Sizin reklam burada
Sizin reklam burada
  • "Vətən müharibəsində qələbə qazanan Azərbaycan regionun təhlükəsizlik arxitekturasını dəyişdi”

    "Zəfər Günü Azərbaycan xalqı və dövləti üçün şanlı tariximizin salnaməsində qürur və milli birliyin rəmzidir. Bu, təkcə 44 günlük müharibədə qələbənin qazanılması deyil, həm də suveren Azərbaycanın müdafiə və təhlükəsizlik konsepsiyasının səmərəliliyinin təntənəsidir”.

    Bu fikirləri Zəfər Günü ilə bağlı AZXEBER.COM-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.

    O bildirib ki, Vətən müharibəsində qələbə qazanan Azərbaycan regionun təhlükəsizlik arxitekturasını dəyişib:

    "Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı və şəhadəti şərəf sayan xalqımızın birliyi nəticəsində bu qələbə əldə edilib. Cənab Prezidentin apardığı informasiya müharibəsi, texnikanı dərk edən, müasir silahlardan istifadə bacarığına malik milli potensialımız çox mühüm amillər idi. Heç bir Azərbaycan vətəndaşı "müharibəni dayandırın” demədi, bir nəfər də fərarilik etmədi. Ordunun texniki təminatı, kəşfiyyat, informasiya və psixoloji təhlükəsizlik sahəsində xüsusi xidmət orqanlarının apardığı işlər qələbənin əsas dayaqlarından biri idi. Xalqın milli ruhu, birliyinin strategiyaya çevrilməsi və bu birliyin gücə dönməsi də qələbənin mühüm amillərindən oldu. Əlbəttə, Vətən müharibəsində qələbə qazanan Azərbaycan regionun təhlükəsizlik arxitekturasını dəyişdi”.

    Deputat deyib ki, əsas məqamlardan biri də ondan ibarətdir ki, yaranmış həssas təbəqələrə qarşı dövlətimiz böyük diqqət göstərdi:

    "Yaranmış həssas təbəqələrə qarşı dövlətimiz böyük diqqət həm Birinci vitse-prezident Mehriban xanım Əliyeva, həm də cənab Prezidentin tapşırıqlarına uyğun olaraq, dövlət qurumları tərəfindən ciddi diqqət göstərildi. Həmçinin, Zəngəzur dəhlizi və digər nəqliyyat layihələrinin reallaşması Azərbaycanın iqtisadi və logistik təhlükəsizliyini daha da gücləndirdi. Türk Dövlətləri Təşkilatı, bizə mənəvi və siyasi dəstək göstərən Türkiyə və Pakistanın yardımı çox vacib idi”.

    Parlamentari vurğulayıb ki, müharibədən sonra qarşıda duran əsas diplomatik proseslər, sülh müqaviləsinin imzalanması, Vaşinqtonda keçirilən görüşlər böyük əhəmiyyət daşıyır:

    "Müharibədən sonra qarşıda duran əsas diplomatik proseslər, sülh müqaviləsinin imzalanması, Vaşinqtonda keçirilən görüşlər böyük əhəmiyyət daşıyır. Çünki milli suverenliyin qorunması, texnoloji üstünlüyün və rəqəmsal təhlükəsizliyin gücləndirilməsi, regional balansın qorunması üçün bu addımlar həyati əhəmiyyət kəsb edir”.

    A.Nağıyev qeyd edib ki, bu Zəfər gələcək təhlükəsizliyin təminatıdır:

    "Zəfərin davamı kimi gələcəyə inam və ruh yüksəkliyi bu gün yalnız keçmişin qüruru deyil, həm də gələcəyin təhlükəsizliyinin təminatıdır. Müasir müdafiə sənayesinin inkişafı, regional sülh təşəbbüslərində aparıcı qüvvəyə çevrilmək, hərbi-siyasi qüdrətin artırılması da çox mühüm məsələlərdəndir. Minalardan təmizləmə və əhalimizin dinc quruculuq fəaliyyəti üçün ata-baba yurdlarına qayıdışı da prioritet istiqamətlərdəndir. Bir sözlə, Zəfər Günü Azərbaycan xalqının milli, hərbi və strateji gücünün, eləcə də təhlükəsizlik konsepsiyasının rəmzidir.

    Bu gün dövlətimizin müstəqilliyinə, ərazi bütövlüyünə və xalqın rifahının qorunmasına xidmət edir. Düşünürəm ki, güclü dövlət, müasir ordu və birləşmiş xalqımız sayəsində Azərbaycanın müdafiə və təhlükəsizlik konsepsiyası gələcək nəsillərə daha etibarlı, sabit və təhlükəsiz bir həyat tərzi bəxş edəcəkdir”.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ