1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk xalqlarının ortaq elmi düşüncəsinin, dil birliyinin və mədəni həmrəyliyinin təməl daşlarından biri olub. Bir əsr sonra həmin tarixi hadisənin dövlət səviyyəsində qeyd edilməsi Azərbaycanın öz tarixi missiyasına, Türk dünyasının ortaq dəyərlərinə və gələcəyinə verdiyi böyük önəmin parlaq ifadəsidir.
Bu fikirlər AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya elmləri doktoru Aynel Məşədiyevanın “Türk Dünyası Həftəsi” ilə bağlı təəssüratlarında yer alıb.
“Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci il 22 oktyabr tarixli Sərəncamı və tədbir iştirakçılarına ünvanladığı müraciət bir daha göstərdi ki, Azərbaycan Türk dünyasının həm siyasi, həm də elmi-mədəni inteqrasiyasının aparıcı mərkəzlərindən biridir. Dövlətimizin başçısının vurğuladığı kimi, Birinci Türkoloji Qurultayın ideyaları bu gün də aktuallığını qoruyur və türk dövlətləri arasında humanitar əməkdaşlığın möhkəmləndirilməsində mühüm ideoloji əsas rolunu oynayır.
Azərbaycan Prezidentinin uzaqgörən və ardıcıl siyasəti nəticəsində Türk dünyasının birliyinə xidmət edən bütün mühüm təşəbbüslər ön sırada dayanır. Ortaq tariximizin, dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin və mənəvi dəyərlərimizin qorunması istiqamətində həyata keçirilən siyasət yalnız Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının gələcəyinə hesablanmış strateji baxışın təzahürüdür”, - deyə dilçi-alim qeyd edib.
Aynel Məşədiyeva vurğulayıb ki, “Türk Dünyası Həftəsi” çərçivəsində keçirilən beynəlxalq elmi konfranslar, panel iclasları, sərgilər, kitab təqdimatları, sənədli filmlər, süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlanmış innovativ layihələr və zəngin mədəni proqramlar tədbirlərin məzmununa xüsusi dəyər qazandırıb. Dünyanın müxtəlif ölkələrindən alimlərin, türkologiya üzrə tanınmış mütəxəssislərin, dövlət xadimlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı bu mötəbər tədbirin qlobal elmi əhəmiyyətini bir daha nümayiş etdirib.
“Xüsusilə Birinci Türkoloji Qurultayın yeni stenoqrafik materiallarının nəşri, indiyədək müxtəlif səbəblərdən elmi dövriyyəyə daxil edilməmiş məruzə və çıxışların ictimaiyyətə təqdim olunması türkologiya elmi üçün mühüm hadisə oldu. Bu nəşrlər gələcək tədqiqatlar üçün zəngin mənbə olmaqla yanaşı, qurultayın elmi irsinin daha dolğun şəkildə bərpasına xidmət edir.
Bu baxımdan “Türk Dünyası Həftəsi” çərçivəsində təqdim olunan fundamental nəşrlər arasında “Birinci Türkoloji Qurultay” kitabı xüsusi yer tutur. Kitabın müəllifləri - Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova və filologiya elmləri doktoru Aysel Qəribli Birinci Türkoloji Qurultayın yaranma tarixini, onun keçirildiyi ictimai-siyasi mühiti, qəbul edilmiş qərarların elmi əhəmiyyətini və türkoloji fikrin inkişafındakı rolunu zəngin arxiv materialları və elmi mənbələr əsasında hərtərəfli araşdırıblar. Əsərdə qurultayın yalnız tarixi hadisə kimi deyil, həm də müasir Türk dünyasının elmi inteqrasiyasına istiqamət verən böyük ideya məktəbi olduğu əsaslandırılıb. Bu sanballı tədqiqat qurultayın zəngin elmi irsinin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Eyni zamanda, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədlinin “1926-cı il I Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” adlı fundamental əsəri “Türk Dünyası Həftəsi”nin mühüm elmi nəşrlərindən biri kimi xüsusi diqqət çəkir. Zəngin arxiv sənədləri və dövrün milli mətbuat materialları əsasında hazırlanmış bu kitab qurultayın tarixi, elmi və ictimai əhəmiyyətini obyektiv şəkildə işıqlandırmaqla yanaşı, onun zəngin irsinin gələcək nəsillərə çatdırılması və türkologiya elminin yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm elmi töhfədir.
“Türk Dünyası Həftəsi”nin ən mühüm yekun sənədi olan Xankəndi Bəyannaməsi elm, təhsil, dil siyasəti, mədəni irsin qorunması və ortaq tarixi yaddaşın yaşadılması istiqamətində türk dövlətlərinin gələcək fəaliyyət proqramını müəyyənləşdirən mühüm sənəd kimi xüsusi əhəmiyyət daşıyır”, - deyə alim bildirib.
Aynel Məşədiyeva qeyd edib ki, belə möhtəşəm tədbirin uğurla həyata keçirilməsində Mədəniyyət Nazirliyinin fəaliyyəti xüsusi təqdirəlayiqdir. Nazirlik tərəfindən həyata keçirilən məqsədyönlü təşkilati işlər nəticəsində “Türk Dünyası Həftəsi” həm məzmun, həm də təşkilati baxımdan ən yüksək beynəlxalq standartlara uyğun şəkildə reallaşdırılıb və Azərbaycanın mədəni diplomatiyasının növbəti uğurlu nümunəsinə çevrilib.
Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə görülən işlər xüsusi minnətdarlıqla qeyd edilməlidir. Akademik İsa Həbibbəylinin peşəkar elmi təşkilatçılığı, türkologiya elminin inkişafına göstərdiyi ardıcıl diqqət nəticəsində yubiley tədbirləri yüksək elmi məzmun və beynəlxalq nüfuz qazandı. AMEA-nın alimləri Birinci Türkoloji Qurultayın irsinin yenidən araşdırılması, yeni elmi nəşrlərin hazırlanması və türkoloji elmin aktual istiqamətlərinin müəyyənləşdirilməsi sahəsində mühüm nailiyyətlər əldə ediblər.
“Türk Dünyası Həftəsi” bir daha sübut etdi ki, yüz il əvvəl Bakıda irəli sürülmüş elmi ideyalar bu gün də yaşayır, inkişaf edir və türk xalqlarını ortaq məqsədlər ətrafında birləşdirən güclü mənəvi dayağa çevrilir. Azərbaycan isə Prezident İlham Əliyevin rəhbərliyi ilə bu tarixi missiyanı uğurla davam etdirərək Türk dünyasının elmi, mədəni və humanitar inteqrasiyasının əsas hərəkətverici qüvvələrindən biri kimi çıxış edir.
“Bu möhtəşəm tədbirlər silsiləsi göstərdi ki, Azərbaycanın həyata keçirdiyi siyasətin mərkəzində yalnız milli maraqlar deyil, eyni zamanda, Türk dünyasının ortaq gələcəyi, ortaq elmi düşüncəsi, ortaq mədəni irsi və mənəvi dəyərləri dayanır. Məhz buna görə “Türk Dünyası Həftəsi” təkcə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunması deyil, həm də Türk dünyasının gələcək inkişaf strategiyasını müəyyənləşdirən tarixi hadisə kimi qiymətləndirilməlidir”, - deyə alim fikrini yekunlaşdırıb.
