Sizin reklam burada
Sizin reklam burada

Deputatdan ciddi təklif

Deputatdan ciddi təklif İyunun 8-də Milli Məclisin növbədənkənar plenar iclasına Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Peşə təhsili sahəsində əməkdaşlığa dair “Protokolun” təsdiq edilməsi haqqında Qanun layihəsi müzakirəyə çıxarıldı.
Qanun layihəsinə görə ölkəmizdə 2 peşə təhsili verən müəssisənin bazasında Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin dəstəyi ilə, 2 yeni peşə təhsili müəssisəsinin təsis edilməsi nəzərdə tutulur.
Qanun layıhəsi ilə bağlı, ümumiyyətlə ölkəmizdə peşə təhsili ilə bağlı millət vəkili İltizam Yusifov geniş çıxış edərək, bir neçə ciddi təklif irəli sürdü.
Millət vəkilinin səsləndirdiyi fikirlərin və irəli sürdüyü təkliflərin zəruriliyini nəzərə alaraq, çıxışı olduğu kimi təqdim edirik:
-Bilirsiniz ki, Müasir dövrdə, iqtisadiyyatda davamlı inkişaf, iqtisadi artım - əsasən insan kapitalı hesabına həyata keçirilir. Bütün dünyada insanların təhsilinə, xüsusən peşə təhsilinə , bu sahədə kadr hazırlığına yönələn investisiyaların gəlirlik səviyyəsi digər sahələrdən dəfələrlə üstündür.
İqtisadiyyatda, əmək bazarının tələblərinə cavab verən peşə hazırlıqlı kadrlara tələbat həmişə yüksək olub. Son illədə bu sahədə bir qədər kadr çatışmazlığı hiss olunur.
Bu gün ümumi təhsi müəssisələrini bitirən insanların təxminən 37 %-i ali təhsil müəssisələrinə , 13% -i Texniki Peşə məktəblərinə üz tuturlar. Qalan 50 %-i isə Əmək bazarına hazırlıqsız, heç bir peşəsi olmadan daxil olurlar.
Dövlət statistika komitəsinin 1991-2020 illəri əhatə edən dövr üçün bəzi rəsmi rəqəmlərinə nəzər salsaq görərik ki:
-Bu dövrdə Peşə təhsil müəssisələrinin sayı-40 %-ə qədər azalıb (176 – 110 )
-Peşə təhsil müəssisələrinə qəbul olunanların sayı 3.2 dəfə ( 1990-54231/ 2019-17124),
-Peşə təhsil müəssisələrində təhsil alanların və bitirənlərin sayı 3.5 dəfə azalıb
(82188 – 23193) / (54681-15516)
Peşə təhsilinin həcminin azalması fonunda ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayı isə bu illər ərzində təxminən 2 dəfəyə yaxın artıb ( 105063 – 187654 nəfər ).
Düzdür, bunun obyektiv səbəbləri də var. Peşə məktəblərinin fəaliyyətindəki tənəzzül artıq ötən əsrin 80-ci illərinin sonundan özünü büruzə verməyə başlamışdır. Bu tendensiya bütün Postsovet məkanında müstəqillik dövründə də davam etdi.
Bu gün ölkəmizdə, əmək bazarında, xüsusən də sənayedə ali təhsilli kadrlara ehtiyac olmadığı halda, peşə təhsilli bir qaynaqçıya və ya qülləli kran üzrə mütəxəssisə və digər peşə təhsilli işçilərə böyük ehtiyac duyulur.
Ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi: Bu gün Azərbaycanda yaradılan yeni peşə məktəbləri çox böyük hörmətə layiq məktəblər olmalıdır, çünki bizə peşəkar kadrlar lazımdır.
Bəli bizə bu gün peşəkar kadrlar lazımdır.
Bu gün dünyada su qıtlığı hiss olunur. Kənd təsərrüfatını ənənəvi yollarla inkişaf etdirmək mümkün deyil. Məlumat üçün deyim ki, 2019-cu ildə Kənd təsərrüfatı üzrə ali təhsil diplomu alan mütəxəssislərin sayi % etibarı ilə həmin ildə ali təhsil diplomu alanların cəmi 1 % -ni təşkil edir. Bu çox kiçik rəqəmdir. Bəs, onda biz kənd təsərrüfatını necə inkişaf etdirək?
2019-cu ildə Bakalavr+Magistr diplomu alan tələbələrin sayı 37562 nəfər olub. Kənd təsərrüfatı üzrə ali təhsil diplomu alan mütəxəssislərin sayi 433 nəfər olub. Bu cəmi diplom alanların 1 % - i deməkdir.
Bu gün bu sahədə bütün sahibkarlara, təsərrüfat sahiblərinə, ümumiyyətlə ölkəmizə ixtisaslı kadrlar lazımdır. Biz iqtisadiyyatımızı inkişaf etdirmək üçün mütləq bu faktları nəzərə almalıyıq və mütəxəssislərin hazırlanmasında Peşə Təhsilinə böyük önəm verməliyik.
44 günlük müharibədə müzəffər ordumuz Ali Baş Komandanın rəhbərliyi altında bir tarix yazdı. Bizim əks-hücum əməliyyatlarımız bütün dünyaya göstərdi ki, gələcəkdə, mülki insan tələfatına yol vermədən ağıllı hərbi əməliyyatlar necə aparılmalıdır. Buna görə də peşə təhsilində müasir texnologiyaların, müasir silahların, o cümlədən insansız uçuş aparatlarının sütununu təşkil edən texniki sahələrə xüsusi önəm verilməlidir. Məlumat üçün deyim ki, ali təhsildə diplom alan tələbələrin sayında texniki sahə, belə desək, mühəndislik sahəsi cəmi 20% təşkil edir.
Konkret olaraq bir necə də təklif verəcəm:
1. Dünya praktikasında olduğu kimi, peşə təhsili artıq ümumitəhsil məktəbləri səviyyəsində öz həllini tapmalıdır.
2. Sənayedə işəgötürənlərə imkan vermək lazımdır ki, peşə hazırlığında yaxından iştirak etsinlər və özləri kadr hazırlasınlar.
3. Növbəti büdcə müzakirələri zamanı Peşə təhsili müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirmək üçün biz bu sahəyə ayrılan vəsaiti diqqətdə saxlamalıyıq.
4. Peşə təhsilinin icbariliyi təmin olunmalıdır və işəgötürənlər bunu mütləq nəzərə almalıdırlar.
5. Nəzərə alsaq ki, peşə təhsilinə əsasən, əhalinin nisbətən aztəminatlı təbəqəsi gedir, ona görə də peşə təhsili dövlət hesabına, ödənişsiz olmalıdır.
Biz ölkədə peşə təhsilini daha da inkişaf etdirməliyik. Bu məsələ daima aktual olmalıdır və bizim gələcək inkişafımızda mühüm rol oynamalıdır.

/atributinfo.az/

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ