Əvvəlcə Milli Məclisin sədri Sahibə Qafarova ilə Efiopiya Xarici İşlər İnstitutunun direktor müavini Məhəmmədrafi Abaraya arasında görüş keçirilib.
Ardınca nümayəndə heyətlərinin iştirakı ilə ADA Universiteti ilə Xarici İşlər İnstitutu arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə "Azərbaycan və Efiopiya: Parlamentlərarası dialoqun, əməkdaşlığın və çoxtərəfliliyin inkişafı" mövzusunda çıxış edib. Spiker çıxışında Azərbaycan ilə Efiopiya arasında münasibətlərin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyini bildirib. O, Efiopiya Prezidenti Taye Atske Selassiyenin və Baş nazir Abiy Əhməd Əlinin Azərbaycana səfərlərinin, onların Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdikləri görüşlərin, eləcə də Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyevanın Efiopiyaya səfərinin ölkələrimiz arasında dostluq, qarşılıqlı hörmət və etimadın möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıb. Spiker, eyni zamanda, parlamentlərarası münasibətlərin bu əlaqələrin inkişafında mühüm vasitə olduğunu bildirib.
Sahibə Qafarova çıxışında Azərbaycanın innovativ dövlət idarəçiliyi təcrübəsindən bəhs edərək, “ASAN xidmət” modelinin Efiopiyada “MESOB” Xidmət Mərkəzi vasitəsilə uğurla tətbiqini qarşılıqlı faydalı əməkdaşlığın nümunəsi kimi qiymətləndirib. O vurğulayıb ki, etimada, bilik və təcrübə mübadiləsinə əsaslanan tərəfdaşlıq birgə inkişaf və davamlı tərəqqinin əsasını təşkil edir.
Spiker bildirib ki, Azərbaycan ilə Efiopiya arasında humanitar əməkdaşlıq ikitərəfli münasibətlərin vacib istiqamətlərindən biridir. O qeyd edib ki, Azərbaycanın aparıcı ali təhsil müəssisələrindən olan ADA Universiteti rektor Hafiz Paşayevin rəhbərliyi ilə beynəlxalq akademik əlaqələrin inkişafına mühüm töhfələr verir. Bu baxımdan, ADA Universiteti ilə Efiopiyanın Xarici İşlər İnstitutu arasında bu gün imzalanmış Anlaşma Memorandumunun elm və təhsil sahəsində əməkdaşlığın genişlənməsinə, eləcə də ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcəyi vurğulanıb.
Milli Məclisin sədri ölkəmizin beynəlxalq siyasətinin prioritetlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Vurğulanıb ki, Azərbaycan beynəlxalq münasibətlərdə dialoqun, həmrəyliyin və çoxtərəfliliyin möhkəmləndirilməsinə daim xüsusi önəm verir. Qlobal Cənubun nümayəndəsi kimi Azərbaycanın müxtəlif beynəlxalq platformalardakı fəaliyyəti vasitəsilə hər zaman Qlobal Cənub ölkələrinin, xüsusən də Afrika ölkələrinin maraqlarının irəli aparılmasına xüsusi diqqət yetirdiyi vurğulanıb. Qeyd edilib ki, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi, Hərəkatın institusional inkişafı istiqamətində irəli sürdüyü təşəbbüslər, xüsusilə COVID-19 pandemiyası dövründə üzv dövlətlərin maraqlarının müdafiəsi və inkişaf gündəliyinin dəstəklənməsi bu siyasətin mühüm təzahürləridir.
Spiker Sahibə Qafarova Azərbaycanın Afrika ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə də xüsusi önəm verdiyini bildirib.
Azərbaycan parlamentinin spikeri çıxışında beynəlxalq münasibətlərə dair də fikirlərini səsləndirib. Qeyd olunub ki, bu gün beynəlxalq sistem Birləşmiş Millətlər Təşkilatının təsis edilməsindən bəri ən dərin transformasiyalardan birini yaşayır. Onun sözlərinə görə, dünya günbəgün daha çox inteqrasiya olunsa da, siyasi cəhətdən parçalanır. Milli Məclisin sədri münaqişələrin artdığını, humanitar böhranların daha mürəkkəb xarakter aldığını və çoxtərəfli təsisatlara olan inamın görünməmiş təzyiqlərə məruz qaldığını söyləyib. Spikerin sözlərinə görə, belə bir şəraitdə dövlətlər arasında etimadın möhkəmləndirilməsi, qarşılıqlı hörmətə əsaslanan dialoqun təşviqi və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi hər zamankından daha böyük əhəmiyyət daşıyır.
O, hazırki mərhələdə mövcud olan çağırışların, problemlərin aradan qaldırılması üçün çoxtərəfliliyin gücləndirilməsi, beynəlxalq təsisatlar və əməkdaşlıq platformalarının fəaliyyətinin səmərəliliyinin artırılması və bu kimi bir sıra məsələlərin də önəmini konkret nümunələr əsasında diqqətə çatdırıb.
Beynəlxalq münasibətlər sistemində parlament diplomatiyasının rolundan söz açan Milli Məclisin sədri bildirib ki, parlamentlərarası dialoq dövlətlər arasında etimadın möhkəmləndirilməsi, qarşılıqlı anlaşmanın inkişafı və ümumi çağırışlara ortaq cavab verilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, güclü və ictimai etimad qazanan parlamentlər olmadan, hətta ən mükəmməl inkişaf strategiyaları belə kağız üzərində qalmaq riski daşıyır. Bu baxımdan, parlamentlər arasında təcrübə mübadiləsinin və əməkdaşlığın genişləndirilməsi çoxtərəfliliyin möhkəmləndirilməsi və ümumi inkişaf məqsədlərinə nail olunması üçün böyük önəm kəsb edir.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, parlament diplomatiyasının gücləndirilməsi, qarşılıqlı anlaşmanın təşviqi və çoxtərəfli əməkdaşlığın inkişafı daha sülhsevər, inklüziv və dayanıqlı gələcəyin qurulmasına xidmət edən əsas amillərdəndir.
Spiker Sahibə Qafarova çıxışında sadalanan məsələlərlə haqqında geniş məlumat verməklə yanaşı, müasir dünya gündəliyinin, həmçinin parlamentlərin qarşısında dayan vəzifələrin əhatə olunduğu bir çox məsələlərə də toxunub, onlar haqqında özünün fikir və mülahizələrini diqqətə çatdırıb.
Sonra tədbir sual-cavab sessiyası ilə davam edib, Milli Məclisin sədri auditoriyanın suallarını cavablandırıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
