Bəradər Səməndərli
"KECMİS XATİRƏLƏR TƏZƏ DƏRD OLUR"
Xatirə yazardıq orta məktəbdə...
O hisslər necə də ülvidir, safdır.
Yazılan əsərdi insan həyatı,
Ömür xatirələrlə dolu kitabdır.
Əllərdən əllərə gəzərdi dəftər,
Götürüb gedərdik gündə birimiz.
Əvvəl vərəqləyib, sonra yazardıq,
Dəftərə köçərdi ürək sirrimiz.
Qızıl fondumuzdu məktəb illəri,
Uğur qapısına savad, açardı.
Dərsdə aldığımız yüksək qiymətdə,
Arzular, ümidlər qanad açardı.
Nə tez qabaqladı ahıllıq bizi?
Uçdu ömrümüzdən illər quş kimi.
O gözəl çağların könül bağında,
Yuvamız qalıbdı qaranquş kimi
Yollar daşlanarmış yaşa dolduqca,
Həyat imtahanı ağır şərt olur.
Bəradər, Sücaət doğru deyibdir;
"Keçmiş xatirələr təzə dərd olur."
NƏDƏN
Gərəksizlər qarşındadır, axtardığın tapılmayır,
Quru onunçun qurudur, kökündən isladılmayır.
Vicdan, qeyrət, abır, həya bazarlarda, satılmayır,
Ruh oynayıb çıxır başdan, ölüb-dirilir dəə bədən,
Bu, vicdansız doğulanlar vicdandan dəm vurur nədən?
Öz gözündə tiri görmür özgədə səhv axtaranlar,
Haqq-ədalət carçısıdır düz oturub, düz duranlar.
Kredit paltar geyinib, nisyə nəmər yazdıranlar,
Yansan, su tökmür ûstünə, özgədən pay umur nədən,
Bu, vicdansız doğulanlar vicdandan dəm vurur nədən?
Çalış, insan tək yaşayıb, insan kimi də ölə bil,
İnkir-minkir hesab vaxtı münafiqləri mələdir.
Təkəbbürü, təşəxxüsü qan təzyiqidir elə bil,
Çay kimi kükrəyir daşır, dəniz tək hayqırır nədən,
Bu, vicdandız doğulanlar vicdandan dəm vurur nədən?
Söz dilimi alışdırır, barmaqlarımsa qələmi,
Halal-haramdan danışır, ayda alanlar sələmi.
İlahi yoxdan var edib Bəradər, külli-aləmi,
Közü küldən götürənlər adamı yandırır nədən,
Bu vicdansız doğulanlar vicdandan dəm vurur nədən?
