Əməkdar müəllim
2020-ci ilin sentyabrında genişmiqyaslı əks-hücum əməliyyatına başlamaq əmri həm Silahlı Qüvvələr, həm də cəmiyyət tərəfindən müsbət qarşılandı. 44 günlük müharibə zamanı hərbi çağırış məntəqələrinin qarşısında cəbhə xəttinə getmək istəyən insanların necə düzüldüyünü xatırlayırıq. Hər kəs Qələbəni yaxınlaşdıracaq, beynəlxalq ictimaiyyətə bir daha tarixin haqlı tərəfində olduğumuzu, həqiqət, ədalət, qanunun aliliyi uğrunda mübarizə apardığımızı təsdiqləyəcək bir şey etməyə can atırdı.
27 sentyabr 2020-ci ildə Ermənistan ordusunun növbəti təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks-hücuma başladı. Prezident İlham Əliyev əməliyyatın mahiyyətini aydın şəkildə ifadə etdi: "Biz öz torpağımızda vuruşuruq, ərazi bütövlüyümüzü bərpa edirik." Bu, sadəcə hərbi əməliyyat deyildi - bu, Azərbaycan xalqının 30 illik ədalət uğrunda mübarizəsinin başlanğıcı idi. Müharibə cəmi 44 gün davam etdi, amma... Bu qısa müddətdə Azərbaycan ordusu müasir hərbi tarixdə misli görünməmiş nəticələr əldə edərək taktiki və texnoloji üstünlük nümayiş etdirdi. Pilotsuz təyyarələrin istifadəsi, real vaxt rejimində koordinasiya, yüksək motivasiya və peşəkar liderlik Ermənistan ordusunu tamamilə darmadağın etdi.
Şuşanın azad edilməsi isə müharibənin ən dramatik və həlledici anı idi. Çətin relyefə, əlverişsiz şəraitə və düşmən müdafiəsinə baxmayaraq, Azərbaycan hərbçiləri müstəsna qəhrəmanlıq nümayiş etdirdilər. Prezident İlham Əliyevin tarixi sözləri - "Şuşa bizimdir! Qarabağ bizimdir!" - sadəcə hərbi bəyannamə deyil, müstəqil Azərbaycan tarixində yeni bir dövrün başlanğıcı idi. Şuşanın azad edilməsi Ermənistan ordusu üçün psixoloji sarsıntı oldu və 10 noyabr 2020-ci ildə təslim aktının imzalanmasına səbəb oldu.
Artıq Şuşanın doğma sakinləri öz tarixi yurdlarına qayıdır. Burada yaşayır, tikir-qurur. Şuşada yaşayış kompleksləri, turizm obyektləri tikilir. Bərpa işlərinin sürəti deməyə əsas verir ki, çox keçmədən Şuşa nəinki Azərbaycanın, eləcə də dünyanın ən gözəl şəhərlərindən biri olacaqdır. XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşa şəhərini "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. İndi Şuşa yeni bir tərzdə dünyaya təqdim olunur: Şuşa bir zamanlar Azərbaycanın mədəni, ictimai, siyasi həyatının mühüm mərkəzlərindən biri idisə, hazırda bu tarixi şəhərimiz Türk və Müsəlman Dünyasının. Cənubi Qafqaz və Avrasiyanın, beynəlxalq təşkilatların və beyin mərkəzlərinin toplaşdığı və qərarların verildiyi məkandır.
Bu gün şübhəsiz ki, biz mənəvi və etik üstünlüyə malikik. Yalnız keçmiş işğalçı üzərində deyil, həm də bölgəmizdə qızışdırıcı hərəkətlər edən, təcavüzkarı bəsləyən, onun fəaliyyətini alovlandıran və Azərbaycan torpaqlarının işğalını qanuniləşdirməyə çalışan qüvvələr üzərində də üstünlüyümüz var.
Azərbaycan sadəcə xəritədə bir coğrafi məkan deyil, həm də öz resursları ilə davamlılığını daim gücləndirən özünü təmin edən bir ölkədir. Qələbəmiz özümüzü layiqincə ifadə etməyimizə kömək etdi, həm qalib, həm də yaradıcı xalq olduğumuzu nümayiş etdirdi. Biz imkanlarımızla heç kəsi qorxutmuruq, əksinə, dəstək və dostluq əlimizi uzadırıq.
Şübhəsiz ki, uğurumuzu təmin edən əsas amillərdən biri ölkə liderinin özüdür. Prezident İlham Əliyev daim islahatlara diqqət yetirir və bizi də eyni şeyi etməyə təşviq edir. O, insanların mütərəqqi düşünə bilməsini, zamanın önündə getməsini və innovasiyanı mənimsəməsini istəyir. Bu baxımdan Azərbaycan liderinin özü nümunədir. Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur.
