Sizin reklam burada
Sizin reklam burada

Şuşanın alınması qələbəmizin çox yaxında olmasından xəbər verirdi

Elçin Zeynalov,
Bakı şəhəri 52 saylı Notariat Ofisinin notariusu

Mənfur qonşularımız təpələrinə dəyən yumruqlardan çətin ki, ayılsınlar


Xalqımız tarix boyu çox acılar çəkmiş, müxtəlif dövrlərdə həddən-ziyadə haqsızlıqlara məruz qalmışdır. Son Vətən müharibəsi bir daha bu xalqın yenilməzliyini, onun məğrurluğunu sübut etdi. Sözsüz ki, həmişə ən böyük zərbəni mənfur qonşularımızdan almışıq. Bu barədə bir qədər sonra söhbət açacağam.
Bütün bu dediklərimə baxmayaraq, tariximiz kifayət qədər qürurverici səhifələrlə doludur. Mən bu sıraya ilk növbədə 28 may 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılmasını aid edərdim. Çünki məhz həmin tarixdə Azərbaycan adlı bir dövləti dünya tanıdı, özü də bir respublika olaraq tanıdı. Öz sərhədləri, öz milli atributları, öz ana dili olan bir ölkə dünya coğrafiyasında yer tutdu. Şuşanın alınması qələbəmizin çox yaxında olmasından xəbər verirdi
Ulu öndərimiz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranma səbəbləri barədə danışarkən deyirdi: “Müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycan torpağında yaranması onunla bağlı idi ki, həmin dövrdə - XIX əsrin sonu, XX əsrin əvvəllərində xalqımız milli azadlıq və müstəqillik arzusu, ümidi ilə yaşayırdı. Həmin illərdə vətənin mütərəqqi fikirli övladları, ziyalılar xalq kütlələrini milli özünüdərkə, dirçəlişə, azadlığa və müstəqilliyə çağırır, milli azadlıq hərəkatı ideyasını yayır və möhkəmləndirirdilər ki, bu da məntiqi olaraq Azərbaycan Demokratik Respublikasının yaranmasına gətirib çıxardı”.
Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin izlər qoydu. Cümhuriyyət qurucuları sübut etdilər ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyil.
Mən bunları əbəs yerə xatırlamadım. Noyabrın 22-də biz ədliyyəmizin 102 illiyini qeyd edəcəyik. Yada salaq ki, ədliyyə tariximiz də Cümhuriyyətin yaranması günündən başlayır. Çünki bu sahə Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi diqqət yetirdiyi sahələrdən biri idi. Bunu təsdiq edən yetərincə faktlar var. Təbii ki, bunlar barədə söhbət açmaq imkanı olmadığından, mən cəmi bir məsələyə toxunacağam. Belə ki, o vaxt Rusiya imperiyasından Azərbaycana miras qalan və iflic vəziyyətdə olan ədliyyə sisteminin bərpası və yeniləşməsi istiqamətində xeyli işlər görüldü və zəruri tədbirlər həyata keçirildi.
Bu da bir həqiqətdir ki, ədliyyəmizin əsl inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. 2003-cü ildən bugünədək isə cənab Prezident İlham Əliyevin ədliyyəmizin inkişafı istiqamətində gerçəkləşdirdiyi dövlət proqramları sözsüz ki, bu sahənin daha da irəliləyişinə səbəb oldu.
İndi Azərbaycan Böyük Qələbənin sevincini yaşayır. Sentyabrın 27-dən ta bu günüdək bizlərdən hər birimizin diqqəti Dağlıq Qarabağa yönəlib. Ali Baş Komandanın qələbə müjdələrini hər gün, hər saat gözləməyimiz artıq geridə qalıb. Cəbrayılın, Füzulinin, Zəngilanın, qəsəbə və kəndlərimizin faşist ermənilərdən təmizlənməsi xəbərləri hər birimizin yaralı ürəyinə sanki məlhəm çəkirdi. 30 il xalqımız bu dərdə dözdü, lakin sınmadı. “Ümid sonda ölür” deyiblər. Xalqımız bütün bu illər ərzində ümidini üzmədi. Öz dövlətinə, ölkə başçısına inandı. Bu müharibə xalq-iqtidar birliyini bir daha isbatladı.
Şuşanın işğaldan azad olunmasına bütün türk dünyası sevindi. Azərbaycan Prezidentinin sözləri ilə desək, “Qafqazın incisi” murdar erməni tapdağından xilas oldu. Həmin gün sevincdən göz yaşları tökənlərin sayı yüzlərlə idi. Çünki Şuşanın geri alınması döyüşlərdə böyük qəhrəmanlıq tələb edirdi. Azərbaycan əsgəri bunu da bacardı! İnanılmazı gerçəyə çevirdi. Halal olsun! Həmin gün Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyev xalqa müraciətində deyirdi: “Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim, Şuşanı azad etdik!”.
Əslində Şuşanın alınması qələbəmizin çox yaxında olmasından xəbər verirdi. Belə də oldu. düşmən diz çökdürüldü. Nikol Paşinyan təslimçilik aktına imza atmaq məcburiyyətində qaldı. Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin birgə imzaladığı bəyanata görə döyüşlər dayandırıldı. Razılığa əsasən təcavüzkar erməni ordusu dekabrın 1-dək digər rayonlarımızı könüllü olaraq tərk edəcək.
Bu qələbə tarixi bir hadisə kimi hamımızın yaddaşında qalacaq. Ordumuz döyüşərək torpaqlarımızı düşmən tapdağından azad etdi. Ümumiyyətlə, həm birinci, həm də ikinci Qarabağ savaşında şəhidlər verdik, dinc sakinlər öldürüldü. Allah onların hamısına qəni-qəni rəhmət eləsin, yaralananlar tezliklə şəfa tapsınlar.
Sonda bir məsələyə də toxunmaq istərdim. Sosial şəbəkələrdə bəziləri Rusiya sülhməramlılarının bölgəyə gəlməsindən əndişələndiklərini bildirir, az qala tarixi qələbəmizi heçə endirməyə çalışırlar. Belələri ya bunu anlamazlıqdan edir, ya da sadəcə cəmiyyətdə çaşqınlıq yaratmaq istəyir. Qısaca desəm, hər şey ölçülüb-biçilib və narahatlığa da dəyməz. Çünki qalib tərəf bizik, şərtləri də Azərbaycan tərəfi diqtə edib.
Eşq olsun xalqımıza!

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ