Sizin reklam burada
Sizin reklam burada
  • Özü yıxılan ağlamaz, Hikmət...

    55 yaşıma – yubiley ilimə öz-özümlə dialoq - açıq etiraf

    -Bir neçə aydan sonra yubileyindir, sürünə-sürünə - birtəhər 55 yaşına çatırsan. Gözlərində sevinc yoxdur. Nikbin halına şahid olmadıq... Səni kim və ya nə bu hala saldı? Ümumiyyətlə, sən kimsən?
    -Mən, 5 yaşında təfəkkürü işıqlanan, lakin sosial təsirlərdən erkən zınqı batan, yeniyetməlik və gənclik çağları yaşamayan, 55 yaşına lüzumsuz əngəl və çul-çuxa ilə gələn bir kölgəyəm. Adam olmaq, insanca davranıb hörmət və nüfuz qazanmaq istəyirdim, elə zənn etdim ki, yaxşlıq etsəm, bu mərtəbəyə ucalaram. Etdim də. Yaxşılıq adında nəyim vardı, hamısını xərclədim. Xeyli sonra anladım ki, bu yaxşılıqların 90 faizi (mənim zənnimcə) əmələ çevrilməyib, çünki adam olmayanı adam, kişi surəti olmayanı kişi, abırsızı abırlı... hesab edib əlimdəkiləri onlara vermişəm. Fəqət onların hamısı adam oldu, mən ola bilmədim...
    Məni özüm, öz düşüncəm bu hala salıb. Artıq çox gecdir. İstəsəm də onlara çata bilmərəm. Onların hərəsinin beş qatarı var, mən hələ bir qatara bilet almaq iqtidarında belə deyiləm...
    -Axı Allah “yaxşılıq et, yaxşılıq etməkdən yorulma” deyir...
    -Allah “yaxşlıq et” dedi, demədi ki, möhürlənmiş adamları peyğəmbər hesab et...
    -Səni daim pis vərdişlərdən uzaq gördük, çöhrəndən təbəssüm əskik olmadı, fəqət giley-güzarın iç dağlayır. Səbrin nə tez tükəndi?
    -Mən nə vaxt səbrli oldum ki? Şeytan səbrimi elə kökə salıb ki...
    -İncimə, bəlkə də günahkar özünsən.
    -Əlbəttə, günah məndədir. Bilirsən, hərdən içimdən bir səs hayqırır ki, artıq yükləri çiyinlərindən at, həddindən artıq təriflədiyin adamlar səni zərrə hesab edir, Hikmət, heç kimdə günah axtarma, buna sən özün zəmin yaratmısan. Səni kim məcbur etdi ki, vücudu və sözü bir qəpik etməyənləri Füzuli təhrində tərif et? Axı Allah da demişdi, hər şeyin artığı israfdır... İndi deyəcəksən, çörəkpulu üçün (buna) məcburdum. Acından ölərdin, bəti-bənizi tualet iyi verən zırramalara mələk deməzdin. Bax, yaxşı bax, ağzına çörək, əlinə qələm verdiklərin, zir-zibilini pöhrə çiçəklərə döndərdiyin adamların hamısı ev, mükafat, fəxri ad, orden, medal, diplom və daha nələr aldılar, sən isə min kilometrlərlə uzaqdan bu acı girdabları ürək ağrısı ilə seyr edirsən hələ də. Necədir, xoşuna gəlir? “Özü yıxılan ağlamaz” deyiblər, ağlama...
    -Sənə, sadəcə, acıyıram...
    -Mən Sözün çəpərində qultək işlədim, fəqət əməyimin qarşılığında mənə çörəyi para verdilər... Eh, dərd bir deyil ki, deyim sovuşar. Həyat mənii öz əlimlə əyri qaya kimi çapdı. Düşündüm, dəli olum, ürəyimi qubardan qurtarım. Gördüm, hamı doğuluşdan bu və ya digər şəkildə dəlidi onsuz...
    Səmimi deyirəm, yanımda biri ağlayanda mən ondan çox qəmə batdım. İmdad diləyənin dadına hamıdan qabaq yetdim. Ancaq hələ ki, nikbin bir surətə köklənə bilmirəm.
    Hər gün bəlkə də on dəfə danlaq götürürəm, yetən deyir – dəyiş, başqa Hikmət ol. İndən beləmi? Atalar nə deyib: “Qırxında öyrənən gorunda çalar”...
    -Bəs sən özün hansı qənaətdəsən, bəs için bu barədə sənə nə deyir?
    -Mən də, içim də - olduğun kimi qal, - deyir. Məqsədim Allahı – o hüdudsuz Sevgini qazanmaqdır. Dəyişmək fikrim yoxdur. Olsa-olsa, bir az israfçılığa – lüzumsuz tərifə son qoymağı düşünürəm. Bir də ki, “islanmışın yağışdan nə qorxusu”...
    -Biz də səninlə eyni fikirdəyik, olduğun kimi qal. Bunu dəfələrlə səndən eşitmişik, bunu sən demisən: “Allah deyir, yalnız yaxşılara deyil, pislərə də yaxşılıq et ki, mükafatın böyük olsun...”.
    -Mən elə bu üzdən dəyişmək istəmirəm. Umduqlarımı, istədiklərimi Allah verməsə də, dəyişməyəcəyəm. Çünki hər şey (pis və ya yaxşı nə varsa hamısı) Allahın istəyi ilə gerçəkləşir.
    -Bir neçə ay sonra 55 yaşın olacaq. Özünə nə arzu edirsən?
    -Yalnız səbr.

    Hikmətlə söhbətləşdi:
    Hikmət Məlikzadə

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ