Bu fikirləri Milli Məclisin oktyabrın 20-də keçirilən plenar iclasında " Dövlət ehtiyatları haqqında" Qanunun birinci oxunuşda müzakirəsi zamanı deputat Aydın Hüseynov səsləndirib. O, əlavə edib ki, Qanunumuzun başlıca mahiyyəti ondan ibarətdir ki, bu, vətəndaşlarımızın əminliyini bir daha artırır. Qanun, bayaq qeyd olunduğu kimi, çox mükəmməldir və strateji ehtiyatlarımızın nədən ibarət olacağı burda sadalanır:
"Əgər biz strateji mallardan, xüsusilə ərzaq mallarından söhbət açırıqsa və sonradan qanunda yox, Nazirlər Kabinetinin qərarı ilə bu malların, siyahısı qanuni şəkildə açıqlanacaqsa, (düzdü bu Nazirlər Kabinetinin siyahısında bunlar daha geniş ola bilər) daha yaxşı olardı. Nəyə görə? Birinci növbədə, hər bir vətəndaş bilər ki, bax, bu ərzaq, tutaq ki, taxıldl, buğdadı, digər ərzaqlardı, bunlar strateji məhsullardı. Yanacaq, dərman, eləcə də bir çox dərman ləvazimatlarının ən önəmlisinin adlarının qanunda öz əksini tapması mən hesab edirəm ki, vacibdir. Bayaq qeyd etdiyim kimi, Nazirlər Kabineti onsuz da bu siyahını verəcək. Nazirlər Kabinetinin siyahısı o qanundan istifadə edənlər üçündü, ancaq qanun isə bütün ictimaiyət, bütün cəmiyyət üçündür. Burda su ehtiyatlarının adının da ayrıca getməsini istərdim. Çünki düzdü, suyu ərzaq məhsulu kimi qəbul edə bilərik, ancaq söhbət təkcə qablaşdırılmış sulardan getmir, ümumən su ehtiyatlarımızın özünün də strateji məhsul olaraq adının qanunda ehtiva edilməsi, göstərilməsi daha əhəmiyyətli olardı. Belə olan halda vətəndaşlarımız buna qənaətlə yanaşar və bilinər ki, qanunda adları göstərilən bu məhsullar strateji məhsullardı, bunların qorunması lazımdır. Eyni zamanda, həmin məhsulların qənaətlə istifadə edilməsi üçün bu Qanuna bir maddə əlavə olunmalı, nəticədə qənaətlə istifadə olunması prosedurlarını pozanlar hər hansı bir formada məsuliyyət daşımalıdır.
Fürsətdən istifadə edib bir məsələylə bağlı fikirlərini də hörmətli həmkarlarımla bölüşmək istərdim. Biz qanunları müzakirə edərkən, çox geniş professional fikirlər səsləndirildi. Bunun hər biri heç şübhəsiz ki, qanunumuzun daha da mükəmməl olması üçün səsləndirilən fikirlərdi. Ancaq bəzən Milli Məclisin plenar iclaslarında xüsusən, iqtisadi sferanı əhatə edən qanunlarımız müzakirə olunarkən orda digər ölkələrin konkret adları çəkilir, digər ölkələrdəki iqtisadi qanunvericiliyin hansı formada olması göstərilir. Əslində yalnız və yalnız işçi qaydasında olan müzakirələrdə adı çəkilən o dövlətlərin qanunvericiliyi hansı şəkildədir, onu işçi qaydasında biz deyə bilərik. Bizim bu ali tribunamızdan o dövlətlərdəki qanunun öz qanunlarımızla müqayisə olunması bir az qeyri-profisonal alına bilər. Fikrimi daha aydın çatdırmaq ücun istəmirəm daha geniş detallara varam. Məsələn, Afrikada bitən banan ağacını biz gətrib Azərbaycanda əkə bilərikmi? Bu ağac orda çox məhsuldardı, gəlin, burda da əkək. İqtisadiyyatın özü də canlı orqanizmdi. İqtisadiyyat bu kimi hallarda gərək özünü doğrulda bilsin."- Deputat demişdir.
Bəradər Səməndərli
"Atributinfo.az"
