraq məşhur alim, Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadə 2010-cu il 19 iyul tarixdə “Azadlıq” radiosuna verdiyi müsahibəsində bildirmişdir ki, “Mən İlham Əliyevi Sinqapurun lideri ilə müqayisə edirəm. Onlar çalışırlar ki, insanları başa düşsünlər, ölkəni irəli aparırlar. O, işıqlı bir liderdir.”
Bu fikirlər bizim deyil, dünyada sayılıb seçilən, kifayət qədər böyük nüfuz sahibi olan, bir dahi insanın ölkə başçısına verdiyi dəyərdir.
Oxşar fikirlər 2025-ci il 8 avqust tarixində Azərbaycan Respublikası Prezidentinin ABŞ-a səfəri çərçivəsində Amerika kimi super dövlətin hazırki Prezidenti Donald Trampla görüşü zamanı o, İlham Əliyevlə debatda bildirmişdir: Sizin xalq böyük xalqdır, Siz böyük lidersiniz”.
Həqiqətən də belədir. Tarix də göstərir ki, İlham Əliyev tələsmədən, məqsədinə çatmaq üçün addım-addım irəliləyir və uğurları göz qabağındadır.
Korrupsiya taleyin hökmü deyil. Ona qarşı mübarizə aparmaq mümkündür. Bunun üçün güclü siyasi iradə, sağlam institutlar, peşəkar kadrlar, ictimai nəzarət və korrupsiyaya qarşı barışmaz vətəndaş mövqeyi tələb olunur. Tarix göstərir ki, cəmiyyətin dözdüyü korrupsiya yaşayır, qəbul etmədiyi korrupsiya isə gec-tez məğlub olur.
