Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq

    Aydın Hüseynov
    Milli Məclisin deputatı

    2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Silahlı Qüvvələrimiz düşmən üzərində şanlı qələbə qazandı. Bu qələbə sayəsində ölkəmizin ərazi bütövlüyü təmin olundu. 2020-ci il noyabrın 8-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad edilməsi Azərbaycanın Qarabağda başladığı və 44 gün ərzində aparılan Vətən müharibəsindəki uğurlu əks-hücum əməliyyatları sırasında ən mühüm tarixi hadisə və böyük hərbi qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə qədim Şuşa şəhərinin rəşadətli Ordumuz tərəfindən işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərdi.
    44 günün hər günü tarixə Zəfər günü kimi yazıldı. Düşmənə sarsıdıcı zərbələr endirən Milli Ordumuzun əsgərləri sona qədər gedərək işğalçını torpaqlarımızdan qovdu. 2020-ci il noyabrın 8-də müzəffər ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz sıldırım qayalardan keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Prezident İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü kimi təsis edildi. 2021-ci ilin 14 yanvar tarixində isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli Bayrağımızı ucaltdı.
    Tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən addımlar göz qabağındadır. İşğaldan azad edilmiş bütün ərazilərimizə, o cümlədən azad Şuşaya yenidən həyat qayıdır. Bu qayıdışla Şuşaya yeni ruh, yeni nəfəs gəlir. Azadlığına qovuşmuş qədim şəhərimiz artıq böyük quruculuq, bərpa işləri, möhtəşəm tədbirlər məkanına çevrilib. Bütün azad edilmiş torpaqlarımız müasir tələblər səviyyəsində yenidən qurulur. Müasir idarəçilik sistemi tətbiq edilir. Prezidentin şəxsi nümayəndəliyi ilk olaraq Şuşada fəaliyyətə başladı. Görülən işlərin səmərəliliyinin artırılmasına xidmət edən təkmil idarəçilik sisteminin uğurları həm bərpa işlərinin miqyasında, həm də bu torpaqlara sakinlərin mərhələ-mərhələ qayıdışında aydın ifadəsini tapır. Şuşanın əvvəlki simasının özünə qaytarılması üçün mühüm tədbirlər həyata keçirilir. Hər daşının, qayasının altında bir tarix yatan Şuşa bu gün iqtisadi, siyasi, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Şuşa dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı, bütün türk dünyasını bir araya gətirdi. Şuşa möhkəm tarixi köklərə malik olan Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, müttəfiqliyinin təsdiqi olan Bəyannamənin imzalanmasına şahidlik etdi. Şuşa Azərbaycanın, türk dünyasının, bütövlükdə İslam dünyasının mədəniyyət paytaxtı elan edildi. Qarabağın tacı Şuşanın ölkəmiz, xalqımız üçün önəmini təsdiqləyən mühüm addımlardan biri də 2021-ci ilin dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında “Şuşa ili” elan edilməsi oldu.
    Bu gün Şuşa sözün əsl mənasında dirçəlir, yenidən doğulur. Küçələr bərpa olunur, məscidlər, muzeylər, teatrlar yenidən xalqla nəfəs alır. Şuşa artıq dünyaya Azərbaycanın mədəniyyət paytaxtı kimi təqdim olunur. Orada keçirilən “Xarıbülbül” festivalı, “Vaqif Poeziya Günləri” sanki azadlığın musiqisi, azad ruhun yenidən səsidir.
    2024-cü ilin mayın 10-da şuşalılar doğma yurd-yuvalarına qayıtdılar. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak etdilər və şəhərə köçmüş ilk sakinlərlə görüşdülər. Həmin görüşdə Prezident İlham Əliyev bir daha bildirdi ki, Şuşanı nə qədər erməniləşdirməyə çalışsalar da, ona nail ola bilməyiblər. Çünki Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb. Əgər ermənilər bunu özlərinə, necə deyərlər, doğma şəhər sayırdılarsa Şuşanı quraydılar, yaradaydılar, dağıtmayaydılar. Bir daş daş üstə qoyulmayıb. Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ