Sizin reklam burada
Sizin reklam burada
  • Nazirlər Kabineti Milli Məclisdə 2020-ci ilin hesabatını verdi

    Plenar iclasdan
    Nazirlər Kabineti Milli Məclisdə 2020-ci ilin hesabatını verdi
    Xəbər verildiyi kimi, martın 16-da Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirildi. İclasda baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2020-ci ilin yekunlarına dair hesabat məruzəsi ilə çıxış etdi, qazanılan uğurlu nailiyyətlərdən danışdı...
    Sonra hesabat ətrafında müzakirələrə başlanıldı. Deputatlar yetərincə məzmunlu çıxışlar etdi, hökumət nümayəndələrinə təklif və rəylərini bildirdilər. Çıxış edən millət vəkillərindən bir neçəsinin diqqət çəkən fikirlərini olduğu kimin qələmə alaraq oxucularla bölüşmək qərarına gəldik.
    Nazirlər Kabineti Milli Məclisdə 2020-ci ilin hesabatını verdi
    Millət vəkili Rəşad Mahmudov:
    - Öncədən qeyd etmək istəyirəm ki, hesabat ilinin müzakirəsi zamanı bir daha Azərbaycan qadınının və Azərbaycan anasının nə qədər dəyərli olduğunun şahidi olduq. Düşünürəm ki, hər bir azərbaycanlı öz övladlarının və oğullarının Vətən, dövlət uğrunda nələr edə biləcəyini bir daha dərindən dərk etdi. Eləcə də hesab edirəm ki, hər birimiz cənab Ali Baş Komandanın yüksək idarəçiliyi, yıksək intellektliliyi, dünyaya nümunə ola biləcək siyasi təcrübəsi ilə xalqımız tərəfindən daha yaxından tanına bilindi bu hesabat ilində.
    Müharibə ili nə qədər tarixi emosiyalarla insanların yaddaşında qalsa da, eləcə də pandemiya kimi dünyanın ən çətin tarixini yaşamış olsaq da, bu hesabat ili Azərbaycan xalqının yaddaşında qızıl xətlərlə şərəfli bir il kimi qalacaq və nəhayət, bu girişlə diqqəti çəkmək istədiyim əsas nöqtəyə gəlmək istəyirəm.
    Başdan sona qədər belə bir şərəfli tarixin-dövlətin və hökumətin görmüş olduğu işlərə diqqət elədiyimiz zaman, düşünürəm ki, gələcək illərdə nə qədər inkişafımız olsa da, Azərbaycan geriyə baxdığı zaman bu keçən tarixdə yaşadığımız gözəl hissləri hər zaman şərəflə xatırlayacaq. Fürsətdən istifadə edərək sırf bu dönəm içərisində Azərbaycan dövlətçiliyində hazırda dövlətdə təmsil olunan cənab baş nazir başda olmaqla, dövlətin ən çətin məqamlarda-istər pandemiya ilə mübarizədə, istərsə də Azərbaycanın müharibə zamanı göstərmiş olduğu şücaətlərin arxasında koordinasiyaslı, sistemli işlə məşğul olub bu gözəl nəticələri almağa səbəb olan hökumət üzvlərimizə vətəndaş olaraq, millət vəkili olaraq təşəkkürümü bildirmək istəyirəm.
    Var olun ki, bu tarixdə geriyə baxdığımız zaman sizlərin qoymuş olduğunuz əlamətdar, şərəfli tarixin içərisində gözəl bir səhifə açdınız.
    Düşünürəm ki, yeni bir çağırış dönəminə giririk. 2021-2030-cu illərdə, cənab Prezidentin dediyi kimi, müasir çağırışlara uyğun şəkildə bizlər sadəcə keçmişdə qalan uğurlarımıza söykənməyərək, yeni hədəflərə doğru addımlar atmaq uğrunda çalışmalıyıq. Eyni zamanda hesab edirəm ki, xalq-dövlət birliyi mövcud problemlərimizin həlli istiqamətində yeni uğurlar qazanmağımıza səbəb olacaq.
    Nazirlər Kabineti Milli Məclisdə 2020-ci ilin hesabatını verdi
    Millət vəkili Sədaqət Vəliyeva:
    - 2020-ci ildə COVİD-19 pandemiyasının hokm sürməsi ilə yanaşı, 44 günlük Vətən müharibəsinin baş verməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlıq nümayiş etdirdi, heç bir sosial layihə dayandırılmadı və ixtisar edilmədi. 2020-ci ildə pandemiya dünya iqtisadiyyatına 2008-2009-cu illər böhranından daha çox zərbə vursa da, Azərbaycanda həyata keçirilən sistemli və rasional tədbirlər nəticəsində iqtisadi-sosial sistem az itkilərlə bu ağırlıq prosesini başa vurdu. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycan dünyanın 10 ən islahatçı ölkələri sırasına daxil olmağı bacardı. Dünya iqtisadiyyatında baş vermiş böhranı 2020-ci ildə belə Azərbaycan "Böyük biznes-2020" hesabatında 6 pillə irəliləyərək 8-ci yerə yüksəldi.
    İstər postpandemiya, istərsə də postmüharibə dövründə verilmiş çevik və operativ qərarlarla həm ölkənin sabit inkişaf tempi, həm də vətəndaşların rifahı normal şəkildə saxlanıldı. Eyni zamanda, ötən il keçirilmiş müzakirələr zamanı səsləndirilən təkliflərin nəzərə alınması, onların da təmin edilməsi təqdirəlayiq haldır. Əlbəttə, görülən işlərlə yanaşı, bu gün sosial-iqtisadi reallıqdan doğan bir sira çatışmazlıqlar barədə danışmaq, təklifləri diqqətinizə çatdırmaq istərdim. İlk növbədə ümumən əlillik dərəcələrinin verilməsi ilə bağlı prosedurlara yenidən baxılarsa, yaxşı olar. Bu məsələ ilə əlaqədar Əmək və Əhalinin Sosial Mudafiəsi nazinə təkliflər göndərmişəm.
    İkinci, 44 günlük Vətən müharibəsi qazilərinin əlillik dərəcələrinə bu gün çox diqqətli və həssas yanaşmaq lazımdı. Bununla əlaqədar ƏƏSM nazirliyinə etdiyim müraciətlərə cavab olaraq bildirilib ki, bu sahədə artımlar Nazirlər Kabinetinin qərarlarına əsasən baş verir. Düşünürəm ki, 12 minə qədər qazisi olan bir ölkədə əlillik məsələsinin problem olmasına göz yummaq olmaz. Bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli qərarında 1.5, 1.6 hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, 1.5, 2.1 Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hissələrində xüsusi hal olaraq güzəştə gedilə bilər. 44 günlük Vətən müharibəsi qazilərinin işlə təminatı məsələsinə xüsusi qaydada yanaşılmalıdır. Doğrudur, bir çox şirkətlər, qurumlar təşəbbüslə çıxış edirlər, qaziləri işə qəbul edirlər. Lakin bu çox böyük hallar təşkil eləmir.
    Nəhayət, bu gün istismar vaxtı keçmiş yataqxanaların sökülməsi məsələsi də aktualdır. İndiki vəziyyətdə, xüsusilə dövlətin işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə başladığı bir zamanda bunu hökumətin üzərinə yıxmaq düzgün olmazdı. Lakin xüsusi şərtlər daxilində bu işlə maraqlı olan sahibkarlara şərait yaratmaq olar. Bu gün çox ağır vəziyyətdə olan yataqxana binalarının sökülməsi, yeni binaların inşası həm tikinti sektorunun inkişafına, həm tikinti material bazasının canlanmasına, yeni iş yerlərinin yaradılmasına, həm də bu ağır vəziyyətdə yaşayan insanların vəziyyətinin yaxşılaşdırılmasına töhfə vermiş olardı.
    Nazirlər Kabineti Milli Məclisdə 2020-ci ilin hesabatını verdi
    Millət vəkili Aqil Məmmədov:
    - Təmsil olunduğum Kəlbəcər rayonundan olan seçicilərin istək və xahişlərini diqqətə çatdırmaq istəyirəm. İlk öncə qeyd edim ki, kəlbəcərlilər daim ulu Öndər siyasətinə sadiq olublar və bu gün də bu ənənəni davam etdirirlər. Eyni zamanda möhtərəm, cənab Prezidentin 17 illik fəaliyyətində əldə etdiyi uğurları və xüsusən də 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm qələbəni, işğaldan azad olunmuş bölgələrimizdə qısa müddətdə başladılan irimiqyaslı layihələri yüksək dəyərləndiririk. Buna görə də cənab Prezidentə öz minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.
    Seçicilərimizlə keçirdiyimiz görüşlər zamanı edilən çoxsaylı müraciətlər, şifahi zənglər zamanı seçicilərin doğma Kəlbəcərimizdə başlanılacaq tikinti-quruculuq işlərində fəal iştirak etmək məqsədilə o bölgədə fəaliyyət göstərəcək qurumlarda, şirkətlərdə işə düzəlmələrilə əlaqədar çoxlu xahişlər etmişlər.
    Bilirsiniz ki, artıq Kəlbəcər rayonunda da irimiqyaslı layihələr keçirilmək üzrədir. Cənab Prezidentin tapşırığı əsasında Göygöl-Kəlbəcər yeni avtomobil yolunun tikintisi ilə əlaqədar olaraq artıq işlərə başlanılmışdır, sənədləşmə işi başa çatmışdır və aldığımız məlumata görə tez bir zamanda həmin yolun tikintisinə başlanılacadır. Odur ki, Kəlbəcər rayonunda fəaliyyət göstərəcək tikinti-abadlıq işlərində fəaliyyət göstərəcək dövlət qurumlarında yerli və xarici şirkətlərin rəhbərlərindən xahiş edirəm ki, seçicilərimizin istəyini nəzərə alıb əlavə işə qəbul zamanı o bölgədən olan sakinlərin işə qəbuluna daha çox üstünlük versinlər.
    Eyni zamanda, hökumət qurumlarının burda iştirak etməsindən istifadə edərək daha bir xahişi diqqətə çatdırmaq istərdim. Bilirsiniz ki, Kəlbəcər təbii sərvətlərinə görə ən zəngin ən zəngin bölgələrdən biridir. Bu gün o təbii sərvətlərdən ən dəyərlisi olan İstisu barədə fikirlərimi diqqətinizə çatdırmaq istəyirəm. Məlumdur ki, İstisu tərkibinin zənginliyinə görə və müalicəvi əhəmiyyətinə görə dünyada mövcud olan ən qiymətli mineral sulardan biridir. Mütəxəssislərin hesablamalarına görə, oradan bir ildə 3 milyard litrdən artıq su çıxır. Bu sizqa bulaq deyil. İstisu iki hissədən-aşağı və yuxarı istisudan və 12 bulaqdan ibarətdir. Bunu hesablayanda görərik ki, sutkada milyonlarla litr su itkiyə gedir. Əgər Azərbaycanda bazarda mineral suların hər litrinin qiyməti ilə müqayisə aparsaq, nə qədər itkiyə yol vermiş olduğumuzu görərik. Ona görə də vətəndaşlarımız, seçicilərimiz xahiş edirlər ki, bunun qarşısını almaq ücün- qısa zamanda (təbii ki, dövlət büdcəsi hesabına. Çünki, ordan gələn gəlir birbaşa dövlətin büdcəsinə daxil olunsun-A.M.) burda dəmir konstruksiyalı modul tipli böyük sudoldurma zavodu tikilsin. Əlbəttə, elə olarsa, həm itkinin qarşısı alınar, həm büdcəmizə gəlir gələr, həm də yeni iş yerləri açılmış olar.
    Nazirlər Kabineti Milli Məclisdə 2020-ci ilin hesabatını verdi
    Millət vəkili Soltan Məmmədov:
    - Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabat düşünurəm ki, ölkə iqtisadiyyatında baş verən mühüm dəyişiklikləri tam şəkildə əhatə edir. COVİD-19 pandemiyasının yaratdığı çətinliklərlə əlaqədar ümumilikdə dünya iqtisadiyyatına tənəzzülün davam etməsinə baxmayaraq, Azərbaycan bir çox sahələrdə uğurlar əldə etmiş, iqtisadi sabitlik qorunub saxlanılmışdır ki, bu da möhtərəm, cənab Prezidentin rəhbərliyi altında ölkə iqtisadiyyatının mümkün kataklizmlərdən qorunmasına hökumətin effektiv fəaliyyəti nəticəsində nail olunmuşdur. Ona görə də hesabatı müsbət qiymətləndirirəm. Yaranmış imkandan istifadə edərək, bir sıra məsələlərə toxunmaq istərdim. Bu gün bir çox müalicə-profilaktika müəssisələrində və tibbi xidmət göstərən sahibkarlıq obyektlərində tibbi tullantıların zərərsizləşdirilməsi ilə bağlı problem mövcuddur. Tibbi tullantılar standartlara cavab verməyən quyularda yandırılır və əksər hallarda Mənzil Kommunal Təsərrüfat Birlikləri tərəfindən bərk məişət tullantıları ilə birlikdə daşınır. Qeyd edim ki, Nazirlər Kabinetinin 28 dekabr 2007-ci il tarixli 213 nömrəli qərarı ilə təsdiq edilmiş tibbi tullantıların idarə olunmasına dair tələblərə əsasən, təhlükəli və xüsusi təhlükəli tullantılar termik üsulla xüsusi qurğularda məhv edilməlidir. O tələblərdə termik üsulla zərərsizləşdirmənin texniki xüsusiyyətləri açıqlanmasa da, dünya praktikasında konkret göstəricilər mövcuddur.
    Hazırda COVİD-19-a yoluxan şəxslərin müayinə və müalicəsinin aparıldığı müəssisələrdə tibbi tullantılar, eyni zamanda vaksinasiya prosesində yaranan tibbi tullantılar müvafiq qurumlar tərəfindən çeşidlənərək daşınır və xüsusi texniki qurğularda zərərsizləşdirilir. Lakin bəzi obyektiv səbəblərdən tibbi tullantıların idarə olunması sahəsində indiki vəziyyətin müsbət dəyişikliyinə ciddi ehtiyac vardır. Bu səbəblər sırasında ölkədə tibbi tullantıların zərərsizləşdirilməsini həyata keçirən müəssisələrin sayının az olması və təklif olunan xidmət haqlarının tarif şurasının 1 avqust 2014-cü il 3 nömrəli qərarı ilə müəyyənləşdirilən tariflərdən yüksək olması qeyd edilməlidir. Digər tərəfdən bu sahədə xidmət göstərən müəssisələrin əksəriyyəti Abşeron yarımadasıda yerləşdiyindən uzaq regionlardan tullantiların daşınma xərcləri yüksək olur və ətraf mühit üçün təhlükə ehtimalı artır. Ötən müddətdə bir neçə müalicə müəssisəsi inzibati xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən cərimə olunmuş, bəzilərinə isə nöqsanların aradan qaldırılması üçün məcburi göstərişlər verilmişdir. Bu baxımdan istehsalat məişət tullantıları haqqında Azərbaycan Respublikasının Qanununun icrasını təmin etmək məqsədilə tibbi tullantıların idarə olunmasına dair tələblərin təkmilləşdirilməsi məsələsinə baxılması məqsədəuyğun olardı. Bu məsələdə özəl təşkilatların təşviq edilməsi, eyni zamanda müvafiq sahə ilə məşğul olan qurumların koordinasiya olunması məsələsi çox vacibdir. Bunun üçün əlavə vəsaitin cəlb olunmasına da ehtiyac yoxdur. Sadəcə qaydalar münasib tələblərə və reallıqlara uyğunlaşdırılmalıdır.
    Hesab edirəm ki, Nazirlər Kabinetinin tibbi tullantıların idarə olunmasına dair tələblərin təkmilləşdirilməsi məsələsini nəzərdən kecirməsi məsələsi bu sahədə problemlərin həll olunmasına imkan yaradardı.
    İkinci məsələni qeyd etmək istərdim ki, yeni doğulmuş uşaqların infeksion xəstəliklərə qarşı ümumi profilaktikası tədbirlərinə görə olkəmiz Avropa regionunda 10 ön sırada yer tutub. Uşaqlarda anadan gəlmə ürək qüsurlarının aradan qaldırılması hər zaman prioritet məsələ olub və bu istiqamətdə həm Səhiyyə Nazirliyi, həm də Heydər Əliyev Fondu tərəfindən çox böyük işlər görülüb. Bu problem bu gün də bütün dünyada xüsusi yer tutan məsələdir.
    Hesabatda da qeyd olunduğu kimi, dövlətimiz tərəfindən bir sıra xəstəliklərin profilaktikası və müalicəsi dövlət proqramları çərçivəsində həyata keçirilir. lakin uşaqlarda anadangəlmə ürək qüsurunun aradan qaldırılması proqramı üzrə Dövlət proqramı çərçivəsində iki milyon manat büdcə ayrıldığı halda onun yalnız 15 faizinin icra olunması, dövlət proqramlarının icrasına xüsusi nəzarətin gücləndirilməsinə ehtiyac olduğunu göstərir. Belə ki, bir sıra digər dövlət proqramlarına əlavə maliyyə dəstəyinə ehtiyac bizim tərəfimizdən dəfələrlə vurğulanmışdır.
    Çıxışımın sonunda təmsil etdiyim Xəzər rayonundan olan seçicilərimin müraciətlərinə hər zaman müsbət reaksiya verən nazirliklərə, komitələrə, digər aidiyyatı qurumlara minnətdarlığımı bildirirəm və fürsətdən istifadə edərək qəsəbələrimizdə qeydiyyatsız yaşayış binalarının dövlət qeydiyyatına alınması üçün hökumət tərəfindən tədbir görülməsini xahiş edirəm.
    Nazirlər Kabineti Milli Məclisdə 2020-ci ilin hesabatını verdi
    Millət vəkili İsa Həbibbəyli:
    - Bugünkü hesabatda ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilər ifadəsi işlədilir. Amma hesabat təkcə sözlərin dəyişməsi yox, Azərbaycan dövlətində baş verən bütün dəyişmə proseslərini çox aydın şəkildə konkret təhlillərə və faktlarla əks elətdirir. Hesabata ilk dəfə olaraq "Böyük Qayıdış" anlayışı da məhz bu ilin hesabatı ilə daxil olmuşdur. Lakin müsbət cəhətlərdən biri də odur ki, hesabatı hazırlayanlar "Böyük Qayıdış" anlayışına sadəcə bir dekorativ ifadə əlavə etməklə kiayətlənməyiblər. Cənab Prezident tərəfindən müəyyən olunmuş "Böyük Qayıdış" strategiyasının mütləq tərəfindən həyata keçirilən taktiki tərəflərini bütün təfərrüatı ilə əks elətdirə biliblər. Artıq buradan "Böyük Qayıdış"ın davam etmə prosesləri haqqında da bugünkü hesabat təsəvvür yaratmağa kömək edir.
    Pandemiya dövrünə münasibətdə də hesabatda statistik rəqəmlərin diqqətə çatdırılmasını yox, təhlillər aparılaraq bu sahədəki Azərbaycan modelinin asan məqamlarının diqqət mərkəzinə çəkilməsini də əhəmiyyətli bir yanaşma kimi yüksək qiymətləndirirəm. Burada biz cənab Prezident tərəfindən pandemiyaya qarşı mübarizə istiqamətində aparılmış tədbirlərin sadəcə rəqəmlərlə ifadəsini yox, əksinə bu rəqəmlərin arxasında dayanan gərgin mübarizəni həm Bakı miqyasında, həm də qlobal miqyasda Azərbaycanın təqdim etdiyi yeni modeli, yeni nümunəni də bu hesabat siyasi cəhətdən də, iqtisadi cəhətdən də meydana qoya bilir.
    Bütün bunlara görə hesab edirəm ki, siyasi-iqtisadi cəhətdən əhəmiyyətli olan Nazirlər Kabinetinin hesabatı, həm də elmi cəhətdən də xüsusi əhəmiyyətə malikdir. Bütün hesabat boyu təqdim olunan cədvəllər, sxemlər, qrafiklər, təsvirlər 2020-ci ildə baş verən sosial-iqtisadi proseslərin dərin mənasını ayırd etməyə, ondan konkret nəticələr çıxarmağa şərait yaradır.
    Hesab edirəm ki, Nazirlər Kabinetinin təqdim etdiyi hesabat Azərbaycan cəmiyyətinin bütün istiqamətlər üzrə tam mənasını elmi cəhətdən də meydana qoyur və tam aydın şəkildə hazırlanmışdır. Parlament üçün, Azərbaycan cəmiyyəti üçün, hökumət üçun əhəmiyyətli olduğu qədər də elm adamları üçün də akademik yanaşmalarına görə əhəmiyyətli bir mənbə kimi qəbul oluna bilər. Deputat həmkarım Qənirə Paşayevanın fikrini dəstəkləyərək, Nizami Gəncəvi ilində Nizami Gəncəvi kimi dünya miqyaslı böyük sənətkarımız haqqında həm sənədli, həm də bədii filmin çəkilməsinə dəstək verilməsini, bu filmin xarici dillərə tərcümə olunmasını, səfirliklərimiz vasitəsilə dünya ölkələrində nümayış etdirilməsinə dəstək verilməsini faydalı hesab edirəm.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ