Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi
Əgər bir gün məndən soruşsalar ki, “Cənnət haradadır?”, cavabım çox sadə olacaq: Cənnət bizi qarşılıq gözləmədən sevən, çətin günümüzdə yanımızda olan insanların yanındadır, deyərdim.
Bəzən düşünürəm ki, insanın yaşı artdıqca ehtiyacları azalır. Amma illər keçdikcə anlayırsan ki, dəyişməyən bir ehtiyac var: sarılacaq qollar, güvənəcək ürəklər və “mən buradayam” deyəcək doğmalar ...Bu qucağın ana olması da mümkündür, ata olması da… Bacı, qardaş, həyat yoldaşı, övlad, dost-rəfiqə. Adın heç bir əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan odur ki, insan ən çətin anında özünü tək hiss etməməsin.
Mən özümü bu baxımdan çox varlı və çox şanslı insan sayıram. Çünki həyatın sınaqlarından keçərkən yanımda əllərini buraxmayan iki gözəl qızım, doğmalarım, dostlarım, rəfiqələrim var. Onlar mənə sübut etdilər ki, əsl zənginlik bank hesabındakı pullar dollarlar və ya bahalı villalar maşınlar deyil, insanın ətrafındakı səmimiyyətlər və əsl doğmalıqlardır.
Mən cənnətə və cəhənnəmə dini anlamda toxunmaq istəmirəm. Mənim üçün insan öz əməlləri ilə yaşadığı həyatı ya cənnətə, ya da cəhənnəmə çevirir.
İnsan sevgisi, mərhəməti, sədaqəti və xeyirxahlığı ilə yaşadığı dünyanı cənnətə çevirə bilər. Kin, nifrət və xəyanətlə isə onu cəhənnəmə…
Mənim ətrafımdakı insanların da bir çox mənfi xusisiyyətləri var, o cümlədən mənim də.Yer üzündə ideal insan yoxdur. Amma onların qəlbindəki işıq, etdikləri yaxşılıqlar, göstərdikləri mərhəmət və çətin günlərdə uzatdıqları əl mənim üçün dünyanın ən böyük nemətidir. Hər şey qarşılıqlıdır.
İki qızımın sevgisi, doğmalarımın qayğısı, dostlarımın və rəfiqələrimin sədaqəti mənə bu dünyanın içində öz kiçik cənnətimi yaşadır.
Əgər bir gün məndən soruşsalar ki, “Cənnət haradadır?”, cavabım çox sadə olacaq: Cənnət bizi qarşılıq gözləmədən sevən, çətin günümüzdə yanımızda olan insanların varlığındadır, yanındadır, deyərdim.
