Sizin reklam burada
Sizin reklam burada
  • Sabir Rüstəmxanlıdan bayram təbriki: "Zəfər bizim milli haqqımızdır!"

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı 8 noyabr Zəfər günü ilə bağlı Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:

    “Əziz bacılar və qardaşlar!

    Sizin hər birinizin milli qürurumuzun zirvəsi olan Zəfər günü münasibətilə təbrik edirəm. 8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarixi gün, Böyük Qələbə Günü, 200 illik işğal və faciə tarixinə son qoyulduğu gündür! Bu gün azadlıq uğrunda canını fəda etmiş bütün şəhidlərimizin ruhu şaddır, çünki onların arzusu azad Qarabağ artıq reallığa çevrilib. 2023-cü ilin sentyabrında bir günlük uğurlu antiterror tədbirləri ilə şanlı ordumuz Qarabağ münaqişəsinə xalqımızın zəfəri son qoydu!

    Vətən müharibəsində qazandığımız böyük hərbi qələbənin əsasında duran ən başlıca amil xalq-dövlət-ordu birliyi oldu. 44 gün ərzində dünya azərbaycanlılarının birliyinin sarsılmazlığı, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşmək bacarığı bütün dünyaya nümayiş olundu. Müharibənin gedişində Azərbaycanın bütün vətəndaşları etnik, sosial, dini fərqlərə baxmayaraq, bütövləşdi. “Nicatımız vətəndaş həmrəyliyindədir” şüarı bir daha tarixi təsdiqini tapdı!

    Azərbaycan xalqı, ordusu və dövləti birlik və həmrəylik içində tarix yazdı, torpaqlarımızın azadlığı uğrunda şəhidlərimizin qanı ilə Zəfər dastanı yaratdı. Bu dastan yalnız torpaqların deyil, həm də milli ruhun, mənəvi gücün və yenilməzliyin qələbəsidir. Bu Zəfər-igid oğullarımızın, qəhrəman əsgər və zabitlərimizin, xalqımızın birliyinin, dövlətimizin iradəsinin və milli ruhumuzun təntənəsidir. Zəfərimizin 5-ci ildönümündə Milli Qələbəmizin müəllifləri-şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə dərin ehtiramımızı bildiririk. Bu gün həm də gələcək nəsillərə vətənpərvərlik dərsidir, çünki bu qələbə təkcə bir nəsil üçün deyil, bütün Azərbaycan üçün əbədi örnəkdir.

    Bu tarixi gün münasibətilə xalqımızı, qəhrəman qazilərimizi, şəhid ailələrini, Vətən müharibəsinin bütün iştirakçılarını ürəkdən təbrik edirəm!

    Zəfər bayramı bizim milli haqqımızdır! Zəfər bayramımız mübarək olsun!
    Yaşasın Azərbaycan! Yaşasın qalib xalqımız!

    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ