Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan-Gürcüstan münasibətləri regional sabitliyin qorunmasına töhfə verir

    Orxan Məmmədzadə
    YAP Qax rayon təşkilatının məsləhətçisi:

    Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri Cənubi Qafqaz regionunda siyasi və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, verilən bəyanatlar iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndiyini göstərir. Görüşlərdə əsas diqqət ərazi bütövlüyü və suverenliyə dəstək, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional sabitliyin təmin olunmasına yönəldi. Aydındır ki, Bakı ilə Tbilisinin birgə reallaşdırdığı layihələr, enerji ixracı və tranzit imkanları regionun iqtisadi xəritəsində mühüm rol oynayır.
    Azərbaycan ilə Gürcüstan arasında əlaqələr əsrlər boyu formalaşmış dostluq və qardaşlıq ənənələrinə əsaslanır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələrimiz üçün möhkəm zəmindir. İki müstəqil dövlət olaraq tərəflər inamla inkişaf edir və bu inkişafın əsasında qarşılıqlı etimad dayanır. Tarixi əlaqələrin müasir mərhələdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi region üçün sabitlik və əməkdaşlıq modeli yaradır.
    Səfər zamanı səsləndirilən mühüm məqamlardan biri də Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlarla bağlı idi. Yeni reallıqlar region dövlətləri üçün həm siyasi, həm də iqtisadi baxımdan geniş imkanlar yaradır. İmkanların səmərəli dəyərləndirilməsi qarşılıqlı etimadın güclənməsinə və uzunmüddətli tərəfdaşlıq mühitinin formalaşmasına xidmət edir. Eyni zamanda, regional layihələrin genişlənməsi və əlaqələrin intensivləşməsi Cənubi Qafqazın beynəlxalq əhəmiyyətini daha da artırır. Dövlətimizin başçısının vurğuladığı kimi, bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir: “Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir”.
    Bütün bunların fonunda Azərbaycan–Gürcüstan əlaqələri bu gün təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün nümunəvi əməkdaşlıq modeli kimi çıxış edir. Qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan bu münasibətlər gələcəkdə daha geniş miqyaslı layihələrin və təşəbbüslərin həyata keçirilməsinə zəmin yaradır. Prezident İlham Əliyevin səfəri və verdiyi mesaj isə bir daha təsdiq edir ki, bu strateji tərəfdaşlıq bundan sonra da yüksələn xətlə inkişaf edəcək.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ